XƏBƏRLƏR
MƏLUMAT
Milli İncəsənət Muzeyinin təmirdən çıxmış yeni korpusunun açılışı və “Museum.az” saytının təqdimatı keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
17/05/2019 15:46

Mayın 17-də Azərbaycan Milli İncəsənət Muzeyinin (Niyazi küçəsi 9) təmirdən çıxmış yeni korpusunun ictimaiyyət üçün açılış mərasimi keçirilib.

Mərasimdə mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, nazir müavini Sevda Məmmədəliyeva, dövlət rəsmiləri, muzey işçiləri iştirak edib.

Mədəniyyət naziri Əbülfəs Qarayev tədbirdə çıxış edərək hər il ənənəvi olaraq ölkəmizdə də qeyd olunan 18 may - Beynəlxalq Muzeylər Gününün əhəmiyyətindən söz açıb. Bildirib ki, bu münasibətlə hər il bütün muzeylərdə “açıq qapı” aksiyası təşkil olunur. Bu il də ənənəyə uyğun olaraq bütün muzeylərdə “açıq qapı” olacaq, gecə saatlarına qədər pulsuz xidmət göstəriləcək.

Ötən il Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Milli İncəsənət Muzeyinin üçüncü korpusunun təmirdən sonra istifadəyə verildiyini deyən nazir, muzeydə aparılmış təmir-bərpa və bədii tərtibat işlərinin tamamlandığını qeyd edib: “Mədəniyyət ocağı son illər ərzində bərpa və inşa edilən ən müasir avadanlıqlarla təchiz olunmuş ekspozisiyaya malikdir. Burada xüsusi bərpa laboratoriyası mövcuddur və ən müasir mühafizə sistemləri ilə təmin edilib. Muzey silsilə şəklində iki qədim memarlıq abidəsini birləşdirən müasir korpusdan ibarətdir. Dünya və Azərbaycan mədəniyyətini nümayiş etdirmək üçün ən uğurlu məkanlardan biridir. Ziyarətçilər bu muzeydə  dünya mədəniyyətinin bir sıra örnəkləri ilə yaxından tanış olmaq imkanı əldə edirlər. Sevindirici haldır ki, bu gün ölkəmizin bütün regionlarında tarix-diyarşünaslıq muzeyləri fəaliyyət göstərir. Bütün bunlar dövlətimizin bu sahəyə olan diqqət və qayğısının bariz nümunəsidir”.

Nazir çıxışının sonunda 18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə təbriklərini çatdırıb, bu sahədə çalışanlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Heydər Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və təbliği departamentinin direktoru Məhəbbət Mehdiyeva və AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor Maisə Rəhimova çıxış edərək hər il Beynəlxalq Muzeylər Günü münasibətilə ölkəmizdə keçirilən silsilə tədbirlərdən, reallaşan layihələrdən və dövlət tərəfindən mədəniyyət və incəsənət sahəsinə göstərilən diqqət və qayğıdan söz açıblar.

Sonra Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanmış və ilk dəfə ölkə ərazisində yerləşən bütün muzeylər haqqında məlumatları özündə cəmləşdirən “Museum.az” saytının təqdimatı olub.

Məlumat verilib ki, saytın sadə, eyni zamanda zövqlə hazırlanmış dizaynı istifadəçilərə təqdim olunan məlumatların daha rahat əldə olunması üçün geniş imkanlar yaradır. İstifadəçilərin rahatlığı üçün gələcəkdə müasir veb-tendensiyalar da nəzərə alınaraq saytın mobil versiyası və tətbiqlərinin də hazırlanması nəzərdə tutulub.

Sonda muzey sahəsində səmərəli fəaliyyətinə görə bir sıra mədəniyyət xadiminə nazirliyin təşəkkürnamələri təqdim olunub.

Baxış sayı: 46488