XƏBƏRLƏR
MƏLUMAT
Nizami Gəncəvinin “Sirlər xəzinəsi” Türkiyə Kitab və Mədəniyyət Sərgisində
ÜMÜMİ XƏBƏRLƏR
23/05/2019 11:31

Mayın 15-də Türkiyə Dəyanət Vəqfi (TDV) tərəfindən keçirilən 38-ci Türkiyə Kitab və Mədəniyyət Sərgisinin açılışı olub. Türkiyənin tanınmış 105 nəşriyyat evinin qatıldığı sərgi mayın 31-dək öz işini davam etdirəcək.

Hər gün yüzlərlə ziyarətçini qəbul edən sərgidə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” layihəsi çərçivəsində son 3 ildə nəşr olunan 38 adda Azərbaycan ədəbi, elmi əsərləri də nümayiş olunur.

Sərgi zamanı, həmçinin layihə üzrə türk dilində yenicə nəşri başa çatdırılan, dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Sirlər xəzinəsi” kitabı Türkiyə ictimaiyyətinə təqdim edilib. “Zengin Yayıncılık” nəşriyyatının direktoru Sevinc Fırat qonaqlara kitabla bağlı ətraflı məlumat verib, nəşrin Azərbaycan mədəniyyətinin, ədəbiyyatının tanıdılması işinə vacib töhfə olduğunu bildirib. Kitab ziyarətçilərin marağına səbəb olub.

Qeyd edək ki, cari ilin sonunadək “Xəmsə”yə daxil olan digər 4 kitabın da nəşrinin tamamlanması və Nizami irsinin tanıdılması, təbliği məqsədilə Türkiyədəki təhsil müəssisələrində, kitabxanalarda, dərnəklərdə və digər aidiyəti qurumlarda yerləşdirilməsi nəzərdə tutulub.

Baxış sayı: 1911