XƏBƏRLƏR
MƏLUMAT
Milli Kitabxanada “İlyas Əfəndiyev-105” adlı elektron məlumat bazasının təqdimatı olub
ÜMÜMİ XƏBƏRLƏR
23/05/2019 15:43

Mayın 23-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında görkəmli dramaturq, Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 105 illiyi münasibətilə “İlyas Əfəndiyev-105” adlı elektron məlumat bazasının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşan tədbirdə tanınmış elm adamları, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mili Kitabxananın direktoru Kərim Tahirov görkəmli yazıçının həyat və yaradıcılığı haqqında məlumat verib, onun Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərindən danışıb. Bildirilib ki, İlyas Əfəndiyevin 1939-cu ildə nəşr edilmiş “Kənddən məktublar” kitabı ədəbiyyatımızda sonralar məşhur “60-cı illər” deyilən ədəbiyyatın əsasını qoyub. Yazıçı “Söyüdlü arx”, “Körpüsalanlar”, “Dağlar arxasında üç dost”, “Sarıköynəklə Valehin nağılı”, “Geriyə baxma, qoca”, “Üçatılan” və digər roman və povestləri, eləcə də dram əsərləri ilə ədəbiyyata ilk dəfə lirik-psixoloji üslub gətirib.

Sonra yazıçının həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək tədbirin əhəmiyyətindən söz açıb. Qeyd edib ki, hər bir görkəmli şəxsiyyətin xatirəsinin əziz tutulması, onun mütəmadi olaraq yad edilməsi olduqca vacib hadisələrdəndir. Görkəmli yazıçının 105 illiyi münasibətilə Milli Kitabxana tərəfindən elektron bazanın hazırlanmasını əlamətdar hal kimi dəyərləndirən nazir, bu işdə zəhməti olan hər kəsə təşəkkür edib. İlyas Əfəndiyevin yaradıcılığının bütün dövrlərdə gənc nəslin təlim-tərbiyəsində xüsusi önəm kəsb etdiyini qeyd edən Mədəniyyət naziri bildirib ki, unudulmaz yazıçının əsərləri oxucuya böyük estetik təsir bağışlayır. Vurğulayıb ki, İlyas Əfəndiyev haqqında ulu öndər Heydər Əliyev də gözəl fikirlər söyləyib, onun yaradıcılığını yüksək qiymətləndirib.

“İlyas Əfəndiyevin yaradıcılığı hər zaman müasir olaraq qalacaq. Onun Azərbaycan teatrının inkişafında xidmətləri böyük olub. Onun bir əsəri Milli Dram Teatrında 500 dəfə səhnəyə qoyulub. Teatrın inkişafına İlyas Əfəndiyevin əsərləri böyük təsir göstərib. O, böyük yazıçı olmaqla yanaşı, həm də böyük vətəndaş, vətənpərvər insan olub. Qarabağ mövzusu onun üçün ağrılı mövzulardan idi. Hər il Milli Dram Teatrı mövsümü onun “Hökmdar və qızı” əsəri əsasında hazırlanan “Qarabağnamə” tamaşası ilə açır. Bu da bizim teatr ictimaiyyəti tərəfindən onun xatirəsinə göstərilən böyük ehtiramın bir nümunəsidir”, - deyə Əbülfəs Qarayev söyləyib.

Beş il əvvəl görkəmli yazıçının 100 illiyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamı xatırladan nazir, İlyas Əfəndiyevin adının hər zaman - bu gün də, sabah da çox böyük iftixar hissi ilə yad ediləcəyini bildirib.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar böyük ədibin yardıcılığının məziyyətlərindən danışıb: “Sovet dövründə təbii ki, sovet ədəbiyyatı termini var idi, ancaq müstəqillik dövründə də bu termindən istifadə edilir. Düşünürəm ki, bu düzgün deyil. Çünki sovet dövründə yaranan ədəbiyyat da var, sovet ədəbiyyatı da. Sovet dövründə yaranan, amma sovet ədəbiyyatı olmayan ədəbiyyatın sıralarında İlyas Əfəndiyevin də adı var. İlyas müəllimin yazdığı əsərlər həqiqi ədəbiyyat nümunələri idi. Onun sovetlər dönəmində “Sən həmişə mənimləsən” kimi əsərinin Tofiq Kazımovun quruluşunda teatrlarda nümayiş etdirilməsi sənət ocaqlarına yeni bir ab-hava, yeni estetik prinsip və üslub gətirib. Onun həm nəsr, həm də dramaturgiya sahəsindəki yaradıcılığı müstəqillik illərində daha da çiçəklənib. İlyas Əfəndiyevin nəsr əsərlərini ədəbiyyatımızın şah əsərlərindən hesab edirəm. Onun istər sovetlər dövründə, istərsə də müasir dövrdə yazdığı pyesləri ədəbiyyatımızın qızıl fondunda qalacaq”.

Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov yazıçının ədəbiyyata gəlişi, yaradıcılığı və ədəbi fəaliyyəti barədə çıxış edib. İlyas Əfəndiyevin ədəbiyyata “Kənddən məktublar”la gəldiyini qeyd edən akademik, sonrakı dövrlərdə yazdığı əsərlərin xronologiyası haqqında məlumat verib. Vurğulayıb ki, İlyas Əfəndiyevin əsərləri ifa tərzinin motivlərinə görə də fərqlənir: “Onun əsərlərində “xalqdan gəlmədən yazıb-yaratmaq mümkün deyil” ifadəsini görürük. Bu, onun yaradıcılığı ilə sübut olunan ifadədir. İlyas müəllimin yaradıcılığında çox güclü kolorit var. Qarabağ mühitinin ifadə tərzi, tarixi, etnoqrafiyası tam bir sistemlə onun yaradıcılığında müşahidə edilir. İlyas müəllimin yaradıcılığı hər zaman yüksək qiymətlədirilib, o, müstəqillik qazandıqdan sonra 1994-cü ildə “Şöhrət” ordeni alan ilk yazıçımız olub”.

Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev və digər çıxış edən natiqlər İlyas Əfəndiyevin həyat və yaradıcılığından söz açıb, onun əsərlərinin önəmini vurğulayıblar.

Sonda İlyas Əfəndiyevin oğlu Elçin atası ilə bağlı xatirələrini bölüşüb və onun xatirəsinə göstərilən ehtirama görə hər kəsə təşəkkür edib.

 

Baxış sayı: 28142