XƏBƏRLƏR
MƏLUMAT
Musiqi Mədəniyyəti Muzeyində Soltan Hacıbəyovun anadan olmasının 100 illiyi qeyd olunub
ÜMÜMİ XƏBƏRLƏR
24/05/2019 08:43

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli Azərbaycan bəstəkarı, dirijor, pedaqoq, SSRİ Xalq artisti Soltan Hacıbəyovun anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, muzeyin əməkdaşları bəstəkarın həyat və yaradıcılığından söz açıblar. Bildirilib ki, Soltan Hacıbəyov 1919-cu il mayın 8-də Şuşada anadan olub. 1930-cu ildə ikiillik ibtidai məktəbi bitirib, 1936-cı ildə Bakıya köçüb və əmisi Ü.Hacıbəylinin ailəsində yaşamağa başlayıb. Orta məktəbi bitirəndən sonra Bakı Musiqi Məktəbində A.Kolpinskinin truba sinfinə daxil olub. 1939-cu ildə məktəbi bitirən S.Hacıbəyov Azərbaycan Dövlət Konservatoriyasına, B.Zeydmanın sinfində bəstəkarlıq fakültəsinə daxil olub. 1946-cı ildə Konservatoriyanı bitirib.

1939-1940-cı illərdə Konservatoriyanın tələbəsi olarkən Bakı Musiqili Komediya Teatrında (indiki Azərbaycan Dövlət Akademik Musiqili Teatrı) dirijorluq edib. 1940-1942-ci illərdə Müslüm Maqomayev adına Filarmoniya Cəmiyyətinin Azərbaycan Sazçı Qızlar Ansamblına başçılıq edib. 1942-1945-ci illərdə Bakı Filarmoniya Orkestrinin bədii rəhbəri, 1947-ci ildən direktoru olub.

1948-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri, 1955-1962-ci illərdə direktoru vəzifələrində çalışıb.

1948-ci ildən Azərbaycan Dövlət Konservatoriyasının müəllimi, 1965-ci ildən professoru, 1969-cu ildən rektoru işləyib.

Bəstəkar 1974-cü il sentyabrın 19-da vəfat edib, Bakıda, Fəxri xiyabanda dəfn olunub.

Soltan Hacıbəyov özündən sonra böyük musiqi irsi qoyub gedib. O, “Qızılgül” musiqili komediyasını (1940), “İsgəndər və çoban” (1947) uşaq operasını, “Gülşən” baletini (1950), orkestr üçün 2 simfoniya (1944,1946), “Karvan” simfonik lövhəsini (1945), uvertüra (1956), konsert (1964), skripka ilə orkestr üçün konsert (1945), instrumental və vokal pyeslər, Xalq Çalğı Alətləri Orkestri üçün əsərlər, romanslar, mahnılar, dram tamaşalarına, o cümlədən S.Vurğunun “Xanlar” (1944), C.Cabbarlının “Yaşar”, “Aydın” (1957, 1959) əsərlərinə musiqi bəstələyib.

Tədbirdə Musiqi Mədəniyyəti Muzeyinin arxiv materialları əsasında hazırlanmış videoçarx nümayiş etdirilib.

Sonra gənc musiqiçilərin Soltan Hacıbəyovun 100 illiyinə və İsmayıl Hacıbəyovun 70 illiyinə həsr olunmuş Respublika festivalının diplomantlarının konserti olub.

 

Baxış sayı: 49610