XƏBƏRLƏR
MƏLUMAT
Fransız fotoqraf Nikolas Landemardın foto-sərgisi maraqla qarşılanıb
ÜMÜMİ XƏBƏRLƏR
02/05/2019 10:38

Mayın 1-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin İ.Əbilov adına Mədəniyyət Mərkəzində 3-cü “İMAGİNE Avro” tolerantlıq festivalı çərçivəsində fransız fotoqrafı Nikolas Landemardın foto-sərgisi açılıb.

Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyi tərəfindən 1-9 May tarixləri arasında Şərq Tərəfdaşlığının 10 illik yubileyi münasibəti ilə təşkil olunana sərginin açılışında fotoqrafla yanaşı, Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyətinin birinci müşaviri Denis Daniilitis, United Cultures-in icraçı direktoru Paola Casagcomde iştirak ediblər. 

Tədbirdə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbərinin birinci müşaviri Denis Daniilitis çıxış edib.

Sərgi barədə məlumat verən N.Landemard qeyd edib ki, onun üç hissədən ibarətdir. Birinci hissə “Fransa teatrında qaçqınların çıxışı” adlanır. Bu layihə Fransanın Leon şəhərindən başlayır. Fotoqraf teatrda çəkilişlər aprarkən həm də ustad dərsləri verib. Bu teatrın özəlliyi ondan ibarətdir ki, burada səs yoxdur. Teatrda miqrantlar və qaçqınlar çıxış edirlər. Onlar fransız dilini bilmədikləri üçün ünsüyyətlərini him-cimlə qururdular.

İkinci hissənin mövzusu “Avropa siyasətçiləri” adlanır. Fotoqraf bu ad altında Avropa Komissiyası və Parlamentindəki siyasi liderlərin şəkillərini nümayiş etdirir. Belə ki, fotoqraf Brüsseldə çəkiliş apararkən Avropanın bütün nöqtələrinə toxunur. N.Landemard öz çıxışında qeyd edib ki, bəzi foto-müxbirlər müharibə ocaqlarına gedərək oradan materiallar toplayırlar. Bu mənada Avropada qalmaq məqsədə uyğundur, daha Suriya kimi qaynar nöqtələrə getməyə ehtiyac qalmır.

Sərgidə üçüncü hissənin mövzusu isə “Brüsseldə yerləşən Avropa məhəllələri”nə aiddir. Belçikalılar bu ərazini batmış məhəllə adlandırırlar. Orada vaxtilə köhnə binalar olub, ancaq onlar sökülərək yerində zövqsüz, müasir binaların tikintisinə başlanılıb. Yerli camaat da bu məhəllədə aparılan işləri uğursuz layihə adlandırıb. Get-gedə böyüyən belə məhəllələrə belçikalılar Brüsselizasiya adını verib.

Fotoqraf öz kolleksiyasını Fransada yaşayarkən siyasi liderlərin, teatr iştirakçılarının və Brüssel məhəllələrinin şəkillərini çəkərək toplayıb. 

Sərgi layihədə iştirak edən müxtəlif ölkələrin və mədəniyyətləri təmsil edən nümayəndələri, miqrasiya və teatr sənətini əks etdirir. Açılışda ictimaiyyətin nümayəndələri və bədii yaradıcılıqla məşğul olan sənətkarlar iştirak edib.

Qeyd edək ki, “IMAGINE” Avro Tolerantlıq Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, “Cinema Plus”, “The Landmark” Biznes Mərkəzi, Nizami Kino Mərkəzi, “Bakı Metropoliteni” QSC, “Salaam Cinema”, Məhsəti Gəncəvi Mərkəzi, “Yarat” Müasir İncəsənət Mərkəzi, İbrahim Əbilov adına Mədəniyyət Mərkəzi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, ADA Universiteti və Venesiyanın “Ca Foscari” Universiteti tərəfindən dəstəklənir.

Mədəniyyət Mərkəzində sərgi 3 gün davam edəcək.

Baxış sayı: 96523