XƏBƏRLƏR
MƏLUMAT
“Əbədiyyət üfüqündə doğmuş eşq günəşi”
ÜMÜMİ XƏBƏRLƏR
29/05/2019 13:32

Mayın 29-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon MKS-nin 2 saylı filialı şair İmaməddin Nəsiminin 650 illiyi münasibəti ilə 170 saylı məktəbin şagirdləri ilə birlikdə  “Əbədiyyət üfüqündə doğmuş eşq günəşi” başlıqlı sərgi  və tədbir keçirib.

Tədbiri giriş sözü ilə “Abonement” bölməsinin müdiri S.Əliyeva açaraq bildirib ki, İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşəri mədəniyyətə bəxş etdiyi qüdrətli söz ustalarındandır. O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalaraq bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirib.

İmadəddin Nəsiminin adı həqiqət naminə, fikir azadlığı yolunda qəhrəmanlığın rəmzi kimi əbədiləşib, əsrlərdən bəri Şərq xalqlarının yaddaşında yaşamaqdadır.

Böyük şair və mütəfəkkir İmadəddin Nəsimi Azərbaycan ədəbiyyatı tarixində anadilli şeirin əsasını qoyan məhəbbət və gözəlliyi tərənnüm edən bir sənətkar kimi əbədiləşib. Anadilli ədəbiyyatı biz bir binaya bənzətsək, Nəsimi həmin binanın özülü, bünövrəsi olar. Adı dünyanın ölməz sənətkarları sırasında şərəfli yer tutan, poeziyamızda yeni, çox əlamətdar bir dövrünün başlanğıcı olan, Azərbaycan dilini ədəbi-bədii dil səviyəsinə yüksəldən qüdrətli sənətkar İmadəddin Nəsimi zəngin irs qoyub. Nəsimi öz mərdanə ölümü ilə düşmənlərini belə təəccübləndirib, insanların qəlbində əsrlərlə yaşamasına zəmin yaradıb. Nəsiminin adı mərdlik və yenilməzlik simvolu kimi yaşamaqdadır.

Deyilənə görə ölüm ayağında belə dözüm və mətanəti qarşısında sarsılan ruhanilər istehza ilə ondan soruşurlar: “Sən ki, haqsan, bəs niyə qanın axdıqca saralırsan?” Nəsimi qürurla cavab verir: “Bəli, rəngim saralır. Mən əbədiyyət üfüqlərində doğmuş eşq günəşiyəm. Günəş qürub edəndə saralar.”

İmadəddin Nəsiminin ölməz irsi Azərbaycan xalqının milli-mənəvi varlığının və böyük ideallarının, duyğu və düşüncəsinin zəngin və tükənməz xəzinəsidir. 

Sonra söz şagirdlərə verilib .Onlar şairin qəzəllərini söyləyib və qəzəllərindən ibarət səhnə  göstəriblər.

 

Baxış sayı: 3213