az
Bütün xəbərlər

Gülarə Cabbarlının 85 illik yubileyi

10-02-2015, 16:39
Gülarə Cabbarlının 85 illik yubileyi

Gülarə Cəfər qızı Cabbarlı 1930-cu il fevralın 11-də Bakıda, görkəmli dramaturq, teatr və kino xadimi Cəfər Cabbarlının ailəsində anadan olmuşdur. 1948-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olaraq, 1953-cü ildə ali təhsilini başa vurmuşdur. 1968-ci ildə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində baş elmi işçi kimi işə başlamış, 1979-cu ildə C. Cabbarlının ev-muzeyinə direktor vəzifəsinə təyin olunmuşdur. Hal-hazırda prezident təqaüdçüsüdür.

C.Cabbarlının Bakıdakı ev-muzeyi Ümummilli lider Heydər Əliyevin sərəncamına əsasən, 1979-cu ildən fəaliyyətə başlamış, muzeyin rəsmi açılışı isə ulu öndər Heydər Əliyevin şəxsən iştirakı ilə 1982-ci il martın 22-də, dramaturqun 80 illik yubileyi ərəfəsində gerçəkləşmişdir. Cəfər Cabbarlının ev-muzeyi artıq 36 ilə yaxındır ki, fəaliyyətdədir. Bu Muzey uzun illər Gülarə Cabbarlının rəhbərliyi altında fəaliyyət göstərmişdir.

Görkəmli yazıçı-dramaturq Cəfər Cabbarlının həyat və yaradıcılığının tədqiqi və təbliğində, habelə muzeydə mütəmadi keçirilən ədəbi-bədii gecələrin, elmi konfransların təşkilində, respublikanın tanınmış ədəbiyyat, elm və incəsənət xadimlərinin xatirə günlərinin, yubileylərinin qeyd olunmasında Gülarə xanımın böyük zəhməti olmuşdur. Muzeyin respublikamızın seçilən və sevilən mədəniyyət mərkəzlərindən birinə çevrilməsi, qarşıya qoyulan məsələlərin uğurla başa çatdırılması, bir sıra layihələrin ictimaiyyət tərəfindən maraqla qarşılanması məhz Gülarə Cabbarlının gərgin əməyi və kollektivlə yaratdığı səmimi ünsiyyət, mehriban əməkdaşlıq sayəsində əldə olunmuşdur.Fəaliyyəti dövründə onun muzeydə gerçəkləşdirdiyi layihələr sırasında yazıçının 100 illik yubileyi münasibətilə təsis olunmuş “Cəfər Cabbarlı Mükafatı”nı, yazıçının əsərlərinin toplandığı “Mənim tanrım—gözəllik”, “XX əsr Azərbaycan incəsənətinin inkişafında Cəfər Cabbarlının rolu” adlı kitablarını, həmçinin, ədibin öz sözlərinə bəstələdiyi mahnılardan və şeirlərdən ibarət “Azad bir quşdum” adlı musiqi albomunu göstərmək olar. 2001-ci ildən Gülarə xanım eyni zamanda “C.Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım İctimai Birliyi”nin rəhbəri, “Cəfər Cabbarlı Mükafatı” komissiyasının sədridir.

Qeyd edək ki, hal-hazırda Cəfər Cabbarlının ev - muzeyinə Gülarə xanımın qızı Qəmər Bağırova rəhbərlik edir. Qəmər xanımın da Cəfər Cabbarlı irsinin öyrənilməsi və təbliğində böyük xidmətləri var. O, Azərbaycan Respublikasının ictimai -mədəni həyatında göstərdiyi səmərəli xidmətlərinə görə 2014-cü ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri Mədəniyyət İşçisi” döş nişanı ilə təltif edilmişdir.

2015-ci il fevralın 11-də Gülarə xanımın 85 yaşı tamam olur. Yubileyi münasibəti ilə biz bütün mədəniyyət işçiləri adından Gülarə xanımı təbrik edirik, ona uzun ömr, can sağlığı arzu edirik!

baku-art.az
Oxunma sayı : 1252