XƏBƏRLƏR
MƏLUMAT
Mədəniyyət türk xalqlarını birləşdirən körpüdür
ÜMÜMİ XƏBƏRLƏR
03/05/2019 10:30

Aprelin 30-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin F.Əmirov adına 6 nömrəli onbirillik İncəsənət Məktəbində “Türksoy”un fəaliyyətinin 26-cı ildönümünə həsr olunan yekun konserti  keçirilib. Oxşar mədəniyyətlərə, dil qrupuna, adət-ənənələrə, düşüncə tərzinə, hətta yaxın mətbəx kimi amillərə malik olan türk xalqları arasındakı dostluq əlaqələrinin nümayiş etdirən tədbirdəməktəbin bütün şöbələri - xoreoqrafiya, rəssamlıq, musiqi şöbələri iştirak edib. Milli Konservatoriyanın foyesində rəssamların Türk dünyasına baxışını əks etdirən rəsm əsərləri sərgilənib (müəllim A.Niftiyeva, E.Ağamirzə). Layihənin əvvəlində məktəbin xoreoqrafiya şöbəsinin hazırladığı türk xalqlarının - Azərbaycan, özbək, türkmən, qırğız və türk  rəqsləri daxil edilmiş kompozisiya təqdim edilib (bədii rəhbərlər Z.İbrahimova, T.Mustafayev). Daha sonra məktəbin kiçik xorunun ifasında A.Dadaşov və V.Şainskinin mahnıları əsasında səhnələşdirilmiş kiçik səhnəciklər təqdim olunub (xormeyster Ü.Məstanova). Xüsusilə də səhnəcikdə türk xalqlarının milli geyimlərində kuklaların göstərilməsi qonaqların marağına səbəb olub. Türk xalqları arasında bağlılığın ən bariz nümunəsi kimi məktəbin direktoru, əməkdar müəllim, bəstəkar A.Yusifovanın “Üçrəngli bayrağımız” mahnısı (sözləri: R.Mirzəyeva) məktəbin xoru və müəllim S.Yadigarovun ifasında səslənib. “Üçrəngli bayrağ”ın sədaları altında türk xalqlarının bayraqları dalğalandı və tədbirin əsas ideyası – “Mədəniyyət bütün türk xalqlarını birləşdirən körpüdür” ideyasını bir daha  təsdiqləyib.

Sonda keçən il F.Əmirov adına 6 nömrəli onbirillik İncəsənət Məktəbinin  55 illik yubileyi münasibəti ilə  Azərbaycan Dövlət Akademik  Filarmoniyasında keçirilmiş təntənəli hesabat konsertində iştirak edən bir neçə müəllim Bakı şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən xüsusi fərmanla təltif olunub. Eyni zamanda   C.Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin direktoru əməkdar müəllim M.Orucova “Testene art Baku 2019” Beynəlxalq müsabiqəsində açıq dərslər təqdim edən xoreoqrafiya şöbəsinin müəllimlərini də fəxri fərmanla mükafatlandırıb və konsert gurultulu alqışlarla sona çatıb.

Baxış sayı: 97464