XƏBƏRLƏR
MƏLUMAT
“Çölçü” Dumbo Film Festivalının müsabiqə proqramına daxil edilib
ÜMÜMİ XƏBƏRLƏR
16/05/2019 09:57

Azərbaycan rejissoru Şamil Əliyevin “Çölçü” bədii filmi Dumbo Film Festivalının (Nyu-York, ABŞ) müsabiqə proqramına daxil edilib. Ümumilikdə Festivala 36 ölkədən 354 müraciət daxil olub.

Trend Life-ın məlumatına görə, “Çölçü” filmi son illər Azərbaycanda məkilən və beynəlxalq miqyasda nümayiş olunan ən tanınmış filmlərdəndir. O 5 qitədə və 50-yə yaxın beynəlxalq kinofestivallarda tamaşaçılara təqdim edilib, “Ən yaxşı bədii film”, “Ən yaxşı rejissor”, “Ən yaxşı aktyor”, “Ən yaxşı aktrisa”, “Ən yaxşı ssenari” və s. nominasiyalarda çoxsaylı mükafatlar alıb. Antonioni və Tarkovski adına mükafatların nominantı, Jan Lük Qodar və İnqmar Berqman mükafatının qalibidir. Film “Oskar-2014” kino mükafatına namizədlərin “Ən yaxşı xarici dilli film” nominasiyasında long-list-inə daxil edilib.

Filmin süjeti: Şəhərlərdən uzaqda yaşayan, təbiətlə sıx əlaqəda olan gənc Çölçü haqqındadır. Atası (Ulu) ona çöl həyatının özəlliklərini öyrədib. Atasının ölümündən sonra, o tezliklə qəsəbədən gəlmiş  bir qızla tanış olur. Onunla tanışlıq – Çölçünün həyatında yeni səhifə açır, böyük, indiyə qədər ona məlum olmayan həyata addıma çevrilir...

"Çölçü" Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilib. Ssenari müəllifi – Vidadi Həsənov, quruluşçu operator – Rafiq Quliyev, quruluşçu rəssamlar – Rafiq Nəsirov və İbrahim Xəlil Əminov, bəstəkar – Rauf Əliyev, prodüserlər – Müşfiq Hətəmov və Azər Quliyevdir. Rollarda: Bəhruz Vaqifoğlu (cavan Çölçü), Vidadi Həsənov (yaşlı Çölçü), Cavidan Məmmədli (balaca Çölçü), həmçinin Salome Demuria, Vüsal Mehrəliyev və başqaları çəkilib.

 

Baxış sayı: 6113