XƏBƏRLƏR
MƏLUMAT
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında 15 iyun Milli Qurtuluş günü münasibətilə tədbir təşkil olunub
ÜMÜMİ XƏBƏRLƏR
14/06/2019 15:00

İyunun 13-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında 15 iyun Milli Qurtuluş günü münasibətilə tədbir təşkil olunub.

MKS-in metodisti Fərəhnisə Məmmədova tədbiri giriş sözü ilə açaraq qeyd edib ki,  Azərbaycan xalqının milli qurtuluş günü — Azərbaycan Respublikasında rəsmi bayramlardan biri 1997-ci ilin 15 iyun günündən bayram elan edilib. 1997-ci ildən qeyd olunan bayrama 1998-ci ildən dövlət statusu verilib. 

Qonaq qismində iştirak edən Cəbrayıl rayonu Mərcanlı kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəlliməsi Səidə Quliyeva çıxış edərək,  Milli Qurtuluş Gününün əhəmiyyətindən danışıb. Bildirib ki, məhz 1991-1993-cü illərdə yaşanan sarsıntı və təlatümlər göstərib ki, yalnız fitri idarəçilik keyfiyyətlərinə, geniş siyasi dünyagörüşünə malik lider milli müstəqilliyi qorumaq və yaşatmaq kimi çətin missiyanın öhdəsindən gələ bilər. 1993-cü ilin iyununda Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycan cəmiyyətində, sözün həqiqi mənasında, xalqın böyük fəlakətlərdən qurtulmasına real zəmin yaradıb.

Tədbirdə Cəbrayıl rayonu Mərcanlı kənd tam orta məktəbinin və Xətai rayon 64 saylı tam orta məktəbin şagirdləri  Milli Qurtuluş günü ilə bağlı fikirlərini söyləyiblər və şeirlər səsləndiriblər.

Sonda Xətai rayon MKS-nin uşaq şöbəsinin müdiri Şahnaz Cəlilova söyləyib ki, Heydər Əliyevin Bakıya qayıdışı ilə bütün bu məsələləri, problemləri aradan qaldırmağa təkan verən yeganə amil xalqın inamının özünə qayıdışı olub.

Baxış sayı: 57906