XƏBƏRLƏR
MƏLUMAT
Qaradağ rayonunda Heydər Əliyevin 96-cı ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
08/05/2019 13:18

Mayin 6-da Qaradağ rayonunda Heydər Əliyevin 96-cı ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilib. Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatları, Azərbaycanın Rus icmasının sədri Mixail Zabelin və YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, Şura üzvləri və digər qonaqlar iştirak ediblər.

Tədbirdən öncə iştirakçılar ulu öndərin abidəsi önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər. Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bildirib ki, ulu öndər, ümummilli lider Heydər Əliyev Azərbaycan tarixinə müstəqil dövlətçiliyin siyasi, iqtisadi əsaslarını yaradan, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirən şəxsiyyət kimi düşüb. Başçı dövlət idarəetmə sistemində davamlı uğur və nailiyyətlərə yol açan vacib amillərdən biri də siyasi varislik ənənələrinin təmin olunması fikrini səsləndirib. Ümummilli liderimizin inkişaf strategiyasını inamla davam etdirən cənab İlham Əliyev Azərbaycanı Cənubi Qafqaz regionunun sürətlə inkişaf edən, sabit və qüdrətli dövlətinə çevirməyə müvəffəq olub. Milli Məclisin deputatı Mixail Zabelin bildirib ki, ümummilli lider Heydər Əliyev hər birimizin həyatında dərin iz buraxıb. O, hər şeydən əvvəl uzaqgörən siyasətçi idi. Heydər Əliyev öz siyasəti ilə, ilk növbədə, xalqımızın, cəmiyyətimizin birliyini təmin edib və qoruyub. Eyni zamanda bu il 14 iyul tarixində Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə təyin olunmasının 50 illiyinin qeyd olunacağı barədə məlumat verib. Deputat bilavasitə ümummilli liderin rəhbərliyi altında işlədiyini, hakimiyyətinin ilk dövrlərində belə ümumittifaq dövlətlərində böyük nüfuza sahib olduğunu qeyd edib. Ulu öndər Heydər Əliyevin siyasətini davam etdirən Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan daha da qüdrətlənib. Bu gün Azərbaycan daxili və xarici siyasətini müstəqil müəyyənləşdirən azsaylı ölkələrdən biridir.

YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin üzvü Aydın Hüseynov Azərbaycanın son onilliklər ərzində qazandığı uğurların ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə birbaşa bağlı olduğunu bildirib. Deputat bildirib ki, ölkənin iqtisadiyyatı tənəzzül etdiyi bir vaxtda Heydər Əliyev belə bir devizlə çıxış etdi:

“İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Həmin ərəfədə bu məsələnin reallaşacağı çox paradoksal görünürdü. Çünki biz iqtisadiyyatın güclü olmasından yox, zəif iqtisadiyyatdan və onun aradan qaldırılmasından danışa bilərdik. Həmin dövrdə o, Azərbaycanın gələcək inkişaf perspektivlərini çox dəqiq şəkildə müəyyənləşdirib. Heydər Əliyev ölkənin gələcəyinin, dövlətimizin inkişafının məhz iqtisadiyyatın inkişafından asılı olduğunu önə çəkib. “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev xalqımız qarşısında əvəzsiz tarixi xidmətlərindən danışıb. Bildirib ki, Azərbaycanın bugünkü inkişafı məhz ulu öndər Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin bəhrəsidir.

Sonda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tədbiri yekunlaşdıraraq qeyd edib ki, ümummilli liderimiz Heydər Əliyev həmişə Azərbaycan xalqının mənafeyini düşünən bir öndər olub, bu istiqamətdə apardığı ardıcıl və məqsədyönlü siyasət Onun bütün fəaliyyətinin əsasını təşkil edib.

Bu gün Azərbaycanda həyata keçirilən böyük tədbirlər məhz Heydər Əliyevin ölməz ideyalarının həmişəyaşar, əbədi olduğunu bir daha sübut edir. Ulu öndərimizin uzaqgörənliyi, müdrikliyi və fədakarlığı bu şəxsiyyəti təkcə Azərbaycan xalqının deyil, bütün dünya azərbaycanlılarının liderliyinə yüksəldib, ömür yolu isə Vətənə xidmətin parlaq nümunəsinə çevrilib.

Baxış sayı: 61250