XƏBƏRLƏR
MƏLUMAT
Bu gün İsa Muğannanın (Hüseynov) doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
12/06/2019 10:16

Bu gün İsa Muğannanın anadan olmasının 91-ci ildönümü tamam olub. Onun haqqında dünya şöhrətli yazıçı Çingiz Aytmatov “Bizim hamımız İsa Muğannadan təsirlənmişik və öyrənmişik” deyib.

İsa Hüseynov 1928-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində dünyaya gəlib. Atası Mustafa kişi müəllim olub. O, Nəriman Nərimanov adına Tibb İnstitutuna qəbul olunsa da, 4 ay sonra kəndə qayıdıb. Özünün dediyinə görə, bir müəllimin acı sözü onu bu fikrə düşməyə məcbur edib. Sonradan Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunub. Təhsilini Xalq yazıçısı Mehdi Hüseynin məsləhəti ilə Moskvadakı Maksim Qorki adına Ədəbiyyat İnstitutunda davam etdirib.

Əmək fəaliyyətinə Azərbaycan Dövlət Nəşriyyatının ədəbiyyat şöbəsində redaktor kimi başlayan İsa Hüseynov “Literaturnıy Azerbaydjan” jurnalının redaksiyasında nəsr şöbəsinin müdiri, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında redaktor, baş redaktor və ssenari kollegiyasının üzvü, Azərbaycan Kinematoqrafiya Komitəsində baş redaktor vəzifəsində çalışıb. İsa Muğanna 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının üzvü seçilib.

İ.Muğanna 1948-ci ildən ədəbi fəaliyyətə başlayıb, “Anadil ötən yerdə” adlı oçerki ilk dəfə 1949-cu ildə “İnqilab və mədəniyyət” jurnalında çap edilib. 1950-ci ildən etibarən kitabları nəşr olunmağa başlayıb. Bir-birinin ardınca “Bizim qızlar”, “Dan ulduzu”, “Hekayələr”, “Yanar ürək”, “Doğma və yad adamlar”, “Teleqram”, “Tütək səsi”, “Pyeslər”, “Kollu koxa”, “Ömrümdə izlər”, “Saz”, “Məhşər”, “İdeal”, “Türfə”, “Qəbiristan”, “Cəhənnəm”, “İsahəq-Musahəq” və digər kitablarını oxucularına təqdim edib. Hər əsəri bir ədəbi hadisə olan yazıçının ssenariləri əsasında filmotekamızın qızıl fondunu bəzəyən “Nəsimi”, “Ulduzlar sönmür”, “Qərib cinlər diyarında” və s. filmləri ekran üzü görüb.

O, Xalq yazıçısı fəxri adına, orden və medallara, Dövlət mükafatına layiq görülüb, Müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatı “İstiqlal” ordeni ilə təltif edilib. Prezident İlham Əliyevin “İsa Muğannanın 90 illik yubileyinin keçirilməsi haqqında” müvafiq Sərəncamına əsasən görkəmli yazıçının yubileyi ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd edilib.

Görkəmli yazıçı 2014-cü ilin aprelin 1-də ömrünün müdriklik çağında 85 yaşında Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub. Ədəbiyyatımızda özünəməxsus məktəb yaratmış, ürəklərdə özünə mənəvi heykəl ucaltmış görkəmli nasir, ssenarist, səmimi və təvazökar insan İsa Muğannanın işıqlı xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.

Baxış sayı: 55233