XƏBƏRLƏR
MƏLUMAT
Prezident təqaüdü alan gənclərin iştirakı ilə konsert-festival keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
23/05/2019 09:57

Azərbaycan Dövlət Akademik Filarmoniyasında Prezident təqaüdü alan gənclərin iştirakı ilə konsert-festival keçirilib. Mayın 21-də start verilən konsertlər gənc ifaçıların peşəkarlıq səviyyəsinin müəyyən edilməsi məqsədilə təşkil olunur.

Mayın 22-də keçirilən konsertdə mədəniyyət naziri Əbülfəs Qarayev, nazir müavini Sevda Məmmədəliyeva, konsert müəssisələrinin rəhbərləri və musiqi məktəblərinin direktorları iştirak edib.

Konsert-festivalda ümumilikdə 30 ifaçı Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini ifa ediblər.

Proqramda fortepiano, violin, kontrabas, klarnet, fleyta kimi Avropa alətləri ilə yanaşı, tar, kamança, qanun, balaban alətlərində gənc istedadlar məharətlə çıxış ediblər. Nicat Müslümovun balabanda (F.Əmirov, “Mən səni araram”), Cəmil Sədizadə (piano), Orxan Hüseynov (cello), Behnam Məhta Məmmədəlizadə (qanun), Emil Bağırov  (klarnet), Ceyla Seyidova (violin), Kamran Talıblı (fleyta), Rəşid Behbudov (piano), Mədinə Şahgəldiyeva (kamança), Nihad Orucov (vokal), Çinarə Əzimova (violin), Atabala Manafzadə (piano), Atilla Məmmədov (vokal), Vüsalə Babayaeva (piano) və Atabəy İsmayılovun (tar) bir-birindən parlaq ifaları maraqla qarşılanıb.

Konsertdən sonra təəssüratını bölüşən mədəniyyət naziri Əbülfəs Qarayev gənc musiqiçilərin konsertinin xoş ovqat yaratdığını bildirib: “Onların sırasında artıq tanınan simalar da var. Gənclərimiz çox ümidvericidir. Cənab Prezidentin gənclərimizə diqqət və qayğısı onların püxtələşməsinə böyük təsirini göstərir. Çıxışlar zamanı peşəkarlıq səviyyəsi bizi çox sevindirir. Musiqi və yaradıcı təşkilatların rəhbərləri də gələcək solistlərin potensialını əyani olaraq görürlər. Bir daha gənclərimizə verdiyi dəstəyə görə cənab Prezidentə dərin təşəkkürümü bildirirəm”.

Qeyd edək  ki, Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən, təqaüd alan gənclərin peşəkarlıq səviyyəsinin müəyyən edilməsi məqsədilə 10-12 aprel 2019-cu il tarixində Bakık Şəhər Mədəniyyət Baş İdarəsinin Rəşid Behbudov adına 2 nömrəli onbirillik musiqi məktəbində 51 nəfər gənc təqaüdçünün dinləmələri keçirilib. 10 apreldə fortepiano, 11 apreldə nəfəs və simli alətlər, vokal, aprelin 12-də isə xalq çalğı alətləri və xanəndəlik ixtisasları üzrə dinləmələr aparılıb. Ümumilikdə 30 nəfər Prezident təqaüdçüsünün çıxışı yüksək qiymətləndirilərək konsert-festivalın proqramına daxil edilib.

Baxış sayı: 21787