az
Bütün xəbərlər

Qarabağ abidələri

18-08-2014, 11:44
Qarabağ abidələri


Azərbaycanın Qarabağ bölgəsi dünyanın ən qədim insan məskənlərindən biri - 2 mln il yaşı olan Azıx mağarası insanlarının yaşadığı ərazidir. Azıx mağarası - Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz sıra dağlarının cənub-şərq yamacında yerləşən, Quruçay çayının sol sahilində mağaradır. Mağara Azərbaycanın Füzuli rayonu ərazisindədir. Təəssüflə qeyd etmək lazımdır ki, vaxtilə dünyanın ən qədim insanlarının yaşadığı bu mağaranın yerləşdiyi Azərbaycan torpağı 1993-cü ildən etibarən erməni işğalı altındadır və mağaranın işğaldan sonrakı vəziyyəti haqqında heç bir məlumat yoxdur. Qarabağ ərazisi paleolit dövrünün Quruçay mədəniyyəti yaradıcılarının Tunc və Dəmir dövründə mövcud olan və bir-birini əvəz edən Kür-Araz və Xocalı-Gədəbəy mədəniyyətlərinin davamçılarının yaşayış məskənidir.

Qarabağın dağlıq və düzən hissəsində aşkar edilmiş qədim daş abidələr-Xocalıdakı dolmenlər, Xankəndindəki kromlexlər, eləcə də Qarabağın müxtəlif yerlərindən aşkar edilmiş antik dövrə aid daş qutu qəbirlər həmin dövrün ideologiyasını-mənəvi düşüncə əks etdirən maddi mədəniyyət nişanələridir.Antik mənbələr Qarabağın qədim ərazisində-Uti, Arsak və Paytakaranda qədim şəhərlərin mövcudluğu barədə maraqlı məlumatlar verir. Bərdədə, Govurqalada(Ağdam), Qaraköpək təpədə(Füzuli), Ergi yaşayış yerində(Ağcabədi) və s. arxeoloji tədqiqatlar deyilənləri təsdiq edir.

Qarabağ bölgəsində arxeoloji abidələrdən başqa xeyli yerüstü xristian abidələri tədqiq edilmişdir. Belə abidələrə Qarabağın Bərdə, Ağcabədi, Ağdam, Füzuli, Ağdərə ərazisində, habelə Laçın və Kəlbəcərdə rast gəlinmişdir. Bu məbədlərdən ən məşhuru Çəncəsər(Qanzasar), Amaras, Yelisey, və Xotavəng məbədləridir. Onu da qeyd etmək lazımdır ki, albanlara məxsus xristian abidələri Azərbaycanın digər ərazilərində də (Qəbələ, Naxçıvan, Mingəçevir, Qazax, Tovuz, Şamaxı) mövcuddur.

Albaniyada Şərq xristianlığına məxsus memarlığın bütün növləri mövcud olmuşdur. Qarabağdakı Alban xaç daşları bir sıra mühüm lokal cizgiləri, bütün Alban yazılı daşlarının üzərində xristianlığa qədərki inamlar və kainat qüvvələrinin yerləşməsi ilə dini-bədii qanunlara tabe edilmiş özünəməxsus qrup təşkil edir. Alban xaçı xristianlığa qədərki inamların və kainatı dərk etmənin əlamətlərini özündə cəmləşdirən işarələrə malikdir. Onun bütün kompozisiyaları göylə-yerin əlaqəsi, günəş, işıq və məhsuldarlıq simvolu kimi əks olunmuşdur.İslam dininin qəbul edilməsi Albaniyada (Azərbaycanda) yeni bir mərhələnin başlanğıcını qoymuşdur. Azərbaycanın Qarabağ bölgəsində müsəlmanlıq dövründə çoxlu sayda məscid və minarələr inşa edilmişdir. Bununla bərabər burada xristian kilsələri və digər dini məbədlər də saxlanılmışdır.

XI-XII əsrlərdə memarlığın əsas istiqamətlərini əks etdirən Şirvan-Abşeron, Naxçıvan-Marağa məktəblərinin geniş yayıldığı dövrdə Arran (Qarabağ) memarlıq məktəbi də orta əsr Azərbaycan memarlığının sonrakı inkişafını müəyyənləşdirmişdir. Memarlıq və şəhərsalma, dekorativ-tətbiqi sənət sahələri inkişaf etməyə başlamış, epiqrafik abidələr də çoxalmışdır. Qarabağ zonasında çoxu müsəlman dövrünə aid olan 2000–dən artıq müxtəlif tarixi və mədəni abidələr qeydə alınmışdır. Bunların arasında yaşayış evləri, ictimai binalar, həmçinin dini tikililər, ziyarət yerləri vardır.

Füzuli bölgəsində Şeyx Yaqubun (XII əsr) türbəsi, Qoç Əhmədli Cümə məscidi, Hacı Ələsgər məscidi, Aşağı Veysəlli kəndindəki Mir Əli (XIV əsr) və Əhmədallar kəndindəki türbələr (XIV əsr), Şeyx İbrahim türbəsi (XVII əsr), Əhməd Sultan türbəsi, Cəlal türbəsi (h.t.1307), Horadiz kəndindəki Cümə məscidi, Dağlıq Qarabağ ərazisində Əsgəran qalası, Cəbrayıl rayonunda “Qız qalası”, Cəbrayılın Şıxlar kəndində türbə (1308) və d. türbələr, Ağdam bölgəsində Xaçın-Dərbənd kəndi yaxınlığında 12 künclü türbə, Ağdam Cümə məscidi (1870), türbələr, Ağdamın Abdal-Gülablı kəndində hamam binası (XX əsrin əvvəlləri), Ağdamın Şahbulaq məscidi, Bərdə şəhərindəki Tərtər çayı üzərində 12 tağlı körpü (XIV əsr), “Bərdə”, “Axsadan baba” türbələri (XIV əsr), Kərbalayi Səfxan Qarabaği tərəfindən Bərdə şəhərində tikilmiş qoşa minarəli “İmamzadə” məscid kompleksi (1868), “Bəhmən Mirzə” türbəsi, Şuşa şəhərində səkkiz bucaqlı türbə, Pənah xan qalası, Natəvanın evi, Mamayı məscidi, Məşədi Şükür Mirsiyab oğlunun məscidli karvansarayı, Culfalar məscidi, Hacı Yusifli məscidi, Saatlı məscidi, Yuxarı Gövhərağa məscidi, Aşağı Gövhərağa məscidi (XIX əsr), Xan evi, gimnaziya binası, Laçın ərazisində Qarasaqqal türbəsi, Soltan baba türbəsi, Şeyx Əhməd türbəsi, Sarı aşığın türbəsi (XV əsr), Cicimli kəndindəki türbələr, Quşçu kəndində “Uşaq qalası”, “Böyük bulaq” abidəsi (XV əsr), Həmzə Sultan sarayı (1761) da tariximiz üçün qiymətli maddi mədəniyyət nümunələridir.

XVIII əsrin II yarısında Qarabağda Bayat, Şahbulaq (Tərnəküt), Pənahabad (Şuşa) qalaları salınmış və həmin qalalarda bazar, karvansaray, məscid, hamam, və s. inşa edilmişdir. Ağdamda imarətlər, Pənah xana və nəslinə aid kümbəzlər tikilmişdir.Qarabağ xanlığı dövründə bir çox qalalar (Bayat, Şahbulaq, Pənahabad(Şuşa) tikilmiş, şəhər və qəsəbə tipli yaşayış məntəqələri yaranmışdır. Qarabağ xanlığının mərkəzi Şuşada yaşayış evlərinin, ictimai tikililərin interyerlərində divar naxışlarının gözəl və tipik nümunələri yaradılmışdır.Bu abidələrin çoxu Azərbaycanda memorial tikililərin əsas növünü təşkil edir. Hal-hazırda işğal altında olduğuna görə həmin abidələrin taleyi məlum deyil.

Beləliklə, tədqiqatlar Qarabağın maddi mədəniyyət irsinin Azərbaycanın maddi və mənəvi mədəniyyətinin tərkib hissəsinin olduğunu aydın şəkildə göstərir və bu barədə əks fikirlərin əsassız olduğunu sübüt etməyə əsas verir. Qarabağ abidələrinin bu günkü taleyinə gəldikdə XX əsrin sonlarında Ermənistanın törətdiyi pozuculuq fəaliyyəti, münaqişə və müharibə Azərbaycanın Qarabağ bölgəsində maddi mədəniyyət abidələrinin taleyini təhlükə altına qoydu.Müharibə ərəfəsində abidələrin qeydinə qalmağa imkan belə olmadı. Muzey eksponatlarının və kitabxanaların köçürülməsinə imkan verilmədi. Davam edən vandalizm Azərbaycanın əsrlərlə qoruyub saxladığı tarixi abidələrin çoxunu məhv etdi. Ulu əcdadlarımızın tarixi yaddaş rəmzi olan məşhur Xocalı qəbiristanlığını texnika vastəsilə darmadağın etdilər. Mənfurlar Xocalıda və Şuşada bu vandalizmi ifrat dərəcəyə çatdırdılar. Məşhur Xocalı-Gədəbəy mədəniyyətinin qədim beşiyi olan Xocalı kurqanlarını yer üzündən sildilər. Şuşada Azərbaycan mütəfəkkirlərinin heykəllərini avtomat güllələri ilə deşik-deşik etdilər. Şuşa muzeylərini dağıtdılar.Bəşəriyyətin ulu əcdadlarının beşiklərindən biri olan Azıx mağarası ermənilərin hərbi sursat anbarına çevrildi. İslam abidələri dağıdılıb yer üzərindən silindi. Alban xristian abidələri isə təmamilə saxtalaşdırıldı. Xalqımızın tarixi yadigarı olan Yelisey məbədi, Həsənriz məbədi və digər abidələrdə alban yazıları silindi. Həmin abidələrin albanlara məxsus olan əşyaları dağıdıldı. Yelisey məbədində saxlanılmış Alban hökmdarı III Vaçaqanın qəbri və sövməsindəki yazı təmamilə məhv edildi.

Füzuli rayonu Azıx mağarası


Qarabağ abidələri

Cəbrayıl rayonu Xudafərin körpüsü

Qarabağ abidələri

Kəlbəcər rayonu Alban məbədi

Qarabağ abidələri

Laçın rayonu Ağoğlan monastrı

Qarabağ abidələri

Şuşa rayonu Şuşa qalası

Qarabağ abidələri

Ağdam rayonu Xaçındərbənd türbəsi

Qarabağ abidələri

Qubadlı rayonu Laləzar körpüsü

Qarabağ abidələri

Xocavənd rayonu Tağlar mağarası

Qarabağ abidələri

Zəngilan rayonu Məmmədbəyli türbəsi

Qarabağ abidələri


baku-art.az
Oxunma sayı : 3593