az
Bütün xəbərlər

Səbail rayon MKS-nin 3 saylı filialında “məlumat saatı” keçirilib

12-04-2017, 18:34
Səbail rayon MKS-nin 3 saylı filialında “məlumat saatı” keçirilib

Aprelin 12-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Səbail rayon MKS-nin 3 saylı filialında Azərbaycanın Milli Qəhrəmanlarına həsr olunmuş “Adlarını tarixə qanları ilə yazanlar” başlığı altında “məlumat saatı” keçirilib.

“Məlumat saatı” zamanı Səbail rayon MKS-nin 3 saylı filialının oxu zalının müdiri G.Məmmədova aprel ayında anadan olan Azərbaycanın Milli Qəhrəmanları Qorxmaz Eyvazov, Alı Mustafayev, Mikayıl Cəbrayılov haqqında məlumat verərək bildirib ki, Qorxmaz Abış oğlu Eyvazov 1967-ci il aprel ayının 1-də Laçın rayonun Güləbird kəndində anadan olmuşdur. 1985-ci ildə ordu sıralarına çağırılmış və Ukraynada hərbi xidmətdə olarkən 6 aylıq serjantlıq kursunu bitirmişdir. 10 fevral 1994-cü ildə Cəbrayıl rayonun Cocuq Mərcanlı kəndində Qorxmazın son döyüşü olur. O, düşmənin xeyli canlı qüvvəsini məhv etmiş və özü də bu döyüşdə həlak olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı Fərmanı ilə Qorxmaz Abış oğlu Eyvazova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.

Alı Mustafa oğlu Mustafayev 1952-ci il aprel ayının 14-də Qazax rayonunun Qazaxbəyli kəndində, fəhlə ailəsində doğulmuşdur. 1991-ci il noyabr ayının 19-da Dağlıq Qarabağın Qarakənd kəndi yaxınlığında sülhməramlı nümayəndələri aparan vertolyotun düşmən mərmisi tərəfindən vurulması nəticəsində şəhid olmuşdur.

Ölümündən sonra ona Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı Fərmanı ilə “Azərbaycan Milli Qəhrəmanı” fəxri adı verilmişdir.

Mikayıl Əhmədiyyə oğlu Cəbrayılov 1952-ci il aprel ayının 27-də Şəki rayonunun Oxut kəndində-Fransa partizan hərəkatının əfsanəvi döyüşçüsü Əhmədiyyə Cəbrayılovun ailəsində anadan olmuşdur.

Mikayıl dekabrın 15-də mühasirədə qalmış Cəmilli kəndinin əhalisi üçün ayrılmış 4 ton taxılı gətirmək üçün 15 nəfər əsgərlə Kosalar kəndinə yola düşür. Mikayıl Cəbrayılov çiynindən yara alır. Baş leytenant ermənilərin hücumunu qarşısını qəhrəmanlıqla alsa da, son anda döyüş meydanında həlak olur.

Ölümündən sonra “Qırmızı Ulduz” ordeni ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı Fərmanı ilə Cəbrayılov Mikayıl Əhmədiyyə oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.

Sonda Milli Qəhrəmanlarla əlaqədar hazırlanmış sərgiyə baxış keçirilib.

baku-art.az

Səbail rayon MKS-nin 3 saylı filialında “məlumat saatı” keçirilib

Səbail rayon MKS-nin 3 saylı filialında “məlumat saatı” keçirilib
Oxunma sayı : 323