XƏBƏRLƏR
MƏLUMAT
Özbəkistanın “Mədəniyyət və mərifət” telekanalında Azərbaycan haqqında videoreportaj yayımlanıb
ÜMÜMİ XƏBƏRLƏR
16/05/2019 13:49

Özbəkistanın “Mədəniyyət və mərifət” telekanalında Azərbaycan haqqında özbək dilində videoreportaj yayımlanıb.

AZƏRTAC xəbər verir ki, bu yaxınlarda Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə bir qrup özbək jurnalistin ölkəmizə mediaturu təşkil olunub, onlar Bakını və regionlarımızı gəzib, videomateriallar hazırlayıblar.

Telekanalın müxbiri Nazira Boymuradova reportajında Şərq ilə Qərbin qovuşuğunda yerləşən Azərbaycan haqqında məlumat verir. Jurnalist qeyd edir ki, paytaxt Bakıdakı binalarda da məhz Şərq və Qərb memarlıq ənənələri vəhdət təşkil edir.

Reportajda qeyd olunub ki, Böyük İpək Yolu üzərində yerləşdiyindən Azərbaycanda elm, mədəniyyət və incəsənət sürətlə inkişaf edib.

Azərbaycanın coğrafiyası haqqında ətraflı məlumat verən müəllif Bakının mərkəzində çəkilişlər aparıb, özbək və Azərbaycan xalqlarının əbədi dostluğu, tarixi, müştərək mədəniyyəti, bugünkü əlaqələrindən söhbət açıb.

İçərişəhərin tarixi haqqında danışan jurnalist bu məkanı Özbəkistandakı qədim Xivə şəhərindəki İçan Kala ilə müqayisə edib. Bildirilib ki, Qız Qalası İçərişəhərin dəniz tərəfdən qapısıdır. Turistlər İçərişəhərə adətən buradan və Qoşa Qala qapısından daxil olurlar. Hər iki qapıdan qədim şəhərə girərkən sanki əfsanəvi bir məkana düşürsən. Burada hər şey qədimlikdən xəbər verir. Qeyd olunub ki, İçərişəhərdə və Xivədəki İçan Kalada indi də insanlar yaşayırlar. Hər gün hər iki məkanda yüzlərlə turist görmək olar. Jurnalist İçərişəhəri qədim Səmərqənd və Buxara ilə müqayisə edib.

Reportajda Azərbaycan musiqisi, o cümlədən muğamlarımız haqqında da danışılıb.

Jurnalist “Şəhidlər xiyabanı” haqqında da oxuculara məlumat verib, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarını fəda edən oğullar və qızlar haqqında söhbət açıb.

Tamaşaçılara Xəzər dənizi, Azərbaycanın iqtisadiyyatı, neft strategiyası barədə də ətraflı məlumat verilib.

Reportajda maraq doğuran məqamlardan biri də odur ki, jurnalist yerli sakinlərlə birgə Azərbaycan mahnıları oxuyub, qutab bişirilməsi prosesində iştirak edib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

 

 

Baxış sayı: 69185