XƏBƏRLƏR
MƏLUMAT
Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası gənc rəssam müsabiqəsində uğurla iştirak edib
ÜMÜMİ XƏBƏRLƏR
03/05/2019 11:12

Xəbər verdiyimiz kimi, Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Moskvada keçirilən uşaq rəsm müsabiqəsinə 8 rəsm əsəri təqdim edib. Müsabiqəyə 5 aprel tarixində yekun vurulub və qaliblər müəyyən edilib.

Mayın  2-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin  Mərkəzi Kitabxanasında müsabiqədə qalib gəlmiş gənc rəssamlarla görüş keçirilib.

Görüşü giriş sözü ilə Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova açaraq qeyd edib ki,1943-cü ildən başlayaraq hər ilin mart ayının  sonunda Moskvada keçirilən bu müsabiqə artıq ənənəyə çevrilib. 2019-cu ilin yazıçı-yubilyarların əsərlərinə çəkilmiş 400-dən çox rəsm müsabiqəyə təqdim edilib. Müsabiqədə Rusiya Federasiyası ilə yanaşı Azərbaycan, Belarus, Qazaxıstan və Qırğızıstanın gənc rəssamları iştirak edib. “Mən Moskvada olan zaman müsabiqənin nəticələrini öyrəndim və bu məni çox sevindirdi. Yasamal rayon MKS-i tərəfindən müsabiqəyə təqdim olunmuş 8 rəsmdən dördü münsiflər heyəti tərəfindən ən yaxşı rəsmlər siyahısına daxil edilərək albomda nəşr olunub. Albomda cəmi 66 rəsm nəşr olunub. Aleksandr Belyayevin “Amfibiya adam” əsərinə Rauf Məmmədovun çəkdiyi rəsm 1-ci yerə layiq görülüb və ona elektron kitab hədiyyə edilib”.

Tədbirdə Rauf Məmmədov çıxış edərək bildirib ki, o ilk dəfədir bu cür nüfuzlu müsabiqədə iştirak edir. Rəsm dərnəyinin müəllimi Nərmin Bəhmənova tədbirdə böyük ruh yüksəkliyi ilə çıxış edərək qeyd edib ki, gənc rəssamların qələbəsi Azərbaycanda olan bütün yaradıcı uşaqlara verilən yüksək qiymətdir, bu qələbə gənc rəssamları daha da ruhlandıracaq.

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin kitabxanasının müdiri Zenfira Əliyeva çıxışında bu cür müsabiqələrdə Azərbaycan uşaqlarının iştirak etməsinin vacibliyini bildirib və nəvəsi Sofiya Nəbiyevanın müsabiqəyə cəlb edildiyinə görə kitabxanaya minnətdarlığını bildirib. O, tədbir iştirakçılarına Ulu öndər Heydər Əliyevə həsr etdiyi “Tak dumayu ne ya odna” şeirini söyləyib.

Sonda Mərkəzi Kitabxana tərəfindən müsabiqədə iştirak edən uşaqlara  Çingiz Abdullayevin “Eramızın əzəlində sui-qəsd” və Kurt Davidin “Çingiz xan” kitabları hədiyyə olunub.

 

Baxış sayı: 19744