XƏBƏRLƏR
MƏLUMAT
Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illiyi qeyd olunacaq
ÜMÜMİ XƏBƏRLƏR
20/05/2019 09:09

Prezident İlham Əliyev mayın 18-də Azərbaycanın Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illik yubileyinin qeyd edilməsi barədə Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illik yubileyinə dair tədbirlər planının hazırlanıb həyata keçirilməsi Mədəniyyət Nazirliyinə tapşırılıb.

Sərəncamda bildirilir ki, 2019-cu ilin may ayında Azərbaycanın Xalq yazıçısı Hüseyn Məmmədəli oğlu İbrahimovun anadan olmasının 100 illiyi tamam olur. Hüseyn İbrahimov yarım əsrdən artıq bir dövrü əhatə edən səmərəli ədəbi fəaliyyəti ilə müasir Azərbaycan ədəbiyyatının inkişafına töhfələr vermiş özünəməxsus yaradıcılıq üslubuna malik simalardandır. Ədibin uğurlu axtarışlarının nəticəsi kimi müxtəlif janrlarda meydana gətirdiyi əsərlərdə müasirlərimizin zəngin mənəvi aləmi dolğun əks etdirilib, mədəniyyət tariximizin yetirdiyi bir çox görkəmli simaların işıqlı obrazları parlaq bədii boyalarla təcəssümünü tapıb. Uzun illər Naxçıvanın ictimai-siyasi həyatının fəal iştirakçısı olmaqla Hüseyn İbrahimov regionda mədəni mühitin tarixi ənənələrinin qorunub saxlanılması və eləcə də müstəqillik ideallarına sadiq yaradıcı ədəbi qüvvələrin öz potensiallarını lazımınca gerçəkləşdirə bilmələri üçün böyük əmək sərf edib.

 

Baxış sayı: 6708