XƏBƏRLƏR
MƏLUMAT
Tanınmış rəssam Vədud Müəzzinin Bakıda növbəti fərdi sərgisi açılıb
ÜMÜMİ XƏBƏRLƏR
23/05/2019 16:46

Mayın 22-də Muzey Mərkəzinin sərgi qalereyasında tanınmış rəssam və heykəltəraş, musiqiçi Vədud Müəzzinin fərdi sərgisinin açılışı olub.

Sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Muzey Mərkəzinin dəstəyi ilə gerçəkləşib.

Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov çıxış edərək diqqətə çatdırıb ki, rəssamın ölkəmizdə ilk sərgisi 2002-ci ildə Prezident Heydər Əliyevin göstərişi və iştirakı ilə təşkil edilib. Daha sonra fırça ustasının 2013 və 2018-ci illərdə də Bakıda sərgiləri keçirilib: “Budəfəki sərgidə Vədud Müəzzinin realist üslubda yaratdığı 30 yağlı boya və 120 akvarel əsəri nümayiş olunur. Bu nümunələr içərisində qədim Bakı mövzusu və Azərbaycanın gözəl təbiətini tərənnüm edən əsərlər yer alır. İnanıram ki, bu sərgi paytaxtımızın mədəni həyatında hadisəyə çevriləcək. Çünki bu əsərlər böyük zövq və yüksək ustalıqla ərsəyə gəlib”.

Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov Vədud Müəzzini təbrik edərək bildirdi ki, sərginin açılışı əsl sənət bayramıdır. Çünki burada həm rəssamlar, həm də musiqiçilər bir araya gəlib: “Vədud təkcə rəssam deyil, həm də gözəl müğənnidir. Leonardo da Vinci deyir ki, rəngkarlıq poeziyadır - sən onu görürsən, poeziya isə musiqidir - sən onu eşidirsən”. Bu gün biz musiqi ruhlu əsərlərin yer aldığı sərgi ilə tanış olmaq imkanı qazanacağıq”.

Sənətşünas, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev rəssamın özünəməxsus üslubundan söz açıb. Bildirib ki, sərgidə qrafika əsərləri üstünlük təşkil edir: Vədud Müəzzin miniatür rəssamlığın geniş yayıldığı Ərdəbildə dünyaya gəlib və modernist ruhlu Türkiyədə təhsil alıb. Amma o nə miniatürə, nə də modernizmə meyl edib. Realizmə üstünlük verən rəssamın əsərləri həmişə böyük maraqla qarşılanır”.

Sonra rəssam-xanəndə üçün xalq mahnıları və muğamlardan ibarət qısa ifasını təqdim edib.

Sonda qonaqlarsərgiilə yaxındantanış olublar.

Qeyd edək ki, Vədud Müəzzin 1960-cı ildə Cənubi Azərbaycanın Ərdəbil şəhərində anadan olub. Rəssamlıq təhsilini Tehran İncəsənət Universitetinin Dekorativ incəsənət fakültəsində alıb. Daha sonra Türkiyənin Memar Sinan Universitetində təhsilini davam etdirib.

Rəssam İranın bir çox şəhərləri ilə yanaşı, bir sıra Avropa ölkələrində, ABŞ və Kanadada fərdi sərgisi təşkil olunub, qrup sərgilərdə iştirak edib. İranda onun rəsm əsərlərindən ibarət dördcildlik albom-kataloq nəşr olunub. O, həmçinin rəssamlıq və musiqinin sirlərini tələbələrinə öyrədir.

 

Baxış sayı: 11323