XƏBƏRLƏR
MƏLUMAT
Qaradağ rayon Heydər Əliyev Mərkəzində İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsi keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
03/06/2019 10:29

Mayın 16-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qaradağ rayon Heydər Əliyev Mərkəzində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş rayon məktəblərinin şagirdləri arasında şeir müsabiqəsi keçirilib.

Tədbirdə giriş sözü ilə Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova çıxış edib. Azərbaycan xalqının bəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarından biri olan İmadəddin Nəsiminin ədəbi irsinin qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil etdiyini söyləyən rayon İcra Hakimiyyətinin təmsilçisi anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində şairin misilsiz xidmətləri olduğunu qeyd edib. Xüsusilə vurğulanıb ki, Nəsimi yaradıcılığı bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına qüvvətli təsir göstərib. T.İsmayılova diqqətə çatdırıb ki, Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutması ötən əsrin 70-ci illərində öz geniş fəaliyyəti sayəsində tarixi-mədəni dəyərlərimizə münasibətdə əsaslı dönüş yaratmış ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Məhz ulu öndərin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfə Nəsiminin 600 illik yubileyi UNESCO-nun tədbirlər siyahısına daxil edilib və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunub. Məruzəçi əlavə edərək bildirib ki, Nəsimi irsinin daha dərindən öyrənilməsi, böyük mütəfəkkirin 650 illik yubileyinin geniş miqyasda qeyd edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti 15 noyabr 2018-ci il tarixli sərəncam imzalayıb. Bununla yanaşı Prezident İlham Əliyev müvafiq sərəncamla 2019-cu təqvim ilini Azərbaycanda “Nəsimi ili” elan edib. Sözügedən sərəncamların icrası ilə ilə bağlı Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən xüsusi tədbirlər planı hazırlanıb və keçirilən bədii-qiraət müsabiqəsi də həmin tədbirlər planının çoxsaylı bəndlərindən biridir.

Şeir müsabiqəsinin qayda və şərtləri izah olunduqdan sonra müsabiqəyə start verilib. Şagirdlər böyük ruh yüksəkliyi ilə Nəsiminin şeirlərini söyləyiblər. Şeirlər söylənildikdən sonra tədbirdə iştirak edən şair, puiblisist, pedaqoq, Azərbaycan Yazıçılar Birliyinin üzvü,166 №-li tam orta məktəbin direktoru Şəmsi Qoca, Qaradağ rayon İcra Hakimiyyətində ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov şagirdlər tərəfindən söylənilən şeirlər haqqında öz fikirlərini söyləyib və dəyərli məsləhətlərini veriblər.

Şeir müsabiqələrinin münsiflər heyətinin qiymətləndirməsi əsasında yekun protokolu tərtib olunub və qaliblər müəyyən edilib. 106 №-li tam orta məktəbin VIII sinif şagirdi Emin İsmayılzadə, 166 №-li tam orta məktəbin VIII sinif şagirdi Zeynəb Hüseynzadə, 180 №-li tam orta məktəbin VIII sinif şagirdi Aysel Əliyeva III yerə, 233 №-li tam orta məktəbin XI sinif şagirdi Şəbnəm Feyziyeva, 288 №-li tam orta məktəbin VII sinif şagirdi Zəhra Şahbazova II yerə, 294 №-li tam orta məktəbin V sinif şagirdi İsmayıl Məmmədzadə və 127 №-li tam orta məktəbin VII sinif şagirdi Validə Bayramlı I yerə layiq görülüblər.

 

Baxış sayı: 30632