az
Bütün xəbərlər

Qarabağ – Azərbaycan

14-08-2014, 16:12
Qarabağ – Azərbaycan

Qarabağ Azərbaycanın ən qədim tarixi vilayətlərindən biridir. Azərbaycan xalqının öz doğma torpağının bir parçasına verdiyi "Qarabağ" sözü ilk mənbələrdə hələ 1300 il bundan əvvəl işlənmişdir. Qarabağ əvvəllər bir tarixi-coğrafi anlayış kimi konkret məkanı bildirmiş, sonra isə Azərbaycanın geniş coğrafi ərazisinə aid edilmişdir.

"Qarabağ"ın Azərbaycanın konkret bir vilayətinin, bir bölgəsinin adı kimi formalaşması tarixi onun etimologiyasının daha elmi şəkildə izahına imkan verir. Çünki Azərbaycan dilində (həmçinin başqa türk dillərində) "qara"nın rəngdən başqa "sıx", "qalın", "böyük", "tünd" və başqa mənaları da vardır. Bu baxımdan, "Qarabağ" termini "qara bağ", yəni "böyük bağ", "sıx bağ", "qalın bağ", "səfalı bağ" və s. mənası kəsb edir.

Qarabağın ərazisi haqqında vaxtilə Qarabağ xanlığının vəziri olmuş Mirzə Camal Cavanşir "Qarabağ tarixi" (1847) əsərində yazırdı: "Qədim tarix kitablarının yazdığına görə Qarabağ vilayətinin sərhədləri belədir: cənub tərəfdən Xudafərin körpüsündən Sınıq körpüyə qədər - Araz çayıdır. İndi (Sınıq körpü) Qazax, Şəmsəddin və Dəmirçi-Həsənli camaatı arasındadır və Rusiya dövləti məmurları onu rus istilahı ilə Krasnı most, yəni Qızıl körpü adlandırırlar. Şərq tərəfdən Kür çayıdır ki, Cavad kəndində Araz çayına qovuşaraq gedib Xəzər dənizinə tökülür. Şimal tərəfdən Qarabağın Yelizavetpolla sərhədi Kür çayına qədər - Goran çayıdır və Kür çayı çox yerdən (keçib) Araz çayına çatır. Qərb tərəfdən Küşbək, Salvartı və Ərikli adlanan uca Qarabağ dağlarıdır".

Rusiya işğalı və müstəmləkəçiliyinin ilk dövründə Qarabağın ərazisi və sərhədlərinin belə dəqiq təsvir edilməsi onunla izah olunur ki, 1) bu faktı bilavasitə Qarabağın idarəsilə məşğul olan dövlət adamı yazır, başqa sözlə, həmin fakt rəsmi sənədlərə əsaslanan rəsmi sözdür, Rusiyanın xidmətində olan dövlət adamının rəsmi sözüdür; 2) digər tərəfdən bu fakt yalnız reallığa, təcrübəyə əsaslanmaqla qalmayıb ilk mənbələrlə də sübut olunur. Mirzə Camalın mövqeyinin doğruluğunu göstərmək üçün qədim tarix kitablarına istinad etməsi təsadüfi deyil. Göründüyü kimi, siyasi-coğrafi məkan olaraq, tarixdə həmişə "Dağlıq Qarabağ" deyil, bütöv halda, yəni Qarabağın bütün ərazisini - dağlarını, düzənlərini əhatə edən ümumi bir "Qarabağ" anlayışı olmuşdur. Başqa sözlə, "Dağlıq Qarabağ" anlayışı çox sonraların "məhsuludur", separatçılıq niyyəti ilə Qarabağın bir hissəsinə verilmiş addır.

Qarabağın tarixi – qan yaddaşımız

Qarabağdan bəhs edərkən qarşıya əvvəlcədən belə bir sual çıxır: Qarabağ haradır, Azərbaycanın hansı ərazilərini əhatə edir? Bu sualın cavabı bu gün daha aktualdır və erməni separatçıları tərəfindən törədilmiş "Dağlıq Qarabağ problemi"nin dərk edilməsi üçün mühüm əhəmiyyətə malikdir. Qoyulmuş suala cavab üçün ilk mənbəyə müraciət edək. Vaxtı ilə bu ərazini əhatə edən Azərbaycan dövlətinin – Qarabağ xanlığının vəziri olmuş Mirzə Camal Cavanşir Qarabağlı özünün "Qarabağ tarixi" (1847) əsərində bu məsələdən bəhs edərkən yazırdı: "Qədim tarix kitablarının yazdığına görə Qarabağ vilayətinin sərhədləri belədir: cənub tərəfdən Araz çayıdır - Xudafərin körpüsündən Sınıq körpüyə qədər . Şərq tərəfdən Kür çayıdır ki, Cavad kəndində Araz çayına qovuşaraq gedib Xəzər dənizinə tökülür. Şimal tərəfdən Qarabağın Yelizavetpolla (Gəncə quberniyası nəzərdə tutulur) sərhədi Kür çayına qədər – Goran çayıdır və Kür çayı çox yerdən (keçib) Araz çayına çatır. Qərb tərəfdən Küşbək, Salvartı və Ərikli adlanan uca Qarabağ dağlarıdır"

Dağlıq Qarabağ Azərbaycan Respublikasının qərb bölgəsidir, yəni ümumilikdə Qarabağın bir ərazisidir. Sovet hakimiyyəti dövründə, 1923-cü ilin iyulunda ərazisi 4,4 min kv.km yaxud Azərbaycan Respublikası ümumi ərazisinin 5,1 faizini təşkil edən Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdır. Vilayətin tərkibinə Şuşa, Əsgəran rayonu, adları dəyişdirilmiş və ermənicə səsləndirilən Hadrut rayonu , Mardakert rayonu, Martuni rayonu və vilayət tabeli Stepanakert (bu şəhərin adı Sovet hakimiyyətinin ilk dövrlərinə qədər Xankəndi idi) şəhəri daxil idi. Dağlıq Qarabağ indiki Azərbaycan Respublikasının tərkib hissəsidir. Hal-hazırda ətraf ərazilərlə yanaşı Ermənistan Respublikasının işğalı altındadır. Tarixən indiki azərbaycanlıların yaşadığı bölgədir.1820-ci ildən başlayaraq ermənilərin Azərbaycana kütləvi şəkildə köçürüldüyü ərazilərdəndir.

Dağlıq Qarabağ probleminin kökləri 18-ci əsrə qədər uzanır və daha qədimə getmir. Çünki ermənilər Qarabağda İran siyasi elitasının məqsədyönlü fəaliyyəti nəticəsində İran yaylasından və Anadoludan köçürülərək məskunlaşdırılmışlar. Tədricən çoxalan ermənilər ərazi iddiası ilə də çıxış etməyə başlamışlar. Hələ Qarabağ xanlığı dövründə onlar separatçı fəaliyyət göstərərək xanlığa xarici qüvvələrin yürüşlərini təşkil edirdilər. 1805-ci ildə Qarabağ xanlığı Rusiya tərəfindən işğal olunduqdan sonra buraya, həmçinin İrəvan, Naxçıvan ərazilərinə ermənilərin köçürülməsi intensivləşmişdir. Hətta Türkmənçay müqaviləsinə (1828 ci il) bu prosesi rəsmiləşdirən bəndlər də daxil edilmişdir.

20-ci əsrin əvvəllərindən isə ermənilər Qarabağ, İrəvan və Naxçıvan torpaqlarına real iddialarla cıxış etdilər və İran və Rusiyadan güclü dəstək gördülər. 1918-ci ildə bu məqsədlə Azərbaycanın hər yerində soyqırım törədildi. Məqsəd "Dənizdən Dənizə Böyük Ermənistan" yaratmaq idi. Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra qədim Azərbaycan torpağı- İrəvanın ermənilərə güzəştə gedilməsi (1918 ci ildə) ilə zahirən hər şey həll olunan kimi görünürdü. Sovet hakimiyyəti dövründə Zəngəzur və Göyçə də ermənilərə verildi. Beləliklə Rusiya və İran nəinki Türkiyə və Azərbaycanı ayırdı, həmçinin Naxçıvanı da Azərbaycandan qopardı. Sovet dönəmində dəfələrlə Qarabağı ermənilərə verməyə çalışsalar da, bu baş tutmamışdır.

Sovet İttifaqı dağılana yaxın artıq ermənilər Qarabağda silahlandırılmışdı və 1988 - ci ildən aktiv hərbi əməliyyatlara başladılar. Hərbi əməliyyatlar 1994-cü ildə atəşkəslə dayandırıldı və Dağlıq Qarabağ və ona qonşu digər Azərbaycanın 7 rayonu - Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan Ermənistan tərəfindən işğal edildi. Dağlıq Qarabağda separatçı rejim 1991 - ci ildə müstəqillik elan etmişdir. Heç bir beynəlxalq qanunun hüquqi tələblərinə cavab verməyən bu «müstəqillik» indiyə kimi haqlı olaraq dünyada heç bir ölkə tərəfindən tanınmamışdır.

Erməni təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizini itirdi. Bu təcavüz nəticəsində 20.000-ə yaxın insan həlak oldu, 50.000 nəfər yaralandı və əlil qaldı, milyondan artıq insan öz torpağından məhrum oldu, məcburi köçkün vəziyyətinə düşdü, 5000 insan itkin düşdü. Bundan başqa, müharibə və ərazilərin işğalı nəticəsində Azərbaycan böyük miqdarda sosial-iqtisadi zərərə məruz qaldı. Birbaşa və dolayı itkilərin ümumi miqdarı 60 milyard ABŞ dolları təşkil etdi.

Azərbaycan ordusunun müvəffəqiyyətli əməliyyatları nəticəsində 5 yanvar 1994-cü ildə Füzuli rayonunda strateji əhəmiyyətli Horadiz qəsəbəsi və 22 kənd düşməndən təmizləndi. Bunun ardınca Ağdam, Füzuli və Cəbrayıl rayonu ərazisinin bir hissəsi, Kəlbəcər rayonunda Bozlu, Təkəqaya, Babaşlar, Qanlıkənd, Çəpli, Susuzluq, Qasımbinəsi, Yanşaqbinə, Yanşaq, Bağırsaq, Qamışlı, Bağırlı yaşayış məntəqələri də düşməndən azad edildi. Çiçəkli dağı və b. strateji yüksəkliklər ələ keçirildi, Kəlbəcər-Laçın yolunun tunelə qədərki hissəsi nəzarət altına alındı. Azərbaycan Respublikası belə bir şəraitdə 8 may 1994-cü ildə Bişkek protokolunu imzaladı. Azərbaycanın düşmən üzərində hərbi uğurları sayəsində mayın 12-də cəbhədə atəşkəsə nail olundu.

1995-ci ilə qədər beynəlxalq təşkilatların Dağlıq Qarabağ haqda bir-çox bəyanatları oldu. BMT Təhlükəsizlik Şurası 822-ci (30.04.1993), 853-cü (29.07.1993), 874-cü (14.10.1993) və 884-cü (11.11.1993) qətnamələri qəbul edib və Ermənistandan bu qətnamələrin qərarlarına tabe olaraq qeyd-şərtsiz bütün hərbi birliklərini işğal edilmiş Azərbaycan torpaqlarından çıxarmasını tələb edib və edir. Lakin BMT Təhlükəsizlik Şurasının bütün bu qətnamələrinə baxmayaraq, Ermənistan əvvəlkitək Azərbaycan ərazilərini işğal altında saxlayır və qəsb olunmuş torpaqları fəal şəkildə məskunlaşdırır, bununla da beynəlxalq ictimaiyyətin iradəsinə məhəl qoymur.

1997-ci ilin yanvarından ATƏT-in Minsk qrupu (ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılmışdır. Azərbaycan, Ermənistan, Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveç qrupun üzvləridir. 1996-cı ilin dekabrından onun üç – Rusiya, ABŞ və Fransa həmsədrləri var) danışıqlar üçün ABŞ, Fransa və Rusiyadan ibarət üç həmsədrdən təşkil olunmuş yeni format yaratdı. Minsk qrupu münaqişənin dinc yolla nizamlanması üzrə bu günə qədər müxtəlif təklifləri işləyib hazırlayıb. Amma Ermənistan tərəfi danışıqları uzatmaqda davam edir.


Dağlıq Qarabağ bölgəsi və ətraf rayonların işğal tarixi

Dağlıq Qarabağ – 1988-1992 ( o cümlədən Şuşa – May 08,1992)

Laçın – May 18, 1992

Kəlbəcər – Aprel 2, 1993

Ağdam – İyul 23, 1993

Füzuli – Avqust 23, 1993

Cəbrayıl – Avqust 23, 1993

Qubadlı – Avqust 31, 1993

Zəngilan – Oktyabr 29, 1993

Azərbaycan üzrə təcavüzün qurbanları

Ölənlər – 20000

Şikəstlər – 50000

İtkinlər – 4866

Dağıntılar və zərərlər

Şəhər, kənd, qəsəbə – 890

Evlər – 102 000

İctimai binalar – 7000

Məktəblər – 693

Uşaq bağçaları – 855

Səhiyyə müəssisələri – 695

Kitabxanalar – 927

Məbədlər – 44

Məscidlər – 9

Tarixi yerlər – 9

Tarixi abidə və muzeylər – 464

Oxunma sayı : 1355