XƏBƏRLƏR
MƏLUMAT
Monumental musiqisi və göz oxşayan rəsmləri ilə özünə əbədilik qazanan Xalq artisti, akademik Arif Məlikov
ÜMÜMİ XƏBƏRLƏR
13/09/2021 01:03

Arif Cahangir oğlu Məlikov 1933-cü il sentyabrın 13-də Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1948–1951-ci illərdə Bakı musiqi texnikumunda oxuyub, 1953–1958-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq ixtisası üzrə ali təhsil alıb.

Əmək fəaliyyətinə 1951–1952-ci illərdə Şuşa şəhər musiqi məktəbində müəllim kimi başlayan Arif Məlikov 1960-cı illərdən taleyini Azərbaycan Dövlət Konservatoriyası ilə bağlayaraq burada 1966–1968-ci illərdə baş müəllim, 1968–1978-ci illərdə dosent, 1979–1986-cı illərdə professor və 1986-cı ildən ömrünün sonunadək bəstəkarlıq kafedrasının müdiri vəzifələrində çalışıb.

Arif Məlikov Azərbaycan mədəniyyəti tarixinin yetirdiyi sənətkarlar nəslinin parlaq yaradıcılıq ənənələrini ləyaqətlə davam etdirib və milli musiqi salnaməsinə yeni səhifələr yazıb. Zəmanəmizin böyük bəstəkarı Qara Qarayevin bəstəkarlıq məktəbinin istedadlı yetirməsi və davamçısı olmaqla, onun hələ tələbəlik illərindən etibarən müxtəlif janrlarda bəstələdiyi əsərlər diqqəti cəlb edib və musiqisevərlər tərəfindən dərin rəğbətlə qarşılanıb.

Bəstəkarın musiqi mədəniyyətimizin çoxəsrlik tarixə malik bünövrəsi zəminində və müasir kompozisiya texnikasını mükəmməl mənimsəyib yüksək professionallıqla yaratdığı simfoniya, balet, operetta, kantata, vokal, kamera və instrumental əsərlər misilsiz sənət nümunələri olaraq Azərbaycan musiqi xəzinəsinin qiymətli inciləri sırasında özünə həmişəlik yer tutub. Onun kino və dram tamaşalarına yazdığı musiqi, eləcə də romans və mahnıları məşhur sənətkarların ifasında səslənərək geniş populyarlıq qazanıb. Arif Məlikovun bəşəri idealları özündə dolğun əks etdirən əsərləri ölkəmizin hüdudlarından kənarda bu gün də uğurla səsləndirilməkdədir. “Məhəbbət əfsanəsi” baletinin isə dünyanın tanınmış teatr səhnələrində yarım əsrdən artıq bir dövrdə tamaşaya qoyulması musiqi mədəniyyətimizin möhtəşəm nailiyyətlərindəndir.

Nazim Hikmət "Məhəbbət əfsanəsi"nə tamaşa edəndən sonra Arif Məlikovla ilk görüşü və onun yazdığı əsər haqqında deyir: "Arif Məlikov mənə deyəndə ki, "Məhəbbət əfsanəsi" baleti yazmaq istəyirəm, həmin gün çox şad oldum. Bu gün gördüklərim təsdiqlədi ki, nahaq yerə sevinməmişəm. Bir daha əmin oldum ki, balet muzey incəsənəti deyil, bu, müasir incəsənətdir. Mən çox həyəcanlanırdım ki, səhnədə Şərq necə görünəcək. Arif Məlikov baletdə Şərq adamına müasir insanın dünyabaxışı ilə baxıb. Buna görə də əsərdə "şirin" Şərqdən, "Əlibaba və qırx quldur" nağılından əsər-əlamət yoxdur. Və bu da yeni baleti teatr tamaşalarından tamam fərqləndirib".

Bəstəkarın Nazim Hikmət sevgisi təkcə "Məhəbbət əfsanəsi" ilə yekunlaşmır. O, bu poeziyanın duyğusunu, fəlsəfi-estetik mahiyyətini çox dərindən hiss etdiyindən bu poeziyaya təkrar-təkrar qayıdır. Ötən əsrin 60-cı illərində yazılmış "Şən", "Lay-lay", "Təəssürat", "Yarımı yuxuda gördüm" adlı 4 romans, 1980-ci ildə qələmə alınmış vokal silsilə N.Hikmət dühasının yaratdığı lirik-psixoloji aləmin musiqinin rəngarəng çalarları ilə ifadəsidir.

