az
Bütün xəbərlər

Qəhrəmanlar

21-08-2014, 16:59

Səməd bəy Mehmandarov (1855-1931)

Səməd bəy Mehmandarov–Rusiya İmperator ordusunun artilleriya generalı , Azərbaycan Xalq Cumhuriyyətinin hərbi naziri, sovet hərb xadimi.

Səməd bəy Mehmandarov 1855-ci il oktyabrın 16-da Lənkəranda anadan olmuşdur. Əslən Şuşalıdır. Bakıda gimnaziya təhsili almış, 16 yaşında Peterburqda yerləşən II Konstantinovka artilleriya məktəbinə daxil olmuşdur. 1875-ci ilin dekabrında podporuçik rütbəsi almış və üçüncü dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif edilmişdir. 1890-cı ildə kapitan , 1898-ci ildə podpolkovnik, 1901-ci ildə polkovnik, 1904-cü ildə general-mayor rütbəsi almışdır. Rus-Yapon müharibəsində böyük rəşadət göstərmiş S.Mehmandarova 1908-ci ildə tam artileriya generalı rütbəsi verilmişdir.

I Dünya müharbəsi başlanarkən Varşava ətrafında xidmət edən general S.Mehmandarovun komandir olduğu 21-ci piyada diviziyasının tərkibində dörd alay var idi. Diviziya komandiri S.Mehmandarov Lodz istiqamətində aparılmış döyüşdə alman generalı Makenzonun ordusu üzərində qələbə əldə etmişdir.

1915-ci ildə general S. Mehmandarov korpus komandiri təyin edilmişdi. 1917-ci ilin əvvəlində Rusiyanın bütün hərbi ordenləri ilə, eləcə də İngiltərənin, Fransanın, Rumıniyanın bir neçə hərbi ordenləri ilə təltif edilmişdi.

1917-ci il fevral burjua inqilabı baş verərkən S.Mehmandarov Qafqazda idi. General S.Mehmandarov Azərbaycan Xalq Cümhuriyyəti hökümətində 1918-ci ilin 25 dekabrından Hərbi Nazir vəzifəsini tutmuş və müstəqil Azərbaycanın qısa müddətdə 30 minlik ordusunu yaratmağa nail olmuşdu. Sovet hakimiyyəti qurulduqdan sonra Nəriman Nərimanovun şəxsi zəmanəti əsasında hərbi fəaliyyətini davam etdirmiş və Azərbaycanda yaradılmış hərbi komandirlər məktəbində1921-1928-ci illərdə müəllimlik etmişdir.

General Səməd bəy Mehmandarov 12 fevral, 1931-ci ildə Bakıda vəfat etmişdir.


Şirin Mirzəyev(1947-1992)

Əslən Şuşanın Mirzələr kəndindən olan Şirin Mirzəyev 1947-ci il yanvar ayının 5-də Xankəndində dünyaya göz açmışdır. Nizami adına beynəlmiləl orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yola düşmüşdür. Bir müddət Bakıda yerləşən Daxili Qoşunlar alayında xidmət etdikdən sonra 1967-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) şəhərindəki Ali Siyasi Hərbi məktəbə qəbul olmuş və 1971-ci ildə hərbi təhsilini müvəffəqiyyətlə başa vurub təyinatla İrəvana göndərilib. 1988-ci ildə Hərbi Siyasi Aakdemiyada təhsil alaraq, Daxili Qoşunlar alayında 15 illik xidmət yolu keçmişdir. 1991-ci ilin oktyabr ayında bütün maneələrə və təqiblərə baxmayaraq, polkovnik-leytenant Şirin Mirzəyev respublikamızda ilk nizami özünümüdafiə batalyonunu min bir əziyyətlə yaratdı. Artıq 1992-ci ilin may ayında üç tabordan ibarət alay yaradıldı. Ş.Mirzəyev Ağdam rayonunun həm hərbi komissarı və həm də alay komandiri kimi məsul vəzifələri çox bacarıqla yerinə yetirirdi. 1992-ci il mart ayının 28-də Şirin Mirzəyevin və onun tərəfdarlarının səyi nəticəsində respublikada 1-ci olan tabor yaradıldı və ürəyi Vətən sevgisilə çırpınan podpolkovnik Şirin Vəli oğlu Mirzəyev Ağdam rayon ərazi özünümüdafiə taborunun komandiri seçildi. O 18 iyun 1992-ci ildə Sırxavənd istiqamətində aparılan döyüş əməliyyatı zamanı minaya düşərək həlak olub. Ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı ilə təltif edilib.

