XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Hüseyn Məmmədəli oğlu İbrahimovun doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
23/05/2019 09:10

Hüseyn Məmmədəli oğlu İbrahimov 1919-cu il mayın 23-də Naxçıvan MR-nın Şərur rayonunun Şahtaxtı kəndində anadan olub. Kənd yeddiillik məktəbini bitirdikdən sonra Naxçıvan Pedaqoji Texnikumunda, 1953-1958-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsində təhsil alıb.

1941-1943-cü illərdə indiki Şərur rayonu komsomol komitəsinin birinci katibi, 1943-1947-ci illərdə Naxçıvan vilayət komsomol komitəsinin katibi, 1947-1949-cu illərdə “Şərq qapısı” qəzetinin redaktor müavini, 1949-1954-cü illərdə isə Naxçıvan Nazirlər Soveti yanında Radio Verilişləri Komitəsinin sədri işləyib.

1954-1960-cı illərdə Azərbaycan Yazıçılar İttifaqı Naxçıvan filialının sədri, 1960-1961-ci illərdə Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsində mühazirəçilər qrupunun rəhbəri, 1961-1965-ci illərdə “Şərq qapısı” qəzetinin redaktoru olub, 1963-cü və 1967-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçilib. 1965-1970-ci illərdə Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsində təbliğat və təşviqat şöbəsinin müdiri, 1970-1975-ci illərdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri vəzifələrində çalışıb.

Ədəbi fəaliyyətə 1944-cü ildə “Ədəbiyyat qəzeti”ndə çap olunan “O, düşməndə qoymadı anasının qanını” adlı ilk şeiri ilə başlayıb. Bundan sonra öz hekayələrini dövri mətbuatda müntəzəm olaraq çap etdirib. “Qu quşları öləndə oxuyurlar” əsərini və Hüseyn Cavidə həsr etdiyi “Böhtan” romanını 1998-ci ildə başa çatdırıb.

Yazıçı həm komediya, həm də faciə janrında mükəmməl əsərlər yaradıb. “Əsrin onda biri”, “Günəş doğan yerdə”, “Bahar yağışı” romanlarının, “Göyərçinin məhəbbəti”, “Səhv edəndə”, “Baharın hekayəsi” povestlərinin, “Şirin xatirə”,“Qumralın məktubları”, “Təmiz adam”, “Kənd həsrəti”, “Arxayın Məmməd”, “Qadın nəfəsi”, “Vicdan səsi”, “Köhnə onluq” hekayələrinin müəllifidir.

Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə beş medalla, 1994- cü ildə “Şöhrət” ordeni ilə təltif edilib, 1998-ci ildə Azərbaycanın “Xalq yazıçısı” fəxri adına layiq görülüb. 2002-ci ildə Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü olub. Hüseyn İbrahimov 2008-ci il aprel ayının 10-da vəfat edib.

Baxış sayı: 53633