Bəstəkarın simfonik yaradıcılığını təşkil edən 8 simfoniya, simfonik poemalar (o cümlədən, "Nağıl", "Füzulinin xatirəsinə", "Metamorfozlar"), süitalar (o cümlədən, "Məhəbbət əfsanəsi" baletindən süitalar), konsertino (fleyta ilə simli orkestr üçün), müxtəlif orkestr pyesləri (o cümlədən, "Simfonik rəqslər", "8 pyes", "12 pyes"), müxtəlif dövlərdə ona təkrar-təkrar dünya şöhrəti qazandıran baletlər ("Məhəbbət əfsanəsi", "Iki nəfər", "Iki qəlbin dastanı", "Əlibaba və qırx quldur"), operetta ("Dalğalar"), instrumental musiqi növlərindən prelüdiya (fortepiano üçün), sonata (solo skripka üçün) süita və skertso (skripka və fortepiano üçün) kimi janrlara müraciət etmiş, fortepiano üçün miniatürlər (o cümlədən, "Ötəri anlar") yazının əvvəlində bəhs etdiyimiz Arif Məlikov zirvəsinə yaradan möhtəşəm sənət əsərləridir.

Bəstəkarlıq fəaliyyəti ilə yanaşı, Arif Məlikov uzun illər ərzində görkəmli pedaqoq kimi öz zəngin təcrübəsindən bəhrələnməklə gənc musiqiçilər nəslinin yetişdirilməsi və peşəkar musiqiçi kadrların hazırlanması işində müstəsna xidmətlər göstərib.

Yaradıcı şəxsiyyət kimi A.Məlikovun rənglər dünyası da özünəməxsus çalarları və mövzu rəngarəngliyi ilə seçilir. "Çiçəkli badam ağacı", "Şərq", "Ankarada gecə", "Xəzərin qara qızılı - aylı gecə", "Aya Sofiya", "Badam ağacının budağı", "3 hissəli simfoniya-triptix", "Zuqulba", "Təəssürat", "Fantaziya", "Təzəpir - gecə", "Təzəpir - gündüz", "Təzəpir - Novruz bayramı", "Qafqaz dağları"," 20 Yanvar", "Keçmişə baxış - diptix" , "Bakı", "Əbədiyyət","Günəş", "Həyat". "Göy vaza", "Vazada güllər", "Qərənfillər", "Ağ vaza", "Əks", "Sevimli şəkillər" kimi rəsmlər, Səttar Bəhlulzadənin portreti onun zəngin təxəyyülünün bəhrəsidir.

Arif Məlikov SSRİ xalq deputatı olaraq respublikamızın ictimai-siyasi həyatında ötən əsrin son onilliklərində cərəyan edən taleyüklü hadisələrə münasibətdə daim vətənpərvər ziyalı mövqeyi nümayiş etdirib.

Qarabağ dərdi, 20 Yanvar faciəsinin ağrı-acısı ürəyi vətənpərvərlik hissləri ilə dolub daşan, ömrünün hər anında xalqına, dövlətinə layiqli vətəndaş kimi xidmət edən Arif Məlikov yaradıcılığında qırmızı xətlə keçir. O, bu vəhşətə rəsm həsr etməklə qalmayıb, həmçinin, bu mövzuda "Mən ittiham edirəm..." adlı fundamental kitabını da qələmə alıb. 1994-cü ildə nəşr olunan sənədli oçerkin əsasını ölkənin siyasi və hərbi orqanlarının yalanlarını və saxtakarlıqlarını ifşa edən nadir sənədlər, 1990-cı il 19-20 yanvar hadisələrinin qızğın bir dövründə toplanılmış materiallar, eləcə də bir çox insanların şəxsi müşahidələri və dəlilləri təşkil edir. Bu kitab və "20 Yanvar" rəsmi bəstəkarın qanlı Yanvar faciəsi ilə bağlı keçirdiyi iztirablardır.

Akademik Arif Məlikovun Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyəti dövlət tərəfindən layiqincə və yüksək qiymətləndirilib. O, bir sıra fəxri adlara layiq görülüb, Azərbaycan Respublikasının ali mükafatlarından “Heydər Əliyev”, “İstiqlal” və “Şöhrət” ordenləri ilə təltif olunub.

Baxış sayı: 307