XƏBƏRLƏR
MƏLUMAT
Qaradağ rayonu Heydər Əliyev Mərkəzində uşaq hüquqlarının öyrənilməsinə həsr olunmuş dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
03/06/2019 09:24

Mayın 23-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qaradağ rayonu Heydər Əliyev Mərkəzində “İnsan hüquqları aylığı” çərçivəsində “Uşaq hüquqları”nın öyrənilməsinə həsr olunmuş dəyirmi masa keçirilib. Uşaqlarla görüşdə Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səmayə Şıxəliyeva, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi, böyük məsləhətçi Ruslan İsmayılov, rayon Polis İdarəsinin azyaşlılarla profilaktik işin təşkili bölməsinin əməkdaşı polis polkovnuk-leytenantı Anar Hüseynov və Qaradağ rayon Heydər Əliyev Mərkəzinin Baş fond mühafizi Leyla Nəcəfova iştirak ediblər.

Dəyirmi masa başlanmazdan əvvəl məktəbli uşaqlar arasında ingilis dilində bilik yarışması keçirilib. Yarışın nəticələrinin yoxlanılması zamanı isə dəyirmi masa öz işini çıxışlar və müzakirələrlə davam etdirib.

Tədbiri Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov giriş sözü ilə açıq elan edib. O, tədbirin keçirilmə səbəblərini, məqsəd və vəzifələrini izah edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə iyun ayının 18-i ölkəmizdə “İnsan hüquqları günü” kimi qeyd olunur. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə ənənəvi olaraq hər il 18 may - 18 iyun tarixlərində Respublikamızda “İnsan hüquqları aylığı” keçirilir və bugünkü tədbir də həmin aylığa aid olan tədbirlər planının tərkib hissəsidir. Sonra mövzu ətrafında müzakirələrə başlandı. Çıxış edən şəxslər, rayon Poilis İdarəsinin əməkdaşı A.Hüseynov, Heydər Əliyev Mərkəzinin baş fond mühafizi L.Nəcəfova, rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi S.Şıxəliyeva, 233 № li tam orta məktəbin tarix müəllimi Azər Allahverdiyev qeyd ediblər ki, BMT tərəfindən 20 noyabr 1989-cu ildə qəbul edilmiş “Uşaq Hüquqları Konvensiyası” tarixi Ümumdünya Uşaq Hüquqları günü kimi tanınır. Azərbaycan da həmin beynəlxalq təşkilatın üzvü kimi bu istiqamətdə əməli tədbirlər həyata keçirir. BMT-nin müvafiq konvensiyasına uyğun olaraq qəbul edilmiş “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunundan və bu sahədə görülmüş işlərdən söhbət açılib. Uşaqların hüquqlarının müdafiəsi, onların öyrənilməsi və təbliğ edilməsi ilə bağlı fikir mübadilələri aparılib. Rayon İcra Hakimiyyəti təmsilçisi diqqətə çatdırıb ki, İcra Hakimiyyətinin xüsusi göstərişi ilə rayon ərazisində yerləşən bütün məktəblərdə “İnsan hüquqları aylığı” çərçivəsində müvafiq tədbirlərin keçirilməsinə artıq start verilib.

Uşaqların maraq dairəsinə daxil olan suallara açıqlamalar verildikdən sonra görüşün sonunda intellektual oyununn qalibləri müvafiq dərəcəli diplomlar və medallarla təltif ediliblər.

 

Baxış sayı: 91199