XƏBƏRLƏR
MƏLUMAT
Dünyaya “Özgə vaxt”dan baxan sənətkar
ÜMÜMİ XƏBƏRLƏR
19/03/2021 01:18

Bu gün tanınmış kinorejissor, kinooperator, Azərbaycanın Əməkdar incəsənət xadimi, Azərbaycan Peşəkar Kinorejissorlar Gildiyasının sədri Hüseyn Mahmud oğlu Mehdiyevin doğum günüdür.

Hüseyn Mehdiyev 1945-ci il mart ayının 19-da Şəki şəhərində anadan olub. 1977-ci ildə Moskvada Ümümittifaq Dövlət Kinematoqrafiya İnstitutunun operatoluq fakültəsini bitirib. Həmin ildən C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında bir sıra sənədli və bədii filmlərin quruluşçu-operatoru, 1984-cü ildən quruluşçu rejissor kimi fəaliyyət göstərir.

Rejissorun çəkdiyi "Dissonans", "Ancaq adanı özünlə apara bilməzsən", "Özgə vaxt" filmləri Berlində, Madriddə, Moskvada, Daşkənddə, Ankarada, İtaliyada keçirilən kinofestivallarda müxtəlif mükafatlara layiq görülüb.

"Dissonans", "Şuşa", "Təkcə adanı özünlə apara bilməzsən", "Süd dişinin ağrısı", "Babamızın babasının babası", "İşgüzar səfər", "Qəm pəncərəsi", "Qoca palıdın nağılı", "Şəhərli biçinçilər", "Səhnədə keçən həyat", "Mirzə Fətəli Axundov", "Süni bənövşələr", "Şahid qız", "Özgə vaxt", "Məkanın melodiyası" və s. sənədli və bədii filmlərin quruluşçu rejissoru və quruluşçu operatorudur.

Hüseyn müəllim haqqında yazarkən göz önündə ilk növbədə ciddi, nizam-intizamı sevən, peşəkar bir insan portreti canlanır. Lakin bu "sərt" cizgilərin arasında onun həssas, insanlara qayğıkeş münasibəti, ailəcanlılığı bu portretə incəlik gətirir. Bütün bunlar Hüseyn Mehdiyevin həyata baxışı və sənətə yanaşması ilə cilalanaraq, mükəmməl bir sənət əsərinə çevrilir.

Kinorejissor yaradıcılığa operator kimi başlayıb və onun müxtəlif planlarla işləmək xüsusiyyəti, məqamı görmək və tutmaq anı, insan xarakterini bütün rakurslardan təqdim etməklə, onun daxili aləmini nümayiş etdirmək və tamaşaçıya qəhrəmanına hərtərəfli yanaşmaq imkanı verməsi, məncə, Hüseyn Mehdiyevin çəkdiyi kino əsərlərinin əsas keyfiyyətidir.

Peşəsinə kreativ yanaşan, hər işi qanun və qaydalar çərçivəsində, etik və mənəvi dəyərləri yüksək tutaraq görən Hüseyn müəllimin yaradıcılığında demək istədiyi sözü, zamana etirazı, həyata baxışı isə rəmzlərin, musiqinin, bədii təsvirin və görüntünün dili ilə ifadə olunur.

Çərçivəyə sıxılmış insanın bir anlıq azadlıq eşqi, onun həyata atılmaq arzusu və bunun müqabilində özünə olan münasibətinin dəyişməsi xırda bir eyhamla "Özgə vaxt" filmində əqrəbləri olmayan saatla bizə çatdırılır. Film boyu isə biz Hüseyn Mehdiyev və Ramiz Rövşən tandeminin dünyaya səsini qəhrəmanların hərəkətləri, bəstəkar Azər Dadaşovun simfonizmi ilə müşahidə edirik.

Filmin uğuru yaradıcı heyətin bir-birini anlamasından və ruh birliyindən formalaşır. Hüseyn müəllimin kino yaradıcılığında ən böyük qələbəsi də məhz həmfikirləri ilə birlikdə çalışmasıdır. Bu həm də poetikliyin, realizmin, dünyaya baxarkən ən kiçik xırdalığı belə görmək qabiliyyətinin bir insanda toplaşmasından irəli gəlir. Müsahibələrdən birində Hüseyn Mehdiyev jurnalistin filmlərin adında poetikliyin nəzərə çarpması haqqında qeydinə belə cavab verib: "Bəli, bu, sırf öz təbiətimdən, ailəmdən gələn cəhətdi - bir ailənin üzvləri arasında həm jurnalistin, həm şairin, həm də rəssamın olması dünyaya daha poetik, hətta fəlsəfi nəzərlə baxmağa sövq edir. Mənim müxtəlif festivallarda mükafatlara layiq görülmüş "Dissonans", "Təkcə adanı özünlə apara bilməzsən" filmlərimin nominasiyasında da məhz bu cəhət qeyd olunub".

"Ətraf mühitdən xəbərdar olmaq, yeni adlar, təzə cərəyanlarla tanışlıq yaradıcı imkanların inkişafını təmin edən amillərdən ən vacibidir. Axı plankanı yüksəltmək üçün dünyaya açıq olmalısan" -kinorejissor Hüseyn Mehdiyev rəhbərlik etdiyi Azərbaycan Peşəkar Kinorejissorlar Gildiyasında bu missiyanı davam etdirir və gənc rejissorlarımızı bu yönə istiqamətləndirir.

Baxış sayı: 380