az
Bütün xəbərlər

Görkəmli kinorejissor Şamil Mahmudbəyovun 90 illik yubileyi keçiriləcək

2-02-2015, 10:44
Görkəmli kinorejissor Şamil Mahmudbəyovun 90 illik yubileyi keçiriləcək

Fevralın 4-də, saat 17.00-da Dövlət Film Fondunda görkəmli kinorejissor Şamil Mahmudbəyovun 90 illik yubileyi keçiriləcək.

Dövlət Film Fondundan bildiriblər ki, tədbir Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun dəstəyi ilə keçirilir.

Tədbirdə görkəmli sənətkara həsr edilmiş fotosərgi nümayiş etdiriləcək, sənət dostlarının xatirələri dinlənəcək.

Azərbaycanın əməkdar incəsənət xadimi, Respublika Dövlət Mükafatı Laureatı, kinorejissor Şamil Fərəməz oğlu Mahmudbəyov kinoda debütü “Əyri yolla qazanc” qısametrajlı bədii filmində olub.

Bundan sonra o, “Romeo mənim qonşumdur” musiqili komediyasını, “Qaraca qız” kinonovellasını, müxtəlif janr və mövzuda “Torpaq. Dəniz. Od. Səma”, “Həyat bizi sınayır”, “Dərviş Parisi partladır”, “Şərikli çörək” və.s filmlər çəkib. Rejissor “Şərikli çörək” filminə görə 1970-ci ildə Azərbaycan Dövlət Mükafatına layiq görülüb.

Ş.Mahmudbəyov kinoda aktyor kimi də özünü sınayıb. O, “Yenilməz batalyon” filmində Qaçaq Əlimərdan, “Fəryad” filmində erməni Samvel rollarını ustalıqla ifa edib. Bundan başqa rejissor bir neçə sənədli film və “Mozalan” satirik kinojurnalı üçün kinosüjetlər də çəkilib.

baku-art.az
Oxunma sayı : 337