XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Salman Mümtazın doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
20/05/2019 13:13

Salman Məmmədəmin oğlu Əsgərоv (Salman Mümtaz) 1884-cü il mayın 20-də Nuxa (indiki Şəki) şəhərində anadan olub. Kiçik yaşlarında ailəsi ilə birlikdə Aşqabad şəhərinə köçdüklərindən uşaqlıq dövrü orada keçib, ibtidai təhsilini Mirzə Əsədullanın məktəbində alıb.

Ticarətlə məşğul olsa da, Zaqafqaziyanın ictimai mədəni həyatı, dövri mətbuatı ilə ciddi maraqlanıb, burada çıxan qəzet və jurnalların, xüsusən “Molla Nəsrəddin”in Türkistan, Ural və Sibir üzrə müvəkkili olub. “Molla Nəsrəddin”, “Zənbur”, “Kəlniyyət”, “Tuti”, “Qardaş köməyi” jurnallarında, “Günəş”, “Səda”, “Tərəqqi”, “İqbal”, “Yeni iqbal”, “Açıq söz” və s. qəzetlərdə satirik şeirləri, məqalələri, məktubları və mənzum felyetonları dərc olunub.

“Kommunist” qəzeti redaksiyasında əməkdaşlıq etdiyi illər “Azərbaycan ədəbiyyatı” seriyasından “Ağa Məsih Şirvani”, “Molla Pənah Vaqif”, “Nişat Şirvani”, “Qövsi”, “Qasımbəy Zakir”, “Mirzə Şəfi Vazeh” və s. kitablarını nəşr etdirib.

1927-1928-ci illərdə Azərbaycan Dövlət Nəşriyyatında klassik irs şöbəsinin müdiri işlədiyi zaman “Baba bəy Şakir”, “El şairləri” (iki cilddə), “Aşıq Abdulla”, “Mehdi bəy Şəqaqi”, “Ağa Bağır Şirvani”, “Mirzə Nəsrulla bəy Didə” adlı kitablarını müqəddimə və şərhlərlə nəfis şəkildə çap etdirib.

1927-1935-ci illərdə “Molla Pənah Vaqif”, “Şeirlər” (Sarı aşıq), “Azərbaycan ədəbiyyatı”, “El şairləri”, “Sarı aşıq və bayatıları” kitablarını tərtib edib müqəddimə ilə nəşr etdirib.1934-cü ildə Sovet Yazıçılarının Birinci Ümumittifaq qurultayına nümayəndə seçilib.

Salman Mümtaz 1937-ci il oktyabr ayının 8-də həbs olunub,1941-ci il sentyabr ayının 6-da qətlə yetirilib. Azərbaycan ədəbiyyatı qarşısındakı xidmətləri nəzərə alınaraq ulu öndər Heydər Əliyevin 13 sentyabr 1996-cı il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə Salman Mümtazın adı verilib.

Baxış sayı: 6976