XƏBƏRLƏR
MƏLUMAT
Şuşanın işğalı - 27 " Qarabağın döyünən qəlbi "
ÜMÜMİ XƏBƏRLƏR
07/05/2019 14:06

Şuşanın dağları başı dumanlı,

Qırmızı qoftalı yaşıl tumanlı, 

Dərdindən ölməyə çoxdu gümanım.

Bu misralar məşhur xanəndə Xan Şuşinskinin ifa etdiyi mahnıdan götürülüb. Onilliklər keçəcək və təməli Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulmuş gözəllər gözəli Şuşanın başının üstünü həqiqətən dərd-ələm, göz yaşları alacaq. Bu göz yaşları sinəsi yaralı Şuşanın dumanı olacaq.

Qarabağın döyünən ürəyi, Azərbaycan musiqisinin beşiyi Şuşa 1992-ci il mayın 8-də Ermənistan tərəfindən işğal edilib. Bu şəhərdə yerləşən yüzlərlə tarixi abidə təhqirlərə məruz qalıb, məhv edilib.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon MKS-nın 6 saylı filialı mayın 7-də Şuşanın işğalının anım günü ilə əlaqədar 329 saylı orta məktəbin VIII sinif şagirdləri ilə söhbət aparıb.

Kitabxanaçı N.Quliyeva əvvəlcə Şuşanın tarixi, təbiəti, tarixi abidələri haqqında uşaqlara geniş məlumat verib. Qeyd edib ki, bu qədim və müqəddəs torpaq üçüncü onillikdir ki, erməni işğalçılarının tapdağı altındadır. Mədəni-maarif ocaqları, muzeylər, kitabxanalar, məktəblər, tarixi abidələr erməni vandalları tərəfindən yerlə-yeksan edilib.

XIX əsrin görkəmli Azərbaycan şairəsi Xurşud banu Natəvanın evi yandırılıb, Şərq memarlığının incisi və Şuşanın rəmzi sayılan "Gövhərağa" məscidi viran qoyulub, Üzeyir Hacıbəylinin və Bülbülün ev muzeyləri dağıdılıb. Şuşanın gerçək tarixi və mədəni siması yer üzündən silinmək üzrədir.

XX əsrdə Şuşa üç dəfə ermənilərin məkrli planlarının qurbanı olub. 1905-1907-ci illərdə şəhər işğal edilərək yandırıldı, 1920-ci ildə onun böyük hissəsi dağıdılıb, 1992-ci ilin mayında isə tamamilə işğal edilib. Şuşanın işğal günü Azərbaycan xalqının şüuruna endirilən böyük zərbə, hamımızın bağrını qan edən fəlakət, daim sızlayan yaradır. Qarabağ uğrunda mübarizədə yüzlərlə övladını qurban vermiş Şuşa gün gələcək, erməni işğalından azad ediləcək. Minlərlə məcburi köçkün sönmüş ocağına dönəcək və onu öz nəfəsi ilə yenidən alovlandıracaq. Şəhərin üzərində sevinc və azadlıq günəşi doğacaq. Qarabağ şikəstəsinin sədaları Cıdır düzünə yayılacaq.

Sonda şagirdlərdən Aişə Əhmədli, Adəm Sultanov, Kərim Hüseynov Şuşa haqqında bildiklərini danışıb, şeirlər söyləyiblər.

Baxış sayı: 53708