az
Bütün xəbərlər

Yasamal rayon Heydər Əliyev Mərkəzində faşizm üzərində Qələbənin 70-ci ildönümü ilə əlaqədar dəyirmi masa keçirildi

7-05-2015, 11:10
 Yasamal rayon Heydər Əliyev Mərkəzində faşizm üzərində Qələbənin 70-ci ildönümü ilə əlaqədar dəyirmi masa keçirildi

Mayın 6-da Yasamal rayon Heydər Əliyev Mərkəzində 9 may-“Qələbə günü”nə həsr olunmuş dəyirmi masa keçirildi.

Dəyirmi masada Yasamal rayon Əmək və Müharibə Veteranları Şurasının sədri Almaz Qasımova, Böyük Vətən Müharibəsi Veteranları Ağasəməd Xudaverdiyev, Daməd Nəbiyev, Bəkir Məmmədov, Mehdi Mehdiyev,Yasamal rayon İcra Hakimiyyətinin əməkdaşı Vaqif Məmmədov iştirak etdilər.

Qonaqlar ilk olaraq Mərkəzin “Muzey” bölməsində Ulu Öndərin büstü önünə gül dəstələri qoyaraq Ümummilli Liderin əziz xatirəsini yad etdilər.

Yasamal rayon Əmək və Müharibə Veteranları Şurasının sədri Almaz Qasımova qeyd etdi ki, 1941-1945-ci illər müharibəsi zamanı Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq göstərib. 600 mindən çox azərbaycanlı cəbhəyə yollanıb, 170 min Azərbaycan əsgər və zabiti SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları İsrafil Məmmədov, Ruslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz qəhrəmanlığı ilə xalqımızın şərəfli tarixinə yeni sətirlər yazıblar. Biz daim qələbəyə gedən yolda olmuşuq və igidliyimizi də qanımızla, canımızla sübut etmişik.

Daha sonra müharibə veteranı Daməd Nəbiyev, Yasamal rayon İcra Hakimiyyətinin əməkdaşı Vaqif Məmmədov və başqaları Azərbaycan xalqının İkinci Dünya müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıqlar barədə danışdılar.

Sonda Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova məhz Ulu Öndərin 1994-cü ildə qəbul etdiyi qərarla 9 may - Qələbə gününün müstəqil Azərbaycanda dövlət bayramı kimi hər il təntənəli surətdə qeyd olunduğunu və ümummilli liderimiz tərəfindən bərpa olunan bu xeyirxah və nəcib ənənənin hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladı.

baku-art.az

 Yasamal rayon Heydər Əliyev Mərkəzində faşizm üzərində Qələbənin 70-ci ildönümü ilə əlaqədar dəyirmi masa keçirildi

 Yasamal rayon Heydər Əliyev Mərkəzində faşizm üzərində Qələbənin 70-ci ildönümü ilə əlaqədar dəyirmi masa keçirildi
Oxunma sayı : 522