XƏBƏRLƏR
MƏLUMAT
Zığ qəsəbə Mədəniyyət evi ilə Suraxanı rayon MKS-nin 3 saylı filialı “Xatirələr çırağında” adlı musiqili ədəbi-bədii gecə keçirib
ÜMÜMİ XƏBƏRLƏR
06/05/2019 09:40

Mayın 3-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Zığ qəsəbə Mədəniyyət evi ilə Suraxanı rayon MKS-nin 3 saylı filialının birgə təşkilatçılığı ilə şair və nasir, dramaturq, publisist, tərcüməçi, Azərbaycanın xalq şairi, Əməkdar İncəsənət Xadimi Nəbi Xəzrinin 95 illik yubileyinə həsr olunmuş “Xatirələr çırağında” adlı musiqili ədəbi-bədii gecə keçirilib.

Tədbir başlamamışdan öncə mədəniyyət evinin foyesində Kitabxananın şairin həyat və yaradıcılığından bəhs edən “Nəbi Xəzri-95” adlı şairin kitablarından, həyat və yarardıcılığına əks etdirən fotoşəkillərdən ibarət sərgi təqdim olunub.

Gecəni mədəniyyət evinin bədii rəhbəri Könül Əhmədova açaraq gələn qonaqları və tədbir iştirakçılarını salamlayıb. Şair Nəbi Xəzrinin yubiley gecəsinin çalışdığı Zığ qəsəbə Mədəniyyət evində keçirilməsindən məmnunluq hissi keçirdiyini bildirib.

Sonra qonaqları təqdim edərək sözü gecənin aparıcısı Azərbaycan Yazıçılar və Aşıqlar Birliklərinin üzvü, “Qızıl qələm” mükafatı laureatı “Aşıq Qurbanı” və “Məhsəti” şairlər məclisinin üzvü Xalidə İlyas qızı Turanlıya verib.

Aparıcı da öz növbəsində hər kəsi salamlayıb, şair haqqında ilk təəssüratlarını bölüşüb. Şairin öz səsi ilə söylədiyi bir şeiri video-çarx şəklində nümayiş olunub. Şairin həyat və yaradıcılığı haqqında Bilqeyis Səfərova məlumat verib. 

İlk olaraq  şairin balacalar üçün yazdığı “Bahar mənəm”, “Nənəm nağıl danışır”, “Dəniz niyə daşmayır” şeirlərini mədəniyyət evinin balaca fidanları böyük həvəslə söyləyiblər.

Gecə boyu şairin bir birindən gözəl “Dəniz, göy, məhəbbət”, “Ana dilim”, “Bəzən” adlı şeirləri məktəblilər  Sədaqət Şıxlı tərəfindən söylənilib. Sözlərinə yazılmış “Ağ çiçəyim”, “Külək”, “Qəlbimdə qaldı”, “naçar gedər”, “Nar ağacı, nar çiçəyi”, “Azərbaycan” mahnıları istedadlı xanəndə Rəşid Qarayev, gənc ifaçılar Anar Həmidli, Lamiyyə Nərimansoy tərəfindən ifa edilib.

Çıxış edən qonaqlar YAP Suraxanı rayon təşkilatının aparat rəhbəri Fərman Rəsulov, 65 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Natəvan Məmmədova, Beynəlxalq Rəsul Rza mükafatı laureatı, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, şair-publisist Tahirə Məğrur, Azərbaycan Qadınlar Cəmiyyətinin, Qazax Xeyriyyə Cəmiyyətinin və Yazıçılar Birliyinin üzvü Sədaqət Şıxlı, uzun illər Zığ qəsəbə Mədəniyyət evinin direktoru işləmiş Məleykə Hacıyeva şairin yaradıcılığından söz açıblar, şeirlərindən söyləyiblər.

Daha sonra çıxış edən şairin oğlu Arzu Babayev, öz növbəsində tədbirin təşkilinə görə ailə üzvləri və öz adından təşkilatçılara təşəkkürünü bildirib.

Sonda aparıcı şairin “Oxucularıma” adlı şeirini səsləndirib. Nəbi Xəzrinin ailə xatirələrini əks etdirən video-çarx nümayiş edilib. Tədbir gənc mügənni Ləmiyə Nərimansoyun ifasında səslənən sözləri Nəbi Xəzriyə aid, dahi mügənni və bəstəkar Müslüm Maqomayevin məşhur “Azərbaycan” mahnısı ilə başa çatıb.                             

Baxış sayı: 68649