XƏBƏRLƏR
MƏLUMAT
Əfsanəvi qarmon ifaçısına həsr olunmuş kitab təqdim edilib
ÜMÜMİ XƏBƏRLƏR
23/05/2019 09:37

Mayın 22-də Beynəlxalq Muğam Mərkəzində əfsanəvi qarmon ifaçısı Əhəd Əliyevə (Kor Əhəd) həsr olunmuş “Qarmonun əfsanəsi” kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, kitab Muğam Mərkəzinin “Unudulmayanlar” layihəsi çərçivəsində çap edilib. Kitabın müəllifləri Gülhüseyn Kazımlı və Aleksandriya Sevinc Sultanzadə - fon Brüseldorffdur.

ABŞ-da opera müğənnisi, pedaqoq və tədqiqatçı kimi çalışan, Kor Əhədin nəticəsi olan Aleksandriya Sevinc Sultanzadə - fon Brüseldorff çıxışında deyib: “Bu gün musiqimizi öz ruhunda yaşadan, musiqi tariximizdə öz yeri olan, Azərbaycan qarmonunu təkmilləşdirən və onun musiqi dilinə öz töhfəsini verən virtuoz ifaçı Əhəd Əliyevin 125 illiyinə həsr olunmuş kitabın təqdimatına yığışmışıq. Bu kitabın işıq üzü görməsində çox çətinliklərlə üzləşsək də biz bu işdən böyük zövq aldıq. Çünki kitabın yazılmasında Azərbaycanın bir çox hörmətli insanları, incəsənət xadimlərinin böyük rolu olub”.

O, bu işdə əməyi olan Beynəlxalq Muğam Mərkəzinin rəhbəri Xalq artisti Murad Hüseynova, “Mədəniyyət” kanalının rəhbəri Əməkdar artist Ramil Qasımova, kitabın redaktoru, akademik Nizami Cəfərova öz təşəkkürünü bildirib.

Sənətkarın nəticəsi qeyd edib ki, ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevaya Muğam Mərkəzini yaratmaqla Azərbaycan xalqını öz kökünə bağlayıb. Məhz Muğam Mərkəzi sayəsində azərbaycanlılar musiqi keçmişini unutmur və yaranmış imkanlara görə öz musiqi tarixini gələcək nəsillərə daşıyır.

Tədbirdə çıxış edən akademik Nizami Cəfərov bildirib ki, Kor Əhəd qarmonu Azərbaycan musiqisinə uyğunlaşdıran ilk musiqiçidir. Qeyd edib ki, ötən əsrin 60-cı illərində qarmon dəbdə olduğundan çoxsaylı qarmonçular yetişib və onlar Əhəd Əliyevin sənətini davam etdiriblər.

Xalq artisti Ənvər Sadıqov bildirib ki, Kor Əhədin çalğısı məlahətli olduğundan vokalçıya artıq ehtiyac qalmayıb. O, özündən sonra Teyyub Dəmirov, Aftandil Sadıqov, Məmmədəli Abdullayev və s. məşhur ifaçılar yetişdirib.

Əməkdar artist, qarmon ifaçısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Zakir Mirzəyev bildirib ki, Əhəd Əliyevi haqqında nə qədər danışılsa, kitablar yazılsa yenə azdır. Onun Azərbaycan musiqi aləmində çox müstəsna yeri var. Yeni üslubda ifa edirdi. Hələ dörd yaşında olanda ona qarmon bağışlamışdılar ki, bəlkə gözlərinin yoxluğunu hiss etməsin. Tələbələri da onun üslubunu yaxşı mənimsəyib və yaxın, uzaq məmləkətlərdə Azərbaycan musiqisini uğurla təbliğ ediblər.

Bildirilib ki, Azərbaycanda qarmon musiqi alətinin inkişafı və təşəkkülündə unudulmaz ifaçının böyük əməyi olub. Məhz onun sayəsində qarmon əsl Azərbaycan musiqi alətinə çevrilib və 1932-ci ildə Əhəd Əliyevin təşkilatçılığı və rəhbərliyi ilə Azərbaycanda ilk dəfə “Şərq qarmonçalanları” ansamblı yaradılıb.

“Qarmonun əfsanəsi” adlı kitab Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə “Təhsil” Nəşriyyat-Poliqrafiya MMC tərəfindən nəfis tərtibatda çap edilib.

 

Baxış sayı: 8534