XƏBƏRLƏR
MƏLUMAT
Odlar diyarının Yanardağ möcüzəsi
ÜMÜMİ XƏBƏRLƏR
13/05/2019 10:50

Yanardağ Məhəmmədi kəndinin qərb hissəsində olub, Bakı şəhərinin mərkəzindən 27 km, kənd mərkəzindən isə təqribən 2 km məsafədə, Məhəmmədi-Digah şose yolunun sol istiqamətində yerləşir. Ərazidəki ocaqlar, yerin dərin qatlarında mövcud olan neftli-qazlı çöküntü laylarında süxur yuyulmaları, tektonik qırılmalar, habelə palçıq vulkanlarının püskürməsi, bir sözlə, vulkanik-tektonik proseslərin getməsi nəticəsində yaranan çatlardan təzahür edən təbii qaz axınlarının alışıb yanması nəticəsində əmələ gəlib.

Bəzən Yanardağda alovun hündürlüyü 10-15 metrə çatır. Burada yanma prosesinin tarixin hələ qədim dövrlərindən getməsi ilə bağlı məlumatlar həm ərazidə aparılan geoloji, arxeoloji tədqiqatlar, həm də tarixi mənbələrdə verilən məlumatlarda öz təsdiqini tapmışdır ki, bu da yanmaların tarixinin hələ bizim eradan əvvəlki dövrlərdən başlandığını göstərir. Yanardağın əks istiqamətində yanan üç təpə olub. İndi isə həmin təpələr sönüb. Bakının rəmzi hesab olunan üç yanar alov dili və dəniz simvolu da Yanardağın mövcudluğuna istinadən qəbul edilib.

Qeyd etmək lazımdır ki, erkən orta əsrlər dövrünü işıqlandıran bir çox mənbələrdə Xəzər dənizinin sahilində yerləşən Bakı şəhərində gecə-gündüz yanan torpaqların, hətta yanan suyun olması ilı bağlı maraqlı məlumatlar verilmiş, ərazi “Atəş-i Baquan” adlandırılmışdır. Ərazidə “əbədi odların” olması və onların gecə-gündüz yanması ilə bağlı məlumat verən, belə ilk mənbələrdən biri və demək olar ki, birincisi bizanslı Paniyli Priskdir. Prisk V əsrin əvvəllərində Qafqaz Albaniyası Bakısını təsvir edərkən «sualtı qayadan qalxan od»dan söz açmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 2 may tarixli Sərəncamı ilə Yanardağın ərazisi dövlət tarix-mədəniyyət və təbiət qoruğu elan edilmişdir.

Qoruğun ərazisi 64,55 hektar təşkil edir. Bu əraziyə Qurd yuvası, min yaşı olan iki qəbiristanlıq və qədim məscid, Qotur su bulağı, Əli daşı, Kardaşı, Qırməki vadisi və Yanardağ aiddir.

 

Baxış sayı: 8757