XƏBƏRLƏR
MƏLUMAT
Sabunçu rayon MKS-nin Mərkəzi Kitabxanasında "Sazlı-Sözlü Borçalı" Ədəbi Məclisinin növbəti toplantısı keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
16/05/2019 13:25

Mayın 12-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının Oxu zalında "Sazlı-Sözlü Borçalı" Ədəbi Məclisinin növbəti on dördüncü toplantısı keçirilib.

Şair-publisist Sədi Yaradanqulunun aparıcılıq etdiyi tədbir Azərbaycanın ölməz şairi Nizami Gəncəvinin vəfatının 810 illiyinə həsr edilib. Bu haqda Surxay Hətəm və Murtuz Fərhadoğlu məlumat verib.

Sonra Borçalı aşıqlarından olan aşıq Fikrət “Divani”-lə könülləri oxşayıb, söz Rəşid Hacılara verilib.

Məclisdə şairə Gülnarə Acalova, Minarə Sığnaq, Xalidə İlyasqızı, qəzəlxan Rəşid Vəkil, Bəxtiyar Buzovnalı şeirlər söyləyib, aşıq-şairə Ayşə Səyyadqızının, aşıq Toğrul Ayrımellinin, Fatimə Məmmədovanın ifaları səslənib.

Tədbirdə kitabxananın müdiri Nəcibə Hüseynovaya və kitabxanada çalışanlara məclis üzvləri tərəfindən təşəkkür edilib və söz kitabxananın əməkdaşı İlahə Məmmədovaya verilib.

Sədi Yaradanqulu növbəti məclisin 12 iyun 2019-cu ildə bu məkanda keçiriləcəyi və mövzunun iki hissədən ibarət olacağını elan edib. 

Məclisi aşıq Fikrət Cəfəroğlu və aşıq Toğrul Ayrımelli “Müxəmməs”lə sona yetiriblər.

Baxış sayı: 83686