Şahlar Şükürov(1952-1990)

17 may 1952-ci ildə Kəlbəcər rayonunun Zülfüqarlı kəndində anadan olmuşdur. Məktəbi bitirdikdən sonra Azərbaycan Xalq Təsərrüfatı instutuna daxil olmuşdur. 1972-ci il təhsilini başa vurur və hərbi xidmətə çağırılır. Ordudan tərxis edildikdən sonra Ucar rayonu Daxili İşlər Şöbəsində çalışır. 1986-cı ildə Rostov Ali Polis Akademiyasını bitirmişdir. Zərdab rayonunda rəis müavini vəzifəsində çalışan Şahlar mayor rütbəsi almışdı. 1990-cı il 11 iyul Tərtər-Kəlbəcər yolu ilə hərəkət edən maşın karvanı erməni işğalçılarının hücumuna məruz qaldı burada son nəfəsinəcən vuruşan Şahlar qəhrəmancasına həlak oldu.

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Şükürov Şahlar Əvəz oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Kəlbəcər rayonunun Zülfüqarlı kəndində dəfn edilib.

Əlif Hacıyev(1953-1992)

24 iyun 1953-cü ildə Xocalı şəhərində doğulmuşdur. 1970-ci ildə məktəbi bitirərək, Xankəndi şəhərində sürücülük peşəsinə yiyələnmişdir. 1971-ci ildə ordu sıralarına çağırılmışdır. Hərbi xidməti Minsk şəhərində keçmişdir. 1974- 1984-cü illərdə Belorusiya DİN-nin və Azərbaycan SSR DQMV-nin daxili işlər orqanlarında müxtəlif vəzifələrdə işləmişdir. 1976-cı ildə SSRİ DİN-nin Frunze adına Xüsusi Orta Milis Məktəbinə daxil olmuşdur. O, 1979-cu ildə həmin məktəbi bitirmiş, 1981-ci ildən təhsilini SSRİ DİN-nin Akademiyasında davam etdirmişdir.

DQMV-də işləyərkən uzun müddət fəaliyyət göstərən gizli millətçi mərkəzi ifşa etməyə çalışmışdır. Buna görə də erməni millətçiləri onu saxta ittihamlarla günahlandıraraq, 10 il həbs cəzasına məhkum etmişdilər. 1987-ci ildə işinə yenidən baxılmış, 10 il həbs cəzası 6 ilə endirilmişdi. Sonra o, bəraət almış, azadlığa buraxılmışdır.

Ə.Hacıyev 1990-cı ildə Xocalıya qayıdır və Dağlıq Qarabağ üzrə Təşkilat Komitəsində, Qarabağa Xalq Yardımı Komitəsində fəaliyyət göstərərək erməni millətçilərinə qarşı mübarizəsini yenidən davam etdirir. O, 1990-cı ilin dekabr ayında daxili işlər orqanlarına yenidən bərpa olunur və Xocalı təyyarə limanı xətt daxili işlər bölməsinə rəis təyin edilir. Eyni zamanda o, Xocalı Aeroportunun komendantı olur.

Qədim Xocalının başı üzərində real təhlükə yaranmışdı. Bunu çoxları kimi Ə..Hacıyev də görürdü. Nəhayət, həmin faciə günü yetdi. 1992-ci ilin fevral ayının 25-də Xocalı camaatı kəndi tərk etmək haqda ermənilər tərəfindən edilən xəbərdarlığı qəbul etməyib, paytaxtdan kömək gözlədi.

Əlif və onun dəstəsi səhər saat beşə qədər azğınlaşmış rus hərbiçiləri və erməni yaraqlıları ilə vuruşdular. Döyüşlər qeyri-bərabər qüvvələr arasında gedirdi. O, bu qanlı döyüşdə misilsiz qəhrəmanlıqlar göstərərək, bir dəstə dinc əhalini Ağdamın Şelli kəndinə tərəf təhlükəsiz yerə çıxardı. Əlif bir daha geriyə dönərək, yenidən döyüşə atıldı. Avtomatın darağını dəyişərkən düşmən gülləsi Qarabağ cəngavərinin qəlbinə sancıldı. Vətənini, torpağını canından əziz bilən Əlif, Qarabağ torpağında–Xocalı faciəsi zamanı şəhid oldu. Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü.

