XƏBƏRLƏR
MƏLUMAT
Şüvəlan qəsəbə Mədəniyyət evi “Doğma yurdum, Azərbaycanım” adlı tədbir keçirib
ÜMÜMİ XƏBƏRLƏR
27/05/2019 13:27

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Şüvəlan qəsəbə Mədəniyyət evi Respublika gününün 101 illiyi ilə əlaqədar sərgi-konsert proqramı ilə qəsəbə sakinlərinin qarşısında çıxış edib.

Tədbir Mədəniyyət evinin həyətində, açıq havada keçirilib. Tamaşaçılara Cümhuriyyətin 101 illiyi ilə əlaqədar mədəniyyət evində fəaliyyət göstərən kurs və dərnəklərin əl işlərindən ibarət sərgi nümayiş edilib.

“Azərbaycan” mahnısının sədaları altında, bayramsayağı əhval-ruhiyyə ilə bəzədilən səhnəyə daxil olan aparıcı Vüsalə Zərbəliyeva Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə əlaqədar qısa məlumat verib. Bildirilib ki, Azərbaycan tarixinin şanlı səhifələrindən biri, xalqımızın milli azadlıq mücadiləsinin məntiqi nəticəsi sayılan və müasir dövlətçilik tariximizdə önəmli yerə malik olan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi olmaqla yanaşı, xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisidir. Sonra tədbirin bədii hissəsi açıq elan edilib. İfaçılardan Məsumə Əliyeva, Şəlalə Əmirova, İlham Behbudovun ifaları, qızlardan ibarət “Məşəl” rəqs kollektivinin, oğlanlardan ibarət “Gold” rəqs kollektivinin və ”Hüseyn” İdman klubunun gənc karateçilərinin çıxışları tamaşaçılarda çox böyük rəğbət hissi oyadıb. Tədbirdə həmçinin sintezator kursunun tələbəsi İslam Mirzəyev, saz kursunun tələbələri Xəyyam Məmmədzadə və Qayıbov Rəsul, qarmon kursunun tələbəsi Elçin Əlibəyovun çıxışları qəsəbə sakinləri tərəfindən maraqla qarşılanıb. Tədbir mədəniyyət evinin “Retro” instrumental ansamblının çıxışı ilə sona çatıb.

 

Baxış sayı: 71395