XƏBƏRLƏR
MƏLUMAT
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 15 iyun Milli Qurtuluş günü münasibəti ilə “Milli qurtuluş, milli azadlıq” mövzusunda ədəbi-bədii gecə
ÜMÜMİ XƏBƏRLƏR
14/06/2019 15:16

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında iyunun14-də 15 iyun Milli Qurtuluş günü münasibəti ilə “Milli qurtuluş, milli azadlıq” mövzusunda ədəbi-bədii gecə keçirilib.

Tədbir ümummilli lider Heydər Əliyevin əbədi xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra başlayıb. Tədbiri Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyev giriş sözü ilə açıb.O,1993-cü ildə xalqın xahiş və tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişafın dövlətimizin  möhkəmləndirilməsində, xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rolundan danışıb.

Kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva ümummilli lider Heydər Əliyevin öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruması, respublikada ictimai-siyasi böhranı aradan qaldırması və inkişafın təməlini qoyması mövzusunda çıxış edib.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Yeni Dövr Azərbaycan Ədəbiyyatı İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Xədicə İsgəndərli Azərbaycanda müstəqil dövlətçilik ənənələrinin formalaşmasında ən mühüm nailiyyətlərin əldə edilməsində Heydər Əliyevin misilsiz xidmətlərinin müstəsna əhəmiyyəti haqqında məruzə edib. Çıxışının sonunda Salatın Əhmədovanın “Heydər Əliyev və ədəbi-tarixi proses” kitabını kitabxanaya hədiyyə verib.

AMEA-nın Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov Azərbaycanın xilaskarı məfhumunun yalnız Heydər Əliyevə aid olmasından, sovet dövründən əvvəl və sonrakı illər ərzində yalnız doğma vətəninin rifahını, müstəqilliyini, azadlığını, gələcəyini düşünməsindən danışıb.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, aktrisa Zülfiyyə Eldarqızı milli qurtuluşumuzun banisi Heydər Əliyevin yaratdığı ən böyük əsərin çiçəklənən Azərbaycan olduğunu qürurla bildirəndən sonra Xədicə İsgəndərlinin “Xeyirxah ömrün işığı” poemasından bir parça və Xəlil Rzanın “Azərbaycan oxusun” şerini söyləyib.

Tədbirdə həmçinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət Üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin əməkdaşı Kəmalə Şahverdiyeva, AMEA-nın Fəlsəfə İnstitutunun əməkdaşları Lalə Mehdiyeva, Leyla Həmidova, BDU-nun tələbələri iştirak ediblər.

Tədbir boyu “Ümummilli lider Heydər Əliyev” adlı video slayd nümayiş olunub.Tədbirin sonunda “Xilas günü,- Milli Qurtuluş” adlı kitab sərgisinə baxış keçirilib.

Baxış sayı: 32423