XƏBƏRLƏR
MƏLUMAT
Günəşə bənzəyən yemək – Maxara
ÜMÜMİ XƏBƏRLƏR
13/06/2019 10:02

Maxara – Azərbaycan milli mətbəxinin, xüsusilə də Zaqatala, Balakən rayonlarının ən sevimli və qədim yeməklərindəndir. Formasına görə günəşə bənzədilir. Hazırlanması isə çox sadədir. Qədim zamanlardan bu günə kimi bölgənin camaatı əziz qonaqlarını sac xörəyi olan maxara ilə qarşılayıb.

Maxaranın hazırlanmasında lazım olan ərzaqlar:

1 litr süd 1 stəkan un 2 ədəd yumurta Yarım çay qaşığı duz

Maxaranı bişirmək üçün müəyyən qədər un, süd, yumurta çalınaraq duru horra hazırlamaq lazımdır. Südün əvəzinə sudan da istifadə etmək olar. İçərisinə zövqə uyğun olaraq sarıkök də qatmaq mümkündür.

Sonra sacın altına ocaq qalamaq lazımdır. Sac qızdıqdan sonra hazırlanmış horranı isti sacın üstünə tökmək lazımdır. Onu sacın üzərinə tökəndə, saçaqlar yaranır və günəşə oxşar forma alır. 3-5 dəqiqədən sonra onu çevirmək lazımdır ki, o biri tərəf də bərabər bişsin.

Bişəndən sonra siniyə qoyulur və üzərinə yağ çəkilir. Adətən kərə yağı olmalıdır. Yağlandıqdan sonra maxaranın üzərinə bal və ya mürəbbə şirəsi çəkilir.

Baxış sayı: 2763