XƏBƏRLƏR
MƏLUMAT
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Laçına gedə bilsəm” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
20/05/2019 16:42

Mayın 17-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında Laçın rayonun işğal olunmasının 27-ci il dönümünə həsr olunmuş “Laçına gedə bilsəm” başlığı altında tədbir keçirilib.

Tədbirdə Laçın rayonundan olan ziyalı, şair Pərviz Məlik, Azərbaycan Respublikasının ilk qadın əməkdar hərbi jurnalisti Əntiqə Qonaq, Xətai rayon 64 saylı tam orta məktəbin şagirdi Aysun Məmmədova, Xətai rayon MKS-nin əməkdaşları və oxucuları iştirak ediblər.

İlk öncə Vətən torpaqları uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə baş kitabxanaçı Ağgül Mərdanova açaraq  bildirib ki,Azərbaycanın Laçın rayonunun Ermənistan tərəfindən işğal olunmasından 27 il ötür. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün davamı kimi Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan Laçın rayonu 18 may 1992-ci ildə işğal olunub.

Laçın rayonundan olan ziyalı, şair Pərviz Məlik bölgənin tarixi keçmişindən, əhalinin təcavüzkarlara göstərdiyi müqavimətdən, torpaqların müdafiəsi uğrunda şəhid olan həmyerlilərinin qəhrəmanlığından, məcburi köçkünlərə dövlət qayğısının əhəmiyyətindən danışıb və işğala tezliklə son qoyulacağına inamını ifadə edib.

Azərbaycan Respublikasının ilk qadın əməkdar hərbi jurnalisti Əntiqə Qonaq hərbi döyüşlərdə gördüyü, şahidi olduğu hadisələrdən bəhs edib.

Tədbirin bədii hissəsində işğal olunmuş torpaqlar haqqında, “Mən belə ölümün başına dönüm”, “Laçın işğaldan əvvəl”  adlı filmlər nümayiş etdirilb, vətənpərvərlik mövzunda şeirlər səsləndirilib.

Sonda Xətai rayon MKS-nin direktoru Həmidə Məmmədova bu qəbildən olan tədbirlərin vacibliyini vurgulayıb.

Baxış sayı: 74910