XƏBƏRLƏR
MƏLUMAT
F. Əmirov adına 6 nömrəli Onbirillik incəsənət məktəbinin növbəti uğuru
ÜMÜMİ XƏBƏRLƏR
03/05/2021 05:34

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi F. Əmirov adına 6 nömrəli Onbirillik incəsənət məktəbinin şagirdləri 17 mart və 30 aprel tarixində BMTİP və Qlobal Ekologiya Fondunun (QEF) Kür II Layihəsi, Arts Council Azerbaijan QHT və "Simurq" uşaq musiqi festivalının birgə əməkdaşlığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Bakı Kitab Mərkəzində təşkil olunmuş layihədə iştirak ediblər.

Tədbirin əvvəlində maarifləndirici mühazirədə uşaqlara suyun səmərəli  istifadəsinin zərurəti haqqında məlumat verilib, Kür çayının problemlərinə həsr olunmuş videoslaydlar nümayiş etdirilib.

Daha sonra məktəbin şagirdləri - Turan Cəfərzadə (müəllim G. Zairova), Əli Manaflı (müəllim S. Süleymanlı, kons. A. Əliyeva), Əli Xəlilov (müəllim A. Əzizova kons. S. Ağabalayeva), Sabir Quliyev (müəllim  K. Novruzbəyova, kons. Ş. Qəhrəmanova) kiçik konsert proqramı ilə çıxış ediblər.

Tədbirin sonunda məktəbin direktoru, professor, əməkdar müəllim, bəstəkar Adilə Yusifova şagirdlərin maariflənməsində bu səpkidə mühazirələrin əhəmiyyətini vurğulayıb. "Dinləyici şagirdlərin musiqiçi olmadıqlarına baxmayaraq konsertə, musiqi alətlərinə necə maraq göstərdiklərinin şahidi oldum. Bu bizi çox sevindirir. Bu gün karantin şəraiti ilə  əlaqədar musiqiçilər öz imkanlarını yalnız onlayn formada  göstərə bilirlər. Bu günkü tədbir isə karantin qaydalarına riayət edilməklə şagirdlərə canlı ifa etmək imkanı qazandırdı. Buna görə də  layihənin bütün təşkilatçıları və  xüsusilə musiqi hissəsinin təşkilatçısı Səidə xanım Tağızadəyə minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, maarifləndirici mühazirə və konsert formatında təşkil olunmuş layihələr gələcəkdə də  davam edəcək və səmərəli bəhrəsini verəcəkdir."

Tədbirin sonunda iştirakçılar diplomlar və hədiyyələrlə mükafatlandırılıblar.

Baxış sayı: 241