XƏBƏRLƏR
MƏLUMAT
Möminə Xatun türbəsi
ÜMÜMİ XƏBƏRLƏR
23/05/2019 10:06

Azərbaycanın qədim memarlıq nümunələrindən biri də özünün yüksək inşaat texnikasının səviyyəsi və zəngin memarlıq bəzəyi ilə başqa tarixi-memarlıq abidələrinin içərisində xeyli fərqlənən, Memar Əcəminin şah əsəri, ömrü amansız ruzigarlarla qarşılaşmış vüqarlı, dəyanətli, əzəmətli Möminə xatun türbəsidir ki, o, sanki eşq mücəssəməsidir. Həm həcmi, həm də bəzəyinin zənginliyi cəhətdən bu abidə Yusif ibn Küseyir türbəsini xeyli geridə qoyub. Türbənin hündürlüyü vaxtilə təqribən 35 metrə qədər olub. Lakin zəmanəmizədək gəlib çatan hissəsi 26 metrdir.Məşhur Azərbaycan memarı Əcəmi Naxçıvaninin şah əsəri və Naxçıvan-Marağa memarlıq məktəbinin ən dəyərli abidələrindən biridir. Möminə xatun türbəsi həmin kompleksdən dövrümüzə çatmış yeganə abidədir.

Əcəmi Naxçıvaninin dövrümüzə çatmış ən gözəl əsəri olan Möminə xatun türbəsi bu gün də orta əsrlər Naxçıvan şəhərinin əzəmətini əks etdirir.

Memar Əcəmi bu türbəni Yusif Küseyir oğlu Türbəsindən 26 il sonra inşa edib. Möminə xatun türbəsinin ümumi quruluşu – sərdabə və qüllə, kompozisiyanın inkişaf yolu, memarlıq tutumlarının düzümü öncəki türbədə olan sayaq, dəyişməz qalır.

Binanın səthinə başdan-başa müxtəlif növ naxışlar vurulub.

Türbənin kimin üçün tikilməsi onun qurşağındakı kufi xəttlə ərəb dilində həkk olunmuş yazıda göstərilir. Kitabədən aydın olur ki, türbənin Cahan Pəhləvan Atabəy Əbu Cəfər Məhəmməd ibn Atabəy Eldəniz anası Möminə xatun adlı qadınının xatirinə ucaltdırıb. Möminə xatın Azərbaycanın diplomat qadınlarındandır.

Türbənin daxili hissəsi bəzəksizdir. Divar malalanıb və əhənglə ağardılıb. Yeganə bəzək ünsürü - günbəzin iç tərəfində yerləşdirilmiş dörd böyük qönçədir.

Şöhrəti bütün yaxın Şərqdə yayılmış və dahi Nizaminin qəhrəmanlarının prototipinə çevrilmiş Əcəmi bu abidə ilə həm özünü, həm də şərəfinə ucaltdığı qadının xatirəsini əbədiləşdirib. 

Azərbaycan memarlığının ən nadir və unikal abidələrindən biri olan Möminə Xatun türbəsi “Naxçıvan Məqbərələri” tərkibində 30 sentyabr 1998-ci ildən UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin siyahısına daxil edilib.

 

http://unesco.preslib.az/az/page/N9aglobzTC

Baxış sayı: 59349