Dərbənddə “Nəsimi ili-Nəsimi dili” tamaşası təqdim olunub

İyunun 10-da Dərbənddə Bakı Uşaq Teatrının böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş “Nəsimi ili-Nəsimi dili” kompozisiya- tamaşası təqdim olunub.

Uşaq Teatrının bu qədim şəhərə qastrol səfəri Dərbənddəki Azərbaycan Dövlət Dram Teatrının (ADDT) və Dərbənd Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin dəvətilə baş tutub. Dram Teatrının direktoru Firdovsi Əsgərov, quruluşçu rejissoru Yaqut Xandadaşova, Dərbənd Şəhəri Dairəsi Administrasiyasının başçısının müavini Vidadi Zeynalov, şəhər mədəniyyət, idman, gənclər siyasəti və turizm idarəsinin baş mütəxəssisi Gülpəri Mirzəbalayeva, Dərbənd Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Telman Tahirli qastrola gəldiklərinə, öz sənətkarlıqlarını nümayiş etdirdiklərinə, Nəsimi poeziyasına bir daha dalmaq imkanı yaratdıqlarına görə Bakı Uşaq Teatrının kollektivinə minnətdarlıqlarını bildiriblər.

İ.Soltan öz növbəsində direktor F.Əsgərova, baş rejissor Sərvər Əliyevə, Dağıstan Respublikasının əməkdar artisti Əlimövsüm Abasova, aktyor Sərxan Səmədova, Dərbənd Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Telman Tahirliyə diplomlar təqdim edib.

Tədbir tamaşaçıların marağına səbəb olub və alqışlarla qarşılanıb.

Xatırladaq ki, bu ilin aprelində Bakıda  Bakı Uşaq Teatrı tərəfindən görkəmli şair və mütəfəkkir İ.Nəsiminin yubileyi münasibətilə keçirilən beynəlxalq “Nəsimi ili – Nəsimi dili” festivalında müxtəlif ölkə və şəhərlərin teatr kollektivləri, o cümlədən Dərbəndin Azərbaycan Dövlət Dram Teatrı da iştirak edib.