XƏBƏRLƏR
MƏLUMAT
Həştərxanda Uşaq və Gənclərin 1-ci Ədəbiyyat Festivalı keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
22/05/2019 10:46

Azərbaycanın uşaq yazıçıları- Gülzar İbrahimova, Lalə Ümid və Solmaz Amanova Həştərxanda keçirilən Uşaq və Gənclərin 1-ci Ədəbiyyat Festivalından xoş təəssüratlarla qayıdıblar.

Nümayəndələr milli adət-ənənəyə uyğun, duz-çörəklə qarşılanıb, Festivalın açılış mərasiminə əsasən Xəzəryanı ölkələrdən qonaqlar dəvət edilib. Onların arasında ədəbiyyatşünaslar,  yazıçılar, rəssamlar, mədəniyyət və incəsənət xadimləri qatılıb.

Həştərxan Mədəniyyət və turizm naziri Qalina Zoteyeva gələn qonaqları salamlayaraq bildirib ki, “Ədəbiyyat uşaqlarımız üçün çox vacibdir. Onlar yalnız kitablarla dünyanı yaxşı tanıyar, kitablar vasitəsilə düzgün yolla gedərlər. Kitab oxumaq vərdişi ailədən gəlir. Əgər ata-ana özləri kitab oxuyarlarsa, onlar övladlarına da bunu vərdiş elətdirə bilərlər!”.

Həştərxanda həm rəhbərlərin, həm də adi vətəndaşların kitaba, mütaliəyə böyük dəyər verildiyini bildirən nazir, Festivalın açılışından sonra hamını kitab sərgisinə baxmağa, daha sonra isə bir-birindən maraqlı və rəngarəng tədbirlərə qatılmağa dəvət edib.

Qeyd edək ki, möhtəşəm Opera Teatrı ərazisində təşkil olunmuş tədbirlər bütün yaş qrupları üçün nəzərdə tutulub. Həm uşaqlar, həm də gənclər üçün çox faydalı və maraqlı keçib. Tanınmış incəsənət xadimlərinin çıxışları, əl işləri sərgiləri, göstərilən tamaşalar orta və yaşlı nəsl üçün də maraq kəsb etdiyindən, Festivalı bir növ xalq bayramı kimi də dəyərləndirmək mümkündü. Festival kitab bayramından çox bir el bayramına bənzəyirdi.

Festivalın ikinci günü Proqram çərçivəsində N.Krupskaya adlı Mərkəzi kitabxanada nümayəndələrlə dəyirmi masa keçirib. Yazıçılar, rəssamlar, ədəbiyyatşünaslar uşaq kitablarının daha da oxunaqlı və rəngarəng olması üçün fikir mübadisi edib, yeni təkliflərlə çıxış ediblər.

Festivalın gedişatı ərəfəsində bütün nümayəndələrlə görüşlər təşkil edilib. İlk görüş H.Əliyev məktəbində Azərbaycanın tanınmış uşaq yazıçısı Gülzar İbrahimova ilə keçirilib. Yazıçı rus dilinə tərcümə olunmuş “Dostlaşmış nağıllar”, “Sirus və Virusun macəraları”, “Qırmızıyanaqla Qırmızıpapağın nağılları”, “Sehrli dünya” jurnallarını təzə dostlarına hədiyyə edib.

Eyni məktəbdə uşaq yazıçısı Solmaz Amanova ilə daha kiçik yaşlı oxucuların görüşü keçirilib. Uşaqlara hərflərin öyrənilməsini disklərlə, yeni texnika vasitəsilə mənimsənilmənin yolları göstərilib.

Lalə Ümid – gənc yazar, daha yuxarı sinif uşaqları ilə görüşüb onların çoxsaylı suallarını cavablandırıb, gənclərin, yeniyetmələrin maraqlandığı mövzularla diskussiya aparıb. Müsabiqə yolu ilə qalib gələn iki nəfər müəllifdən kitab hədiyyə alıb.

Yazıçılar görüşü əbədiləşdirmək üçün sonda xatirə şəkilləri çəkdirib.

Ədəbiyyat Festivalı ərəfəsində Həştərxanın tarixi abidələrinə səyahət edilib, nümayəndələr dahi rəhbər H.Əliyevin memorial kompleksini ziyarət ediblər.

Baxış sayı: 7496