XƏBƏRLƏR
MƏLUMAT
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Mən bir susmaz duyğuyam ki...” adlı ədəbi-bədii gecə keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
20/05/2019 13:18

Mayın 17-də Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında şair, nasir, dramaturq, teatrşünas, tərcüməçi  Cəfər Cabbarlının anadan olmasının 120 illiyi münasibəti ilə “Mən bir susmaz duyğuyam ki...” adlı ədəbi-bədii gecə keçirilib.

Ədəbi-bədii gecəni  Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyev  açaraq,   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 dekabr 2018-ci il tarixində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, qüdrətli ədib və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120-ci ildönümünün yüksək səviyyədə qeyd olunmasını təmin etmək məqsədi ilə imzaladığı Sərəncamla əlaqədar kitabxanada tədbirlər planı hazırlanmasından və icrasından danışıb.

Kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva “Cəfər Cabbarlı irsinin zənginliyi” mövzusunda çıxışından sonra, kitabxananın 1937-ci ildən fəxrlə görkəmli dramaturqun adını daşımasını bildirib.

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Tahirə Məmməd əsərlərində insanın xarakterini, psixologiyasını formalaşdıran sənətkar kimi Cəfər Cabbarlının Azərbaycan ədəbiyyatı tarixində ölməzlik qazandığını xüsusi vurğulayıb.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, Cənubi Rusiya Humanitar İnstitutunun fəxri professoru,  filologiya üzrə fəlsəfə doktoru, dosent Rasim Nəbioğlu “Cəfər Cabbarlının dramaturgiyası” mövzusunda çıxışını bu irsin mütləq bir çox xarici dillərə tərcümə edilib dünyaya yayılma zəruriliyini qeyd etməklə bitirib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin şöbə müdiri Sənan Talıbov “Cəfər Cabbarlı yaradıcılığının dərin məna daşıması və təbliği” mövzusunda çıxış edib.

AMEA-nın aparıcı elmi işçisi Xədicə İsgəndərli Cəfər Cabbarlı poeziyasından danışarkən onun “Ana” şerinin əzəmətini xüsusi qeyd edib. Çıxışının sonunda kitabxanaya bir neçə qiymətli kitab hədiyyə verib.

Cəfər Cabbarlının  ev-muzeyinin direktoru Qəmər Seyfəddinqızı Cəfər Cabbarlı yaradıcılığına xalqımız tərəfindən verilən yüksək qiymətə və adını yaşatdığına görə təşəkkür edib.

Azərbaycan Dövlət Milli Konservatoriyanın müəllimi, sənətşünaslıq üzrə elmlər doktoru Abbasqulu Nəcəfzadə, “Manera az” sytının baş redaktoru, yazıçı, jurnalist Şəhla Aslan, Cabir Novruz Mədəniyyət Fondunun üzvü, mədəniyyət işçisi Kəmaləddin Məmmədov  şair, dramaturq Cəfər Cabbarlının yenilik və müasirlik uğrunda mübarizəni bütün yaradıcılığının əsas qayəsinə çevirməsindən, qadın azadlığını dramaturgiyasının əsas mövzusu seçməsindən, teatra böyük qiymət verməsindən danışıblar.

İncəsənət Gimnaziyasının, Yasamal rayonu 176 saylı tam orta məktəbin şagirdləri “Azərbaycan oğluyam”, “Anam Azərbaycan”, “Xatırlayarsan məni” mahnılarını ifa etdilər, Cəfər Cabbarlının “Ölkəm”, “Mənim tanrım”, “Həyat, söylə sən kiminsən” şerlərini söyləyiblər.

Ədəbi-bədii gecədə həmçinin, Bakı İslam Universitetinin kafedra müdiri, “Milli Mənəvi Dəyərlərimizə Dəstək” ictimai birliyinin sədri, Beynəlxalq Təhsil Akademiyasının müxbir üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru  Elvin Talışinski, “Milli Mənəvi Dəyərlərimizə Dəstək” ictimai birliyinin sədr müavini Qorxmaz Paşayev, iqtisadçı Xeyransa Hüseynova, Bakı Dövlət Universitetinin,  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri iştirak ediblər.

Tədbirin sonunda İncəsənət Gimnaziyasının, Yasamal rayonu 176 saylı tam orta məktəbin şagirdləri kitabxana tərəfindən Fəxri Fərmanlarla mükafatlandırılıb, “Azərbaycan dramaturgiyasının korifeyi“ adlı kitab sərgisinə baxış keçirilib.

Baxış sayı: 57643