XƏBƏRLƏR
MƏLUMAT
Səhnəmizin ən gözəl və ən uzunömürlü Leylisi
ÜMÜMİ XƏBƏRLƏR
02/08/2021 03:37

Həqiqət xanımı xatırlayarkən milli musiqimizin keçdiyi tarixi yola nəzər salmaq çox vacibdir. Bu musiqini yaşadan insanlar — Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Qurban Pirimov və başqaları ilk növbədə yada düşür. O insanlar ki, Həqiqət xanım onlardan dərs alıb, muğamları, xalq mahnılarını öyrənib.

Əsil adı Susən idi, Həqiqət adını isə sonradan götürüb. Soyadı isə Əliyeva idi. Rejissor Hüseyn Rzayevlə ailə qurduqdan sonra onun soyadını daşıyıb.

Həqiqət Rzayeva 1907-ci ildə Azərbaycanın dilbər guşələrindən olan Lənkəranda dünyaya göz açıb. İlk təhsilini Lənkərandakı Qızlar məktəbində alan Həqiqət xanım müəllimə olmağı arzulayıb, amma elə uşaqlığından valideynləri onda gözəl səs olduğunu hiss ediblər.

1923-cü ildə onun ilk arzusu reallaşıb. Belə ki, həmin il Həqiqət xanım Bakı Pedaqoji Texnikumuna daxil olub. Onu məktəbin dram dərnəyinə üzv yazıblar. Mahnılar oxuyur, səhnə əsərlərində oynayıb. Bakıda elə həmin vaxtlar “Damğa” adlı satirik teatrın açılması onun da həyatını dəyişib və Həqiqət xanım həmin teatrda işləməyə başlayıb.

1928-1932-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının muğam şöbəsində təhsil alan H.Rzayeva burada böyük sənətkarlarla qarşılaşıb.

Həqiqət xanım gələcəkdə opera müğənnisi olacağını heç ağlına da gətirməzdi. Amma Üzeyir bəylə tanışlığı onun taleyində çox əhəmiyyətli rol oynayıb. Üstəlik, bəstəkar Müslüm Maqomayevdən “Şah İsmayıl” operasına dəvət alması 20 yaşlı Həqiqət xanımın həyatında yeni bir dövrün başlanğıcını qoyub. Həqiqət Rzayeva bu obrazın üzərində çox işləyib və “Şah İsmayıl” operası böyük müvəffəqiyyətlə nümayiş etdirilib. Beləliklə, nəhayət ki, Ərəbzənginin ilk qadın ifaçısı “kəşf” olunub, Həqiqət Rzayeva sonralar 500 dəfədən çox bu rolu oynayıb.

1927-1952-ci illərdə Opera və Balet Teatrının solisti, muğam və xalq mahnılarımızın ifaçısı kimi tanınır. Ərəbzəngi (“Şah İsmayıl” - Müslüm Maqomayev), Leyli, Əsli, Telli (“Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Arşın mal alan” - Üzeyir Hacıbəyli), Şahsənəm (“Aşıq Qərib” - Zülfüqar Hacıbəyov) onun yaratdığı əsas səhnə obrazlarıdır.

Elə Leylini də böyük istedadla ifa edib. Deyilənə görə, bu rolu min dəfədən artıq səhnədə canlandırıb. Amma əfsuslar olsun ki, həmin tamaşaların heç birinin lent yazısı qalmayıb.

Həqiqət xanımın opera səhnəsindəki xidmətləri yüksək qiymətləndirilib, dəfələrlə orden, medallarla təltif olunub, ən başlıcası isə “Xalq artisti” fəxri adına layiq görülüb.

Həqiqət Rzayevanın kino fəaliyyətinə gəldikdə isə o, çox az filmdə çəkilib. “Ögey Ana” filmində Qəmər xala obrazını oynayıb.

Həqiqət xanım həm də pedaqoji fəaliyyətlə məşğul olub. Uzun illər Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində dərs deyib, Opera və Balet Teatrında məşqçi-pedaqoq kimi fəaliyyət göstərib.

Həqiqət Rzayeva 1969-cu il avqustun 2-də vəfat edib.

Bu böyük sənətkarın xatirəsi xalqımızın yaddaşından heç vaxt silinməyəcək, gələcək nəsillər onu böyük hörmət və məhəbbətlə xatırlayacaq.

Baxış sayı: 147