XƏBƏRLƏR
MƏLUMAT
Sabunçu rayon MKS-nin 2 saylı filialı “Uşaq ailənin xoşbəxtliyi, xalqın gələcəyidir” adlı tədbir keçirib
ÜMÜMİ XƏBƏRLƏR
31/05/2019 14:13

Mayın 31-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 saylı filialı Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə 7 saylı bağçanın uşaqları ilə “Uşaq ailənin xoşbəxtliyi, xalqın gələcəyidir” adlı tədbir keçirib.

İlk öncə tədbiri metodist  Z.Məmmədova açaraq  qeyd edib ki, 1924-cü ildə ilk dəfə olaraq Böyük Britaniyada uşaqların hüquqlarının təmin edilməsi ilə bağlı bəyənnamə qəbul edilib. Eglantyne Djebb tərəfindən hazırlanan bəyənnamədə deyilib: "Bəşəriyyət məcburdur ki, uşaqları ən yaxşı şeylərlə təmin etsin".

Bayram münasibətilə uşaqları təbrik edib, onlara aydın səma, parlaq günəş və bol-bol sevinc arzulayıb. Səhərlərin atəş səsləriylə deyil, körpə gülüşləriylə açılmasını diləyib.

“Körpə gülüşü dünyanın sevinc himninə çevrilsin! Uşaqlar istər öz valideynləri, nənə-babaları, doğmaları, istərsə də ətraf mühitdə yaşayan digər insanlar, xüsusən böyüklər üçün həmişə sevinc mənbəyidir. Babalarımız, nənələrimiz, analarımız uşaqlara tarixən bir evin, bir ocağın gələcəyi, bir nəslin gələcəyi və nəhayət, bir millətin gələcəyi kimi baxıblar.

Dünyada ata-anaya, cəmiyyətə və dövlətə uşaq qədər xoşbəxtlik, sevinc gətirən heç bir şey yoxdur. Bu gün cəmiyyətin diqqətinin gələcəyimiz olan uşaqlara, onların sağlam və savadlı böyüməsinə, cəmiyyətdə öz yerini tutmasına yönəldilməsi mühüm əhəmiyyət kəsb edib. Azərbaycanın bugünkü gəncləri Azərbaycanın gələcəkdə dəyərli, layiqli vətəndaşları olacaqlar, müstəqil Azərbaycanı qoruyacaqlar. Mən sizin hamınıza - bütün Azərbaycan uşaqlarına bir daha cansağlığı, səadət və xoşbəxt gələcək arzulayıram” – deyə çıxışını yekunlaşdırıb.

Sonda uşaqlar şeir deyib, mahnı oxuyub, rəqs edib, şənləniblər.

Baxış sayı: 38691