Əliyar Əliyev(1957-1992)

Əliyar Əliyev 1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qazyan kəndində anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. Hərbi xidməti başa vurduqdan sonra Saransk Dövlət Universiteti onu idman üzrə tanınmış mütəxəssis kimi müəllim işləməyə dəvət edir. 2 il Əliyar Əliyev həmin universitetdə müəllim işləyir. Atasının ölümü ilə əlaqədar kəndə qayıdır, qəsəbə orta məktəbində müəllim, "Məhsul" könüllü idman cəmiyyətinin rayon şöbəsinin məşqçisi vəzifəsində çalışır. Az vaxt içərisində onun təşkilatçılığı Həmkarlar İttifaqı könüllü bədən tərbiyəsi və İdman cəmiyyəti rayon şurasının sədrliyinə gətirir. Klassik güləş üzrə dəfələrlə respublika, ümumittifaq və beynəlxalq yarışların qalibi olub. Əliyarın Əliyev rəhbərliyi ilə yetişmiş 8 nəfər respublika və SSRİ çempionu olmuş, 1 nəfər isə olimpiya yığma komandasına üzv seçilmişdir.

Qarabağ müharibəsi başlayanda Əliyar Əliyev könüllü olaraq müharibə meydanına atılır. Əvvəlcə taborun kəşfiyyat bölməsinin komandiri, sonra tabor komandırının təchizat üzrə müavini təyin edilir. 1992-ci ildən isə tabor komandiri vəzifəsini daşıyır. Düşmənin canlı qüvvəsinin məhv edilməsində dəfələrlə igidlik göstərir. Əliyarın son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyində olub. Həmin döyüşdə tabor komandiri Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına həlak olublar. Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülür.


Pəhlivan Fərzəliyev(1958-1992)

7 sentyabr 1958-ci ildə Füzuli rayonunun Qobu Dilağarda kəndində doğulmuşdur. Doğma kənddə səkkizinci sinfi başa vurduqdan sonra Şuşa Kənd Təsərrüfatı Texnikumuna daxil olmuşdur. O, 1979-cu ildə orduya çağırılmışdır. 1986-cı ildə Orenburq Politexnik Universitetini bitirmişdir.

BTR-n ekipaj komandiri olan Pəhlivanın taqımı Füzuli rayonundakı sərhəd kəndlərinin qorunmasında mərdliklə vuruşurdu. Onun şücaəti nəticəsində Xələfşə kəndində bir erməni bölüyü və bir BTR məhv edilmişdi. 1992-ci il 11 apreldə taqım komandirinin son döyüşü olur.

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə baş leytenant Fərzəliyev Pəhlivan Əhliman oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Ramiz Qəmbərov(1962-1992)

Ramiz Qəmbərov 2 iyul 1962-ci ildə Şuşa şəhərində anadan olmuşdur. 1979-cu ildə H.Hacıyev adına Şuşa şəhər orta məktəbini bitirmişdir. 1980-ci ildə hərbi xidmətə çağırılmış, 1982-ci ildə ordudan tərxis olunaraq Şuşaya qayıtmışdır. 1986-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstituna daxil olmuşdur. Amma təhsilini başa çatdıra bilməmişdir. Erməni təcavüzkarlarının başlatdığı Qarabağ müharibəsi minlərlə qeyrətli Azərbaycan oğulları kimi Ramizi də torpaqlarımızın müdafiəsinə qalxmağa məcbur etmişdir. Ramiz 1988-ci ildən xalq hərəkatına qoşulmuşdur. O, 1992-ci ildə könüllü özünümüdafiə batalyonu yaratmış və bu batalyonun başçısı olmuşdur. Onun taboru Şuşa şəhərinin, Kərkicahan, Kosalar, Nəbilər, Qaybalı, Malıbəyli, Quşçular, Göytala kəndlərinin müdafiəsində mərdliklə vuruşmuşdur. 29 aprel 1992-ci ildə erməni işğalçıları Kosalar və Kərkicahan kəndləri yaxınlığındakı postlara hücum edən zaman Ramiz Qəmbərovun taboru döyüşə atılmış və bu döyüşdə cəsur komandir ağır yaralanmışdır. Bir gün sonra, 30 aprel 1992-ci ildə o dünyasını dəyişmişdir.

Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Qəmbərov Ramiz Bulud oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Ramiz Qəmbərov Şuşa şəhərində dəfn edilmişdir.

Oqtay Güləliyev (1962-1992)

10 noyabr 1962-ci ildə Laçın rayonunun Xaçınyalı kəndində doğulmuşdur. 1982-ci ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılmışdır. 1984-cü ildə Poltava Kooperativ İnstitutunun Bakı filialına qəbul olmuşdur.Laçın polisində işlədiyi dövr Erməni-Azərbaycan münaqişəsinin daha da kəskinləşdiyi bir dövrə təsadüf etdiyindən Oqtay Güləliyev də polis işçisi kimi ermənilərə qarşı əməliyyatlatda iştirak etmiş, uğurszluqla sona çatan "Daşaltı əməliyyatı" zamanı onun rotası mühasirəyə düşən 80 nəfər əsgəri təhlükəsiz zonaya çıxarmağa müvəffəq olmuşdur. Daha sonra Pircahan kəni yaxınlığında ağır yaralanmış, lakin müalicə olunaraq cəbhəyə qayıtmışdır. Oqtay Güləliyevin Laçın dəhlizini geri almaq üçün əməliyyat planı 1992-ci il sentyabrın 19-da uğurla başa çatmış və beləliklə Gorus-Şuşa yolu nəzarətə alınmışdır, lakin düşmən ərazini yenidən ələ keçirməyə müvəffəq olmuş və Oqtay Güləliyevin qüvvələri mühasirəyə düşmüşdür. Döyüşçülərini təhlükəsiz yerə keçirə bilsə də bu döyüşlərdə Oqtay Güləliyev özü qəhrəmancasına həlak olmuşdur. Ölmündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Cavad bəy Məlikyeqanov (1878-1942)

Cavad bəy Rza bəy oğlu 1878-ci ildə Şuşa qəzasının Tuğ kəndində anadan olmuşdu. İbtidai təhsilini məşhur maarifçi və tarixçi Mir Mehdi Xəzaninin ev məktəbində almış, sonra texniki məktəbi bitirmişdir. Rus, fars, alman, gürcü, erməni dillərini bilirdi.1909-cu ildə çar hakimiyyətinə qarşı mübarizə apardığına görə həbs olunaraq Bakıdan sürgün edilmişdir. 1914-cü ildə yenidən Bakıya qayıtmış, neft mədənlərində işləmişdir. 1917-ci ildə "Müsavat" partiyasının üzvü olmuş və partiyanın birinci qurultayında fəal iştirak etmişdir. Məlik-Yeqanov Zaqafqaziya seyminin müsəlman fraksiyasının üzvü olmuş, 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının üzvü olmuş kimi Azərbaycanın Müstəqilliyi haqqında İstiqlal Bəyannaməsinə imza atmış, Azərbaycan Cümhuriyyətinin banilərindən biri olmuşdur

Cavad bəy Məlik-Yeqanov 1919-cu ildə Lənkəranın general-qubernatoru təyin edilmiş, denikinçilərə qarşı mübarizə aparmışdır. Məlik-Yeqanov Türk Fəhlə Konfransının təşkilatçılarından olmuş, Mərkəzi Həmkarlar ittifaqının sədri vəzifəsində çalışmışdır. 1920-ci il mayın 11-də həbs edilmiş, ittiham aktı sübuta yetirilmədiyindən iyulun 19-da azad olunmuş, sonra yenidən həbs edilərək, 1921-ci il yanvarın 21-də azadlığa buraxılmışdır. Aprel işğalından sonra o, ümumiyyətlə, 6 dəfə həbs edilmişdir. Gizli "Müsavat" partiyasının üzvü ittihamı ilə 1931-ci ildə həbs edilərək, 10 il müddətinə sürgün edilmişdir.

Əvəz Verdiyev (1916-1945)

Əvəz Verdiyev 1916-cı ildə Laçının Quşçu kəndində anadan olmuşdur. 20 yaşı tamam olanda Bakıya getmiş, fəhlə gənclər məktəbində oxuya-oxuya Orconikidze adına maşınqayırma zavodunda işləmişdir.

1938-ci ildə Sovet Ordusuna çağırılmış, SSRİ-Finlandiya müharibəsində (1939–1940) iştirak etmişdir.

1940-cı ildə ordudan tərxis olunmuş və Bakıya qayıdıb əvvəllər işlədiyi zavodda çalışmışdır. İkinci Dünya müharibəsinin başlaması ilə əlaqədar 1941-ci ilin iyun ayında yenidən orduya çağırılmış, döyüşlərdə ağır yaralanmış, tezliklə sağalaraq cəhbəyə qayıtmışdır. Ukrayna və Polşanın azad edilməsi uğrunda döyüşlərdə iştirak etmişdir.

1944-cü il 2 avqust tarixində Polşanın Staşuv şəhəri uğrunda gedən döyüşdə göstərdiyi qəhrəmanlığa görə 23 sentyabr 1944-cü ildəSovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş və ona "Qızıl ulduz" medalı və Lenin Ordeni təqdim olunmuşdur.

Sonrakı döyüşlərdən birində ağır yaralanmış və 1 may 1945-ci ildə vəfat etmişdir. Polşanın Boleslaves şəhərində dəfn olunmuşdur.

Cəmil Əhmədov

Cəbrayıl rayonunun mərkəzində dünyaya göz açmış və 1942-ci ildə orduda xidmətə getmişdir. Hərbi məktəbdə təhsilini başa vuraraq leytenant rütbəsi aldıqdan sonra Belarusiyanın azad edilməsi üzrə döyüşlərdə fəal iştirak etmişdir.

Qvardiya leytenantı Cəmil Əhmədovun komandir olduğu bölmə 1944-cü ilin 25 iyulunda Tremlya çayını hamıdan əvvəl keçərək, suyun içində döyüş mövqeyini digər hissələrin gəlməsinə qədər əldə saxlamış və əməliyyatın qələbəsini təmin etdiyinə görə Sovet İttifaqı Qəhrəmanı adına təqdim edilmışdir.

Bundan iki ay sonra 1944-cü ilin 2 sentyabrında Polşa ərazisində həlak olmuş və Varşavada Sovet döyüşçülərinə aid qəbirstanlıqda dəfn edilmişdir.

Cəlal Bərgüşad (1924-1996)

Cəlal Bərgüşad 1924-cü il iyunun 22-də Azərbaycanın Qubadlı rayonunun Qəzyan kəndində anadan olmuşdur. Orta təhsilini Qubadlı kəndində fəhlə-gənclər məktəbində almış, II dünya müharibəsində iştirak etmiş, ağır döyüşlərin birində kantuziya olduğuna görə tərxis edilmişdir (1943). Bundan sonra Qubadlı rayon daxili işlər şöbəsində VAQ müdiri işləmişdir (1943-1946). Onun "Cənub taydan əsən meh" adlı ilk şeri də Qubadlıda çıxan "Avanqard" qəzetində dərc edilmişdir (1946). Azərbaycan Dövlət Universitetinin fılologiya fakültəsinin jurnalistika şöbəsini bitirmişdir. 1958-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində böyük redaktor vəzifəsində işləmişdir. Onun ssenarisi əsasında "Çoban Boran", "Göy göl", "Suren Adamyan", "Torpağın ətri", "Çinar yarpağı" televiziya fılmləri çəkilmişdir. "Babək" əsəri Tehranda (1984) farsca, "Qaçaq Nəbi" İstanbulda (1979) türkcə kütləvi tirajla çap olunmuşdur. Xidmətlərinə görə birinci dərəcəli "İkinci Dünya müharibəsi" ordeni (1986) və medallarla təltif edilmişdir.

1996-cı il iyulun 9-da vəfat etmişdir.

Xudu Məmmədov (1927-1988)

Xudu Surxay oğlu Məmmədov 1927-ci il dekabrın 14-də Ağdam rayonunun Mərzili kəndində anadan olmuşdur. Azərbaycanlı kristalloqraf-alim 1970-ci ildə geologiya-mineralogiya elmləri doktoru, 1973-cü ildə professor elmi adlarına layiq görülmüşdür. Xudu Məmmədov 1976-cı ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

1957-ci ildən Azərbaycan Elmlər Akademiyası Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun struktur kimya laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. Əsas elmi işləri kristallokimya sahəsindədir.

Silikat birləşmələrindən bir çoxunun quruluşunu müəyyənləşdirmiş, həmin birləşmələr sinfi ilə boratlar, karbonatlar, yarımkeçiricilər və s. arasında kristallokimyəvi qohumluq olmasını aşkara çıxar­mış, 50-dən çox üzvi liqandlı kompleks birləşmənin molekul və kristall quruluşunu öyrənmiş, tədqiqatlarında elektronoqrafiya, rentgen-spektral analiz və hidrotermal sintez üsullarından geniş istifadə etmişdir.Yüksək ixtisaslı elmi kadrlar hazırlanmasında müstəsna xidmətləri var. "Şərəf nişanı" ordeni və medallarla təltif edilmişdir.

Xudu Məmmədov 15 oktyabr 1988-ci ildə Bakıda vəfat etmişdir.


Valeh Bərşadlı (1927-1999)

Valeh Bərşadlı 6 iyul 1927-ci ildə Qubadlı rayonunun Eyvazlı kəndində dünyaya gəlmişdir. 14 yaşında könüllü hərbi xidmətə getmiş, 18 yaşında iki hərbi təhsil ocağını Bakı Zenit Artileriyası Məktəbini və Qırmızı Bayraqlı Kiyev Özüyeriyən Artileriyası Məktəbini bitirmişdir. 50 yaşında sovet ordusunda general-leytenant rütbəsi almış ilk azərbaycanlıdır. Müstəqil Azərbaycanın 1992-ci ildə ilk müdafiə naziri və Azərbaycan tarixində ilk müvəffəqiyyətli Goranboy və Ağdərə əməliyyatlarını həyata keçirmiş baş qərargah rəisi olmuşdur.

Valeh Bərşadlı 43 il SSRİ Silahlı Qüvvələrində xidmət etmiş, tağım komandirliyindən ən nəhəng ordulardan Almaniya Demokratik Respublikasında yerləşən sovet qoşun birləşmələrindən birinin müavinliyinə qədər yüksəlmişdir.

1999-cu il, 15 may tarixində vəfat etmiş və məzarı Fəxri Xiyabanda yerləşir.

Məhəmməd Əsədov(1941-1991)

Məhəmməd Nəbi oğlu Əsədov 1941-ci il dekabr ayının 5-də Zəngilan rayonunun Baharlı kəndində anadan olub. 1958-ci ildə orta məktəbi Zəngilan rayonunun Mincivan qəsəbəsində bitirib, həmin ildə Bakı Statistika Texnikumuna daxil olub. 1960-cı ildə həmin texnikumu müvəffəqiyyətlə başa vurub və Zəngilan rayonunda inspektor vəzifəsində çalışıb.

1965-ci ildə S.M. Kirov adına Azərbaycan Dövlət universitetinin “Maliyyə və kredit” fakültəsinə daxil olub.

1973-1975-ci illərdə onu Sumqayıt Şəhər Partiya Komitəsində sənaye şöbəsinin müdiri, 1975-1978-ci illərdə isə Təşkilat şöbəsinin müdiri vəzifəsinə təyin ediblər.

1978-ci ildə Məhəmməd Əsədov Ağsu Rayon İcraiyyə Komitəsinin sədri vəzifəsinə göndərilib. 1980-ci ildə qədər Məhəmməd Əsədov Moskva Təhlükəsizlik Akademiyasına göndərilib. 1982-ci ildə akademiyanı qırmızı diplomla başa vurub. Azərbaycan Təhlükəsizlik Nazirliyində məsul vəzifədə çalışıb.

1983-1986-cı illərdə Beyləqan Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində işləyib. 1988-1989-cu illərdə Ağdaş Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində işləyir. 1989-1990-cı illərdə bu fəaliyyətini Quba Rayon Partiya Komitəsinin birinci katibi kimi məsuliyyətlə davam etdirir.

Məhəmməd Əsədov 1990-cı ilin may ayında Azərbaycan Respublikasının Daxili İşlər naziri vəzifəsinə təyin edilir. Nazir işlədiyi müddətdə günlərinin çoxunu Qarabağ bölgəsində keçirir.

1990-cı il noyabr ayının 5-də Məhəmməd Nəbi oğlu Əsədova general-mayor rütbəsi verilir. 1991-ci ilin noyabr ayına qədər Daxili İşlər naziri vəzifəsində çalışır. Məhəmməd Əsədov göstərdiyi şücaətə görə müşavir kimi yüksək vəzifəyə təyin edilir.

Məhəmməd Əsədov 1991-ci il noyabr ayının 20-də dövlət xadimləri ilə birlikdə vertolyotla Ağdam şəhərinə uçur və Qarakənd səmasında vertolyot ermənilər tərəfindən vurulur və xalqımızın azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda gedən mübarizədə Məhəmməd Nəbi oğlu Əsədov da qəhrəmanlıqla, faciəli şəkildə həlak olur.

baku-art.az
Oxunma sayı : 1224