XƏBƏRLƏR
MƏLUMAT
Şəkinin musiqi məktəbində ilk dəfə uşaq operası səhnələşdirilib
ÜMÜMİ XƏBƏRLƏR
07/05/2019 10:40

Mayın 6-da Şəki şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdləri tərəfindən bölgədə ilk dəfə olaraq Nizami Gəncəvinin “İsgəndərnamə” poemasının “İsgəndər və çoban” nağılı əsasında eyniadlı uşaq operası səhnələşdirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şəki Dövlət Regional Kollecində keçirilən premyerada musiqi məktəbinin direktoru, tamaşanın rejissoru Şəmsiyyət Əsgərova çıxış edərək, “Azərbaycan nağılları”nın motivləri və yazıçı Mir Mehdi Seyidzadənin ədəbi mətni əsasında hazırlanan uşaq operasının görkəmli bəstəkar, Xalq artisti Soltan Hacıbəyovun 100 illik yubileyinə həsr olunduğunu bildirib.

Diqqətə çatdırılıb ki, tamaşanın hazırlanmasında məktəbin müəllimləri – xormeyster Əfsanə Lətifova, konsertmeysterlər Aytən Müslümova, Yetər Cabbarova, rəqslərə quruluş verən Pərvin Mustafayeva, musiqi müşayiətçiləri Elbrus Mustafayev, Elşən Qaffarov və başqaları yaxından iştirak ediblər.

Sonra tamaşaya baxış olub.

Uğurla başa çatan premyeranın sonunda Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari Zeynalova çıxış edərək, məktəbin kollektivinə gələcək fəaliyyətində yeni yaradıcılıq uğurları arzulayıb.

Baxış sayı: 79130