az
Bütün xəbərlər

Qarabağ musiqi tarixi

21-08-2014, 17:08
Qarabağ musiqi tarixi

İlk yazılı ədəbi abidəmiz olan "Kitabi-Dədə Qorqud" dastanında musiqi ilə bağlı bir sıra parçaların mövcudluğu, dastan boyunca müxtəlif musiqi alətlərinin adlarının çəkilməsi Azərbaycan musiqisinin qədimliyinə əyani sübutdur. Azərbaycan musiqi tarixində mühüm yer tutan Qarabağın musiqi tarixi də öz qədimliyi və özünəməxsusluğu ilə seçilir.

Qarabağ musiqi tarixində öz qədimliyi ilə seçilən aşıq sənətidir. Tarixən Quzey Azərbaycanın aşıq bölgələrindən biri də Qarabağ aşıq mühiti olmuşdur. Qarabağda poeziyada ən mürəkkəb formalı şeirlərin bədahətən deyilməsinə görə aşıqlar sınağa çəkilirdilər. Aşıq Valehin dövründə Qarabağ aşıq mühitində aşıq musiqisi ifaçılığı artıq öz "çiçəklənən" dövrünə qədəm qoymuşdur. Aşıq Valeh sözün əsl mənasında böyük sənətkar idi. "Qarabağ şikəstəsi", "Kəsmə şikəstə", "Baş Sarıtel" və "Orta Sarıtel" də məhz Aşıq Valehin yaradıcılığının məhsuludur. XVIII əsrdə yaşamış Sarı Aşıq əsasən bayatılarıyla tanınır. O, "bayatı qoşmaq qadın işidir" deyənlərə meydan oxuyaraq yaradıcılığında bu janra üstünlük vermişdir. Aşıq Məhəmməd (1834-1914), Aşıq Əziz (1825-1918), Aşıq Hüseyn (1800-1880), Aşıq Əli (1807-1917), Aşıq Ələsgər (1821-1926), Molla Cümə (1855-1919) və başqalarının yüksək sənətləri Qarabağın aşıq sənətinin inkişafına öz müsbət təsirini göstərmişdir. İlk Azərbaycan professional qadın aşığı olan Aşıq Pərini də Qarabağ yetişdirmişdir.

XIX əsrin birinci yarısından başlayaraq Şuşada incəsənətin müxtəlif sahələri ilə birlikdə xanəndə sənəti də daha sürətlə inkişaf edirdi. Xanəndəlik sənəti Azərbaycanın başqa yerlərinə nisbətən Qarabağ mahalında, daha çox və xüsusilə Şuşa şəhərində inkişaf etmişdir. Bu şübhəsiz, təsadüfi bir hal olmayıb, Şuşanın coğrafi şəraiti, digər tərəfdən isə şəhərin geniş mədəni-iqtisadi münasibətləri ilə əlaqədar idi.

Xanəndəlik sənətinin inkişafı ilə əlaqədar olaraq keçən əsrin 70-80-ci illərində Şuşada musiqi salonları, məclisləri, dərnəklər və musiqi məktəbləri yaranmışdır. Şuşada musiqi məktəbinin yaradıcıları Xarrat Qulu və Molla İbrahim olmuşdur. Professor Bülbül qeyd edir ki, tələbələr 13-14 yaşına kimi Molla İbrahimin, 14 yaşından yuxarı isə Xarrat Qulunun məktəbində musiqi dərsi keçirdilər.Xarrat Qulu Məhəmməd oğlu (1823-1883) o dövrün ən məşhur musiqişünası olmuşdur. O, klassik Şərq musiqisini kamil bilirdi. Həm də ilhamlı şeirlər yazırdı. Onun bir çox şeirləri və qəzəlləri məlumdur. Xarrat Qulunun özünün də gözəl səsi olmuşdur. Məhərrəmlik təziyəsini keçirmək məqsədilə Xarrat Qulunun təşkil etdiyi məclisə Şuşanın yaxşı səsi olan gənclərini cəlb edib şəbih səhnələri oynamaqla yanaşı, eyni zamanda onlara oxumağın, muğamatın, sirlərini də öyrədirdilər.

Xarrat Qulunun ölümündən sonra Şuşada məşhur xanəndə Hacı Hüsü və görkəmli alim və müsiqişünas Mir Möhsün Nəvvab tərəfindən “Musiqişünaslar məclisi” yaradılmışdır. Bu məclisdə şeir, musiqi və sənətin estetik problemləri müzakirə olunar, xanəndələrin düzgün oxumağına və ustalığına diqqət verərdilər.

Azərbaycanda ilk Şərq konserti 1901-ci ilin yayında keçirilmişdir. Dramaturq Əbdürrəhim bəy Haqverdiyevin rəhbərliyi altında Şuşada “Xandəmirovun teatrı”nda keçirilən bu konsertdə məşhur sənətkarlar Cabbar Qaryağdı oğlu, Keçəçi Məhəmməd, Məşədi Dadaş, tarzən Sadıqcan, Məşədi Zeynal , Ata Bağdagüloğlu, aşıqlardan Abbasqulu, Nəcəfqulu və başqaları iştirak etmişdilər. Konsertdə bir tamaşaçı kimi iştirak edən Realni uçilişin fransız dili müəllimi, sonralar məşhur jurnalist Əhməd bəy Ağayev həmin konsert haqqında yazmışdır:

“... Tamaşaçılar böyük ehtirasla, orijinal türk musiqisini və xalq mahnılarını dinləyirdilər ”. (“Kaspi”. 11 yanvar 1902. № 9)

XIX əsrin 90-cı illərində Şuşada bir sıra ədəbi, musiqi və incəsənət məclisləri olmuşdur. Bu məclislərdən musiqişünaslar məclisi (rəhbəri Nəvvab), xəttatlar məclisi (rəhbəri Kərbəlayı Səfixan), xanəndələr məclisi (rəhbəri Hacı Hüsü), nüsxəbəndlər məclisi (rəhbəri Məşədi Əkbər), nəqqaşlar məclisi (rəhbəri Kərbəlayı Səfərəli və Nəvvab), memarlar məclisi (rəhbəri Kərbəlayı Səfixan) və s. məclislər olmuşdur. Şübhəsiz ki, bu məclislərin fəaliyyəti nəticəsində Şuşa şəhəri böyük incəsənət və musiqi mərkəzinə çevrilmişdi.

XX əsrin əvvəllərində Şuşa mədəniyyət və istirahət məskəni kimi hamının nəzər-diqqətini cəlb edirdi. Şəhərin iki-üç mərtəbəli yaraşıqlı evləri, rahat mehmanxanaları, qəşəng hamamları, soyuq bulaqları, rəvac mallarla dolu olan mağazaları, xüsusilə hamının diqqətini cəlb edən güllü-çiçəkli bulvarı, “Yay klubu”, burada göstərilən maraqlı teatr tamaşaları və hər evdən ucalan musiqi avazları səyyahları heyran edərdi. Məhz buna görə də Şuşaya “Qafqazın konservatoriyası” deyərdilər.

Beləliklə, Şuşa XX əsrin əvvəllərində Qafqazın həm konservatoriyası, həm də Azərbaycanın musiqi beşiyi idi. O zaman Qafqazın harasına getsəydin orada çalıb-oxuyanın şuşalı olduğunu görərdin. Təsadüfi deyildir ki, Şuşaya həm də istedadlar məskəni deyərdilər. Bu istedadlar isə Şuşa ədəbi-musiqi məclislərinin və Qarabağ vokal məktəbinin yetirmələridir.

XIX əsrin sonu XX əsrin əvvəllərində Qarabağın yetişdirdiyi ən görkəmli nümayəndələrdən biri də dahi bəstəkar, Şərqdə ilk operanın banisi, böyük dramaturq, ilk liberetto müəllifi, musiqili komediya janrının yaradıcısı Azərbaycan himninin müəllifi Üzeyir Hacıbəylidir (Hacıbəyov).
Qafqazın konservatoriyası, Azərbaycan vokal məktəbinin beşiyi kimi məşhur olan Şuşada XX əsrin 20-ci ilinə kimi həyat qaynayırdı. Yay ayları hətta Orta Asiyadan, Rusiya, İran, və Türkiyədən gələn qonaqlar bu ömür uzadan şəhərin səfalı meşələrindən, sərin bulaqlarından, məsum uşaq qəlbi kimi pak olan havasından həzz alırdılar. Qarabağ xanəndələrinin xoş avazından doymurdular.

Hər evdən, hər ağac kölgəsindən, hər bulaq başından Qarabağ xanəndələri öz qonaqlarına Azərbaycan musiqisindən qəribə hekayətlər söyləyirdilər. Hələ o vaxt deyərdilər: “Şuşanın uşaqları ağlayanda “Segah”, güləndə isə “Şahnaz” üstündə gülərlər.

Cəsarətlə demək olar ki, Şuşanın verdiyi musiqi istedadlarını dünyanın heç bir ölkəsi verməmişdir. Şuşa –Xurşidbanu Natəvanın, Mir Möhsün Nəvvabın, ifaçılardan Xarrat Qulunun, Hacı Hüsünün, Sadıqcanın, Məşədi İsinin, Əbdülbağı Zülalovun, Cabbar Qaryağdıoğlunun, Keçəçi oğlu Məmmədin, Məşədi Məmməd Fərzəliyevin, İslam Abdullayevin, Seyid Şuşinskinin, Bülbülün, Zülfi Adıgözəlovun, Xan Şuşinskinin, Rəşid Behbudovun, Məşədi Cəmil Əmirovun, Qurban Pirimovun, bəstəkarlardan Üzeyir Hacıbəyovun, Zülfüqar Hacıbəyovun, Fikrət Əmirovun, Niyazinin, Əfrasiyab Bədəlbəylinin, Soltan Hacıbəyovun, Əşrəf Abbasovun, Süleyman Ələsgərovun vətənidir. Bu hələ Şuşa musiqiçilərinin tam siyahısı deyil.

“İtaliya vokal məktəbi” Avropa musiqi tarixində hansı mövqeyi tutursa, “Şuşa vokal məktəbi” də Şərq musiqi tarixində eyni mövqeyi tuturdu. Vaxtı ilə Şuşanı “Qafqazın İtaliyası” da adlandırmışlar.

baku-art.az
Oxunma sayı : 1116