XƏBƏRLƏR
MƏLUMAT
“Şuşa övladlarını haraylayır”
ÜMÜMİ XƏBƏRLƏR
07/05/2019 14:45

Mayın 7-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon MKS-nin 2 saylı filialı Şuşanın işğalı günü ilə əlaqədar fəal oxucularla birlikdə “Şuşa övladlarını haraylayır” başlıqlı sərgi qarşısında söhbət keçirib.

İlk önçə sistem inzibatçısı M.Məmmədova Azərbaycan xalqının mədəniyyətinin, əsrarəngiz musiqisinin beşiyi sayılan, tarixi Azərbaycan torpaqlarının əbədi və ayrılmaz parçası, böyük alimlərin, bəstəkarların, şairlərin vətəni olan Qarabağın paytaxtı – Şuşa şəhərinin artıq 27 ildir ki, təcavüzkar Ermənistan Respublikasının işğalı altında olduğunu bildirib.

Şuşanın işğalı günü Azərbaycan xalqının şüuruna endirilən böyük zərbə, hamımızın bağrını qan edən fəlakət, daim sızlayan yaradır. Şuşa Azərbaycanın unikal mədəniyyət mərkəzlərindən biridir. Təbii gözəllikləri ilə seçilən bu şəhər milli memarlığımızın və orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsidir.

Milli-mənəvi dəyərlərimizi və musiqi ənənələrimizi daim yaşadan Şuşa mühüm iqtisadi, siyasi və mədəni əhəmiyyətə malik şəhər kimi təşəkkül tapanadək zəngin yol keçib, Qarabağ xanlığının mərkəzi olmaqla xalqımızın həyatında özünə məxsus rol oynayıb.

Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Əhməd bəy Ağaoğlu və digər görkəmli şəxsiyyətləri ilə tarixə düşən bu şəhər dünyada Azərbaycan muğamının beşiyi kimi tanınır. Şuşa torpağının yetişdirdiyi məşhur insanlar ona böyük şöhrət qazandırıblar.

Azərbaycana və dünyaya görkəmli şəxsiyyətlər bəxş etmiş bir diyar heç vaxt başqa xalqa məxsus olmayacaq. Düşmən Şuşanı fəth etməyə, onu diz çökdürməyə, əl altından kəndlərin və yaşayış məntəqələrinin tarixi adlarını dəyişdirməyə nə qədər çalışsa da,heç vaxt onun ruhunu qıra bilməyəcək.

Qarabağ uğrunda mübarizədə yüzlərlə övladını qurban vermiş Şuşa gün gələcək, erməni işğalından azad ediləcək. Minlərlə məcburi köçkün sönmüş ocağına dönəcək və onu öz nəfəsi ilə yenidən alovlandıracaq. şəhərin üzərində sevinc və azadlıq günəşi doğacaq.

 

Baxış sayı: 12880