XƏBƏRLƏR
MƏLUMAT
“CASPİAN ÉTUDE” Gənc Pianoçuların Birinci Beynəlxalq Müsabiqəsinin gündəliyi açıqlanıb
ÜMÜMİ XƏBƏRLƏR
21/05/2019 11:59

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə 1-6 iyun 2019-cu il tarixlərində Bakıda “CASPİAN ÉTUDE” I Beynəlxalq Gənc Pianoçular Müsabiqəsi keçiriləcək.

Müsabiqə Azərbaycan bəstəkarlarının yaradıcı irsini, Azərbaycan musiqisini tanıtmaq, gənc, istedadlı musiqiçiləri aşkar etmək və dəstəkləmək, aparıcı müəllimlərin yenilikçi ideyalarının və təcrübələrinin mübadiləsi, həmçinin iştirakçı-ölkələr arasında beynəlxalq mədəni əlaqələrin möhkəmləndirilməsi məqsədi daşıyır. Müsabiqədə iştirak gənc musiqiçilərin fərdi yaradıcılığının inkişafını, həmçinin onların ifaçılıq vərdişlərinin gələcəkdə təkmilləşdirilməsini, konsert və pedaqoji repertuarlarının dünyada məşhur olan ən yaxşı klassik musiqi nümunələri ilə zənginləşməsini təşviq edəcək.

16 yaşına qədər iştirakçılar arasında, dörd yaş kateqoriyasında keçiriləcək müsabiqədə musiqi və incəsənət məktəblərinin, ixtisaslaşmış musiqi təhsili müəssisələrinin və musiqi kolleclərinin tələbələri iştirak edəcəklər.

“CASPİAN ÉTUDE” I Beynəlxalq Gənc Pianoçular Müsabiqəsində gənc istedadları Joakin Rodriqo adına Valensiya Musiqi Konservatoriyasının professoru Marina Bleyns (İspaniya), Sveşnikov adına Dövlət Akademik Rus Xorunun konsertmeysteri Nikita Volov (Rusiya), tanınmış pianoçu Marko Frey və Azərbaycanın Xalq artisti, beynəlxalqa mükafatlar laureatı Murad Hüseynovdan ibarət Beynəlxalq Münsiflər Heyəti qiymətləndirəcək.

İyunun 1-də Beynəlxalq Muğam Mərkəzində müsabiqənin təntənəli açılışı və 1-ci qrupun iştirakçılarının çıxışları dinləniləcək. Yaş qrupları üzrə dinləmələr 2-3 iyun tarixlərində davam edəcək.

İyunun 3-də Müsabiqə proqramında Münsiflər Heyəti üzvlərinin konsertinin keçirilməsi də nəzərdə tutulub.

“CASPİAN ÉTUDE” I Beynəlxalq Gənc Pianoçular Müsabiqəsinin sonuncu günü, iyunun 4-də müsabiqə iştirakçıları Münsiflər Heyətinin üzvlərinin ustad dərslərində iştirak edəcək, axşam isə müsabiqənin rəsmi bağlanışı, qaliblərin mükafatlandırma mərasimi və laureatların qala konserti olacaq.

Ətraflı məlumatı Beynəlxalq Müsabiqənin rəsmi internet səhifəsindən http://www.caspianetude.az/ əldə edə bilərsiniz.

Beynəlxalq Müsabiqədə iştirak edəcək yerli və xarici istedadlara qələbə sevinci və yeni-yeni uğurlar arzulayırıq.

“CASPİAN ÉTUDE” I Beynəlxalq Gənc Pianoçular Müsabiqəsinin informasiya dəstəkyi Trend, Day.az və Milli.az-a məxsusdur. 

Baxış sayı: 50759