XƏBƏRLƏR
MƏLUMAT
“Zülmdən doğan işıq” adlı ədəbi-bədii sənədli filminin təqdimatı keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
07/05/2019 11:39

Mayın 6-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Şüvəlan qəsəbə Mədəniyyət evində C.Cabbarlının ev muzeyinin təşkilatçılığı ilə “Zülmdən doğan işıq” adlı ədəbi-bədii sənədli filminin təqdimatı keçirilib. Təqdimat Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı və dramaturq Cəfər Cabbarlının 120 illik yubileyinə həsr olunub.

Açılış zamanı C.Cabbarlının ev muzeyinin direktoru Qəmər Bağırova çıxış edərək qonaqları salamlayıb və C.Cabbarlının həyat və yaradıcılığı, xüsusilə istiqlal dövrü, sovet dövründə yaradıcılığının gizli saxlanılan məqamları haqqında danışıb.

Yaradıcı heyət adından çıxış edən ssenari müəllifi və rejissor Babək Abbaszadə və bədii rəhbər Tahir Tahiroviç filmdə dramaturqun Azərbaycan Demokratik Respublikasının Parlamentində gördüyü işlərdən, “İstiqlal” qəzetinin redaktoru kimi fəaliyyətindən, həbsxana dövründə yazdığı şeirlərdən, həmçinin şəxsi həyatının naməlum qalmış səhifələrindən bəhs edildiyini vurğulayıblar.

Sonra film nümayiş olunub. “Zülmdən doğan işıq” adlı ədəbi-bədii sənədli film tamaşaçıların geniş marağına səbəb olub.

Baxış sayı: